Sosial (15-07-2015, 21:44)
Bu gün Fransanın "Opere Singulari" şirkətinin prezidenti Rime Barbara Sarrah Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının qonağı olub
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan-Fransa
parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə Fransanın tibb fəaliyyəti ilə məşğul olan "Opere
Singulari" şirkətinin prezidenti Rime Barbara Sarrah Azərbaycan Tibb
Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının qonağı oldu.
İlk olaraq qonaq universitetin Tədris Cərrahiyyə Klinikası ilə yaxından
tanış olaraq, klinikanın bir çox şöbələrinin fəaliyyəti ilə maraqlanmış
və əməkdaşlarla görüşlərdə iştirak etmişdir.
Toplantını giriş sözləri ilə açan ATU-nun Tədris Cərrahiyyə Klinikasının
baş həkimi dosent Asiman Həsənov Rime Barbara Sarrahı və tədbir
iştirakçılarını salamladı. Fransalı qonağın ATU-ya gəlişindən şad
olduqlarını bildirərək, qarşılıqlı əməkdaşlığın faydalı olacağını qeyd
etdi.
Baş həkim dosent Asiman Həsənov son illərdə Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birbaşa səyi
və nəzarəti nəticəsində Azərbaycan Fransa dostluq münasibətlərinin
inkişafında, bir çox sahələrdə əməkdaşlıqlarının qurulmasında
nailiyyətlərin əldə edildiyini bildirərək, bu görüşün də nəzərdə tutulan
tədbirlərin tibb sahəsində bariz təzahürünün olduğunu vurğuladı.
Həmçinin bu münasibətlərin inkişafı nəticəsində səhiyyə və tibb elmi
sahəsində elmi –praktik nəaliyyətlərin mübadiləsi, Fransalı
mütəxəssislərin təcrübələrindən klinikanın fəaliyyətində yararlanmaq,
gənc mütəxəssis və tələbələrin Fransa tibb ocaqlarında ixtisas artırma
tədbirlərinin həyata keçirilməsinə səbəb olacağını bildirdi..
Xanım Rime Barbara Sarrah isə Azərbaycandakı qonaqpərvərlikdən, həmçinin
millət vəkili, Azərbaycan Tibb Universitetinin Rektoru, Akademik Əhliman
Əmiraslanovla görüşündəki müsbət təəsuratlardan, ATU-nun Tədris
Cərrahiyyə Klinikasının möhtəşəmliyi və maddi-texniki bazasının
zənginliyindən söz açdı. O da öz növbəsində Azərbaycanın coğrafi və
siyasi mövqeyini, son illərdə sürətlə inkişaf etməsini nəzərə alaraq,
Azərbaycanla əməkdaşlıq qərarına gəldiklərini və bu sahədə geniş
miqyaslı tədbirlər planının hazırlandığını söylədi. Klinikanın şöbə
müdirləri və mütəxəssisləri tərəfindən görüş çox rəğbətlə qarşılanaraq,
tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında müzakirələr
aparılaraq xanım Rime Barbara Sarrah tərəfindən ətraflı olaraq
cavablandırıldı.
Bütün bunlar Azərbaycanın Dünyanın hər bir ölkəsi ilə hər bir sahədə
geniş miqyaslı əlaqələrin qurulması ilə Dünya ölkələri arasında yerini
daha da möhkəmləndirildiyini göstərir.
Mediatv.az
