Sosial (12-08-2015, 22:54)
Qaxda sosial yönümli işlər gücləndirilir
Hörmətli Musa Şəkiliyevin rəhbərlik etdiyi Qax rayon sakinləri Avropa Oyunları məşəlinin Qax şəhərinə gətirilməsindən qürur duyduqları sevinci hələ də bir-biriylə bölüşməkdədirlər. Avropa Oyunlarının ilk dəfə ölkəmizdə keçirilməsi hər bir Azərbaycan vətəndaşı kimi qaxlıları da sevindirir. Bu sevinci onlara bəxş etdiyinə görə əllərinə düşən hər fürsəti dəyərləndirib prezidentimizə dərin minnətdarlıqlarını bildirən qaxlılar arzu edirlər ki, bu gün Azərbaycanın gözəl məkanı olan Qaxda yandırılan alov tezliklə Qarabağımızda – Xankəndində, Şuşada, Ağdamda və digər işğal olunmuş şəhərlərimizdə yandırılsın. Xatırladaq ki. Mayın 24-də baş tutan mərasim rayon sakinlərinə və tədbir iştirakçılarına xoş ovqat bəxş etmiş, heç vaxt unudulmayan anlar yaşatmış və atəşfəşanlıqla başa çatmışdı.
Qax rayonu üzrə əsas sosial-iqtisadi göstəricilər yaxşılaşır
Yeri gəlmişkən qeyd edək ki, qaxlıların bayram və əlamətdar günləri,eləcə də möhtəşəm idman və başqa kütləvi tədbirləri yüksək səviyyədə keçirməyə haqları çatır. Azərbaycanın hər bir bölgəsi kimi, Qax rayonunda da regionların inkişafı dövlət proqramlarının icrası rayon iqtisadiyyatının inkişafına, abadlıq quruculuq işlərinin və yeni sosial obyektlərin tikintisinin aparılmasına, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı və sahibkarlara dəstək verilməsi, yeni iş yerlərinin yaradılması, əhalinin məşgulluğunun artırılması və rayon sakinlərinin yaşayış səviyyəsinin yüksəldilməsinə ciddi təkan olmuşdur.
Qax rayonu üzrə əsas sosial-iqtisadi göstəricilər, o cümlədən ümumi məhsul buraxılışının həcmi , sənaye məhsullarının , kənd təsərrüfatı məhsullarının , tikinti işlərinin, əsas kapitala yönəldilən investisiyaların həcmi, nəqliyyat xidməti, rabitə xidməti, ticarət artmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmində, pərakəndə əmtəə dövriyyəsində artım müşahidə olunmuş, orta aylıq nominal əmək haqqı artmışdır.
Əhalinin sosial-məişət problemlərinin öyrənilməsi, bilavasitə yerində həll edilməsi, icra orqanları və digər yuxarı təşkilatlarla əhali arasında daha sıx ünsiyyət yaradılması üçün ərazilərdə mütəmadi keçirilən görüşlərin böyük səmərəsi olur. Bütün məsələlərə diqqətlə yanaşılır və müvafiq tədbirlər görülür. RİH başçısı cənab Musa Şəkiliyev dövlət başçısının tapşırığına əsasən hər həftənin müəyyən olunmuş günü kəndlərdə əhali ilə səyyar görüş-qəbullar keçirir, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası məqsədilə aidiyyatı üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verir.
Qaxın yaxın illərdə gəlirlərinin dahada artacağı proqnoz edilir
Rayonda dövlətin maliyyə siyasəti dürüst həyata keçirilir, büdcə vəsaitlərinin proqnozlaşdırılması və icrasının, yerli xərclərin tərtibinin və xəzinə əməliyyatlarının düzgünlüyü təmin olunur. Rayon Maliyyə İdarəsinin rəhbərliyi ilə maliyyə nəzarətini həyata keçirən mütəxəssislər yerlərdə büdcə uçotunun təlimata uyğun aparılması sahəsində mühasiblərlə maarifləndirmə işləri aparılar. İdarə, müəssisə və təşkilatlar maliyyə intizamına riayət edir, israfçılığa yol verilməməsi üçün Maliyyə İdarəsindən aldıqları tövsiyələrə əməl edirlər. İdarə müdiri,maliyyə mütəxəssisi Rasim Məmmədov nikbinliklə proqnoz edir ki, yaxın illərdə Qax rayonunun inkişafı o səviyyəyə çatacaq ki, yerli xərclər elə yerli gəlirlər hesabına maliyyələşəcək.
Əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılır
Rayon İcra Hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə hər cür, xüsusilə səhiyyə xidmətinin göstərilməsini daim diqqət mərkəzində saxlayır. Onların pulsuz dərman ləvazimatı ilə təmin olunmasına ciddi nəzarət edir.Təcrübəli mütəxəssis Mithad Sayadovun rəhbərlik etdiyi
Dövlət Sosial Müdafiə Fondunun Qax rayon Şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin «Dövlətimizin siyasəti-iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, ilk növbədə sosial problemləri həll etməkdən ibarətdir» - sözlərini deviz götürən Şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar. DSMF-nun səlahiyyətlərinə aid olmayan müraciətlər edən vətəndaşlara isə hüquqi və digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara göndərilir.
Onu da qeyd edək ki, DSMF Qax rayon Şöbəsi xidmət etdiyi sığorta ödəyicisi və pensiyaçıları arasında həm də maarifləndirmə işi aparır.
DSMF Qax rayon şöbəsi tərəfindən iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay-mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər DSMF rayon Şöbəsində yaradılmış «Yardım masası»nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim edirlər.
ƏSMM işini günün tələbləri səviyyəsində qurur.
Ötən 2014 ci il ərzində əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsini gücləndirmək istiqamətində Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının hökumət qərarlarının yerinə yetirilməsi sahəsində təcrübəli mütəxəssis Vüqar Əhmədzadənin rəhbərlik etdiyi Qax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tələb olunan qədər işlər görmüşdür.Qax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi sosial müavinətlərin, uşağın doğulmasına görə birdəfəlik müavinətlərin, Çernobıl əlillərinə, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və sosial ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətləri, dəfn üçün müavinətlər, şəhid ailələrinə, müharibə əlillərinə, Prezident təqaüdünün təyinatı və ödənilməsi vaxtlı-vaxtında həyata keçirilir. Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi gündəlik nəzarətdə saxlanılan məsələlərdən olmuşdur
Təhsilin inkişafı daim diqqət mərkəzində saxlanılır
Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir. Məktəblərdə təlim-tərbiyə günün tələbləri səviyyəsində qurulmuşdur. Şagirdlərin ana dili, Azərbaycan tarixi və Azərbaycan coğrafiyasını dərindən öyrənmələrinə diqqət gücləndirilmişdir. Bu məqsədlə yazılı sorğular, test yoxlamaları, müxtəlif müsabiqə, o cümlədən inşa müsabiqəsi və olimpiadalar, bilik yarışları bilavasitə şagirdlərin iştirakı ilə aktual sayılan mövzulardan praktik konfranslar, ekskursiyalar təşkil olunmuşdur. Fənlərin tədrisini gücləndirmək məqsədilə müxtəlif səpgili tədbirlər keçirilmişdir. Yetişməkdə olan gənc nəsilin vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyə olunması Təhsil Şöbəsi və ümümtəhsil məktəblərinin, eləcə də Gənclər və Idman Idarəsinin ümdə vəzifələridir və bu istiqamətdə işlər aparılır. Məktəblilər arasında Milli qəhrəmanlarımız, doğma torpaqlarımızla bağlı inşalar yazılır, gənclər və yeniyetmə arasında idman yarışları və intellektual müsabiqələr keçirilir. Qaliblər fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif olunurlar. Şagirdlərin hərbi - vətənpərvərlik tərbiyəsini gücləndirmək məqsədilə məktəblilərin hərbi hissələrdə hərbçilərlə görüşləri təşkil olunmuşdur.
Ümidvarıq ki təcrübəli pedaqoq Məmməd Xasıyevin rəhbərlik etdiyi Qax rayon Təhsil Şöbəsi və rayonun tərəqqipərvər təhsil işçiləri yetişməkdə olan gənc qaxlılar nəslini məhz bu sadalanan yüksək dəyərlərə yiyələndirəcək, daha böyük müvəffəqiyyətlər qazanacaqdır
Suvarma sistemində istismar tədbirləri keyfiyyətlə həyata keçirilir
Soltan Camalovun rəhbərlik etdiyi Qax Suvarma Sistemləri İdarəsi meliorasiya və irriqasiya sistemlərinin istismarı və saxlanılmasını təmin edir. Cəmiyyət tərəfindən təsdiq edilmiş xərclər smetasına uyğun olaraq istismar və təmir-bərpa işlərini yerinə yetirir. Su istifadəçilərindən lazımi məlumatı alır, sudan istifadə pulunun planını tərkib edib razılaşdırmaq üçün baş idarəyə təqdim edir. Vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması və onların qəbulunu təmin edir.
Qax SSİ-nin hesabında ümumi uzunluğu 264,8 km olan suvarma şəbəkələri vardır. Rayonun suvarmaya yararlı torpaq sahələri 19750 hektardır. Qax rayonunun iqlimi yağmurludu. Rayonun özü əsasən dağlıq ərazidə yerləşdiyindən çaylarda tez-tez sellər əmələ gəlir. Rayon ərazisindən keçən Kürmük, Ləkit, Zərnə, Qum, Duruca və Qapı çaylarının suyundan yaz və payız aylarında suvarma məqsədi ilə istifadə olunur. Yay aylarında bu çayların bəziləri tamamilə quruduğundan, idarənin balansında olan iki kiçik su tutarından istifadə edilir.
SSİ istismar tədbirlərini - təsərrüfatdaxili və təsərrüfatlararası sistemlərdə, hidrotexniki qurğularda, hidrometrik postlarda, qoruyucu beton kanallarda təmir işlərini vaxtında və
keyfiyyətlə həyata keçirir. Sel sularının maneəsiz ötürülməsi üçün suvarma kanallarının lildən təmizlənməsi balansda olan texnikanın əsaslı təmiri, bəndlərin bərkidilməsi işləri də keyfiyyətlə yerinə yetirilir.
***
Qeyd edilənlər Prezident İlham Əliyevin müdrik və uzaqgörən sosial–iqtisadi siyasətinin bütün uğurlarının əsası olduğunu və bu siyasətin respublikamızın bütün bölgələrində olduğu kimi,cənab Musa Şəkiliyevin rəhbərlik etdiyi Qax rayonunda da uğurla həyata keçirildiyini bir daha sübut edir. Yaradılmış güclü iqtisadi potensial, aparılan möhtəşəm quruculuq işləri tam əminliklə deməyə əsas verir ki, bu il də ümumilikdə ölkənin, eləcə də Qax rayonunun sabit inkişafı təmin ediləcək, nəzərdə tutulmuş bütün işlər, sosial proqramlar yerinə yetiriləcəkdir.
