Sosial / Slayd (25-03-2016, 15:16)
Sevindik Hətəmov iki müavinini niyə iclasdan qovdu?
Bu yaxınlarda Salyan rayonuna icra başçısı təyin olunmuş Sevindik Hətəmov prezidentin etimadını doğrultmaq üçün əhali ilə görüşlərə başlayıb.
Mediatv.az xəbər verir ki, rayondakı mənbələrin Miq.az-a verdiyi məlumata görə, Sevindik Hətəmov şəxsən özü şikayətçiləri qəbul edir. Və hətta şikayətçilərin hər şeyə görə icra hakimiyyətinə gəlməməsi üçün əlavə tədbirlər də görür. Belə ki, şikayətlərin ünvanını yerli sakinlərə göstərərək bəzi maarifləndirmə işləri də aparır. Məsələn, kimlərsə sosial müavinət problemi ilə bağlı İcra Hakimiyyətinə müraciət edirsə, Hətəmov sosial problemlərlə bağlı idarənin ünvanını onlara göstərir.
Miq.az-a məlumat verən mənbə bildirib ki, Sevindik Hətəmovun bu görüşləri və gördüyü işlər bir sıra məmurların narazılığı ilə qarşılanır. Hətta bəzi yerli məmurlar icra başçısının əhali ilə təmasa keçməsinə əngəl olmağa çalışır. Onlar hesab edir ki, icra başçısı əhali ilə yaxın təmas qurduqdan sonra müəyyən şikayətlər səbəbindən vəzifələrini itirə bilərlər.
Ötən günlərdə isə icra başçısının keçirdiyi iclasların birində skandal yaşanıb. Məlumatda deyilir ki, iclas zamanı Sevindik Hətəmovun Etibar adlı müavininə zəng gəlib və müavin başçının yanında telefona cavab verib. Bu da Sevindik Hətəmovun xoşuna gəlmədiyindən müavininə irad tutaraq onu zaldan qovub. Bu olay isə digər müavin Rəşad Cəbrayılovun xoşuna gəlməyib və icra başçısı ilə mübahisə edib.
Mənbə bildirir ki, Rəşad Cəbrayılov Sevindik Hətəmova Etibarı iclasdan qovduğunu irad tutub. Cəbrayılovun icra başçısına irad tutması və özünü belə müştəbeh aparması yeni bir mübahisəyə səbəb olub. İcra başçısı Rəşad Cəbrayılova özünü Salyanın başçısı kimi aparmamağı, xüsusən də rəhbər-müavin münasibətlərindəki rəsmi qayda-qanuna riyayət etməyi tələb edib. Amma Cəbrayılov mübahisəni davam etdirib. Nəticədə Hətəmov əsəbiləşərək Cəbrayılovu da iclasdan qovub və ona xəbərdarlıq edib ki, bütün bu mənfi hərəkətlərinə son qoymasa, onunla bağlı ölçü götürəcək.
Məlumatda deyilir ki, Sevindik Hətəmovun Rəşad Cəbrayılovla münasibətlərinin düzələcəyi sual altındadır. İcra başçısının özünü rayonun böyüyü kimi aparan belə bir müavinlə bir yerdə işləməyi artıq inandırıcı görünmür. Hətta ehtimal olunur ki, Hətəmovun müavini ilə bağlı Prezident Adminstrasiyasına müraciət də edəcəyi gözlənilir.
Görünən odur ki, Salyanda sular hələ uzun müddət bulanıq axacaq və rayondakı kadr islahatları ciddi rezonansla yadda qalacaq.
Mövzunu diqqətdə saxlayacağıq.
Adları çəkilən şəxslərin fikirlərini də dinləməyə hazırıq.