Sosial / Karusel (7-12-2015, 21:33)
«Günəşli»dəki faciəyəyə görə «28 may» NQÇİ-nin rəisi Rövşən Qarayevi ittiham edilir-YENİLƏNİR
«Günəşli» platformasında fəhlə işləyən bir nəfər Həbib Müntəzir adlı facebook istifadəçisinə məktub göndərib və həmin məktub ictimailəşdirilib. Məktubda baş vermiş faciə ilə bağlı olduqca maraqlı nüanslar var. "Təzadlar" həmin məktubu təqdim edir:
“…Təbii faciədir, ruslar edib, külək edib, xarici düşmənlərin əli var” deyəndə, bir daha düşünün:
«Günəşli» yatağında olan özüllərin birində fəhlə çalışıram… 4 dekabr tarixində güclü külək əsirdi. Küləkdən savayı dalğanın hündürlüyü, dənizdə axın surəti də yüksək idi. Hansısa bir qəza hadisəsi baş verməsi qaçılmaz idi. Çünki bütün kollektorlar, sualtı qurğular və bərkitmələr küləyin və dalğanın zərbəsi və axının yaratdığı təzyiqə məruz qalırdı.
Radiorabitədən başqa heç bir əlaqə vasitəsi işləmirdi. Mobil operatorlara bir gün öncə mən tərəfdən zəng olundu və belə bir problemin mövcud olduğu barədə xəbər verildi. Amma şəbəkə dekabrin 2-dən yox idi. Daha sonra 4 dekabr tarixində daxili telefonlardan belə heç bir əlaqə saxlamaq olmurdu. Həmən gün, səhər saatlarında bloklar və idarəarası radiorabitə vasitəsiylə verilən “svodkalar”ı dinləyirdilər. Bizə yalnız nəzarət işlərinin aparılması göstərişi verildi. Bir çox bloklarda artıq küləyin fəsadları haqqında məlumatları eşidirdik. Kollektorlarda olan sualtı bərkitmələr qırılmış və xətlər tərpənməyə başlamışdı. Dalğanın nəticəsində qırılmış xətlər sürtünməyə, döyünməyə başlamışdı.
Bir müddət sonra 10 saylı özüldə kollektorlardan birinin qaz buraxması barədə ratsiya vasitəsiylə “28 may” rəhbərliyinə bu barədə məlumat verildi. Bunu eşidirdik. Lakin rəhbərlikdə bu hadisəyə laqeyd yanaşıldı və adi hal kimi “bir şey olmaz, istehsalı dayandırmayın” xəbəri verildi. Halbuki həmin xətt bağlanmalı idi.
Daha sonra saat 17-18 radələrində gurultu səsi və işıltı müşahidə etdik. Və 10 saylı özülün yandığını gördük. FHN-ə məxsus “Vixr” gəmisi 3 saat ərzində hadisə yerinə gəldi, amma heç bir tədbir görə bilmədi. Dalğanın hündürlüyü 10 metrəyə çatardı. Bu hadisədən sonra özüllərdə xətlərin başqa özüllərə yönləndirilməsi başladı. Gecə saatlarında isə radiostansiya vasitəsilə rəhbərliyə verilən məlumata görə, qayığın birinin qırıldığı bildirildi.
Burada ümumi 13 blok var, ən son bloklar 80-90-cı illərdə qurulub. 7-cindən başqa. Orada da hələ işlər davam edir. Quyular köhnədir, xətlər hamısı köhnədir. Təhlükəsizlik bərbad vəziyyətdədir.”
Nəticə çıxarmağa dəyər.
Təqdim etdi: Məhərrəm