Sosial / Slayd (4-08-2015, 14:44)
Sosial islahatlar Qubadlıya nə vaxt çatacaq? - PROBLEM
Qeyd etmişdik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturlarında həyata keçirilən islahatlar artıq öz müsbət nəticələrini verməkdədir. Ən azından bu barədə redaksiyamıza bəzi bölgələrdən daxil olan məlumatlarda xəbərlər yer almağa başlayıb. Bu xüsusda yerlərdən aldığımız məlumatlarda bildirilir ki, nazir Səlim Müslümovun apardığı kadr islahatları nəticəsində əhaliyə ünvanlı sosial yardımların verilməsində indiyə qədər mövcud olan bir çox nöqsanların aradan qalırılacağına ümidlər yaranıb. Təbii ki, bu proseslər hələlik islahatların yalnız gözləntisində olan digər rayonların sakinlərini də ümidləndirib. Xüsusilə Sumqayıtdan daxil olan məlumatlarda bu şəhərdə fəaliyyət göstərən Qubadlı rayonu Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Fazil Nərimanovun özbaşınalıqlarına son qoyulması məqsədilə təcili tədbirlərin görülməsi tələbi irəli sürülür. Məlum olduğu kimi, son vaxtlar Qubadlı ƏSMM-nin fəaliyyətində yer almış ciddi qanun pozuntularına dair müxtəlif açıqlamalar KİV-ə ünvanlanan şikayət məktublarında tez-tez öz əksini tapmaqdadır. O cümlədən redaksiyamıza daxil olan məlumatlarda da bildirilir ki, Qubadlı ƏSMM-də yoxsul ailələrin vaxtında ünvanlı sosial yardım almasına kağız süründürməçiliyi, bürokratik əngəllər, məmurların rüşvətxorluğu mane olur. Son bir neçə il ərzində isə, Fazil Nərimanovun rəhbərlik etdiyi bu mərkəzdə korrupsiya halları xüsusilə kütləvi xarakter almaqdadır. Mənbələr bildirirlər ki, mərkəz rəhbərinin qeyri-qanuni olaraq ünvanlı sosial yardım təyin etdiyi vətəndaşlarla korrupsiya sövdələşməsinə girməsi və bu əsasda dövlət vəsaitlərinin mənimsənilməsi halları indi daha sürəkli şəkildə həyata keçirilir. Bu xüsusda təqdim olunmuş açıqlamalarda göstərilir ki, korrupsiyanın qarşısını almaq məqsədi ilə plastik kartların tətbiq olunduğu vaxtdan yaranmış bir üsul, kartların ilk altı ay müddətində qanuni sahiblərindən saxlanılması üsulu bu gün də Fazil Nərimanovun rəhbərlik etdiyi mərkəzdə geniş tətbiq edilir. Məhz bu yolla Qubadlı ƏSMM-nin direktoru aztəminatlı vətəndaşların külli miqdarda pul vəsaitlərini mənimsəməkdə davam edir. Biz son dərəcə ciddi narahatlığa səbəb olan belə bir faktı dəfələrlə vurğulamışıq ki, ölkədə korrupsiyaya qarşı mübarizənin getdikcə daha böyük vüsət alması fonunda ayrı-ayrı məmurların hələ də tam cəzasızlıq şəraitində öz cinayət əməlləri ilə məşğul ola bilmələri onların yuxarı dairələrdə olan güclü himayədarlarının nüfuzundan xəbər verir. O cümlədən, Qubadlı ƏSMM-nin fəaliyyəti ilə bağlı aldığımız məlumatlarda iddia olunur ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda keçirilmiş yoxlamalar zamanı Fazil Nərimanov tərəfindən saxlanılmış, əhaliyə məxsus çoxsaylı sosial yardım kartları aşkar edilmşdir. Lakin ƏSMM direktoru nəinki heç bir cəza almamış, hətta vəzifəsindən belə uzaqlaşdırılmamışdır. Məlumatı verən mənbələr bu faktı mərkəz rəhbərinin öz sözlərinə istinadən onun böyük məbləğdə rüşvət verməsi ilə izah edirlər. Dövlətin sosial siyasətini həyata keçirməklə vəzifələndirilmiş bu məmurun öz səlahiyyətlərindən sui-istifadə etməsi əlil və ehtiyacı olanları pis vəziyyətə qoyur. Qeyd etdiyimiz kimi, Fazil Nərimanov rəhbərlik etdiyi idarədə korrupsiya hallarından bəhs edən tənqidi məqalələr ölkə mətbuatında dəfələrlə dərc olunmuşdur. Həmin yazılarda Mərkəz rəhbərinin ünvanlı sosial yardım təyin etdiyi vətəndaşlarla korrupsiya sövdələşməsinə girərək, dövlətin verdiyi yardımı onlarla yarı bölünməsindən bəhs olunur. Bildirilir ki, yardıma həqiqi ehtiyacı olan yoxsulların çoxunun tələb olunan kağızları toplamağa belə gücü çatmır. Yardımdan yararlananların əksəriyyəti isə, əslində buna ehtiyacı olmayanlar olur. Mərkəzin özünün, həm də ünvanlı sosial yardım sektorunun fəaliyyətində şəffaflıq təmin olunmur, yardımları təyin edən komissiyaların işində ictimaiyyətin iştirakına yol verilmir...