Sosial / Slayd (31-01-2016, 10:22)
ELTON MƏMMƏDOVUN İCRA BAŞÇILARI İLƏ YOL BİZNESİ-ÖZƏL
Hazırki böhran şəraitində buna Vətənə, xalqa, prezidentə xəyanətdən başqa bir ad vermək olmaz
Sadiq oxucularımız xatırlayarlar: Mediatv.az saytında "Yardımlının yardıma ehtiyacı olan kəndində faydalı qazıntılar" sərlövhəli məqalə təqdim olunmuşdu. Bildirmişdik ki, qeyri-leqal biznes rayonun Tilə kəndini rayon mərkəzindən, eləcə də respublikanın digər rayonlarından təcrid edib.
Xəbər vermişdik ki, Masallı – Yardımlı şosse yolunun 19-cu kilometrliyindən başlayaraq iritonnajlı yük maşınlarının yük daşıması, qəzalı vəziyyətdə olan Masallı və Yardımlı rayonlarını birləşdirən körpü üçün böyük təhlükə yaradır, torpaq sürüşmələri baş verir, yol nahiyəsi bunca ağır yük maşınları üçün nəzərdə tutulmadığından asfalt örtüyü dağılır, 70-80 min vətəndaş blokada şəraitinə düşür.
Vəd etmişdik ki, sözügedən məsələyə “Azəryolservis” ASC-nin rəhbərliyinin, Masallı və Yardımlı rayon İcra Hakimiyyəti orqanlarının bu məsələyə diqqətini yönəltməyə, həmçinin niyə vergi orqanlarının heç kəsdən gizlənməyən, açıq-aşkar “qara iqtisadiyyat” nümunəsi olan fəaliyyət növündən əldə olunan gəlirləri vergiyə cəlb etmədikləri müəmmasına aydınlıq gətirməyə çalışacağıq.
Çox təəssüflər olsun ki, adı çəkilən rayon rəhbərlərinin eləcə də bu işlərə cavabdeh olan qurumların çox ciddi bir məsələyə laqeydliyi və ya şəxsi maraqlar çərçivəsində razılıq verməsinə “ad qoymaq” çox çətindir.
Dəqiqləşdirməyə müvəffəq olmuşuq ki, sözügedən ərazidən material daşıyan ağırtonnajlı yük maşınları İpək yolunun çəkilişi ilə məşğul olan "AzPot" və "Koln" şirkətlərinə xidmət edirlər.Mediatv.az-a verilən məlumata görə Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı sabiq deputat Elton Məmmədova məxsus olan bu maşınlar Yardımlı - Masallı yolunun asfalt örtüyünü faktiki olaraq dağıdırlar. Məsələ burasındadır ki, layihədə İpək Yolunun çəkilişində istifadə olunacaq materialların məhz karxana statuslu istismarçıdan alınmasının vacibliyi tələb kimi qoyulub. Aşkar görünür ki, podratçılar öz xərclərini azaltmaq, dövlətdən məqsədli şəkildə ayrılan maliyyə vəsaitini mənimsəmək üçün bu "səmərəli" üsula əl atıblar, bir tərəfdən tikir, digər tərəfdən sökürlər. Gəlin razılaşaq ki, hazırki böhran şəraitində buna Vətənə, xalqa, prezidentə xəyanətdən başqa bir ad vermək olmaz. Maraqlıdır ki, artıq Nəqliyyat Nazirliyinin tabeçiliyindən çıxarılmış "Azəryolservis" QSC-nin rəhbərliyinin məsələyə münasibəti necə olacaq.
Mövzuya qayıdacağıq.