Sağlamlıq (7-05-2015, 15:28)
Tibb Universitetində qanvermə aksiyası keçirilib
Bu il Azərbaycanda Qızıl Aypara Cəmiyyətinin yaranmasının 95-ci ili
tamam olur. Bu münasibətlə Qızıl Aypara Cəmiyyəti öz missiyasına uyğun
olaraq silsilə humanitar tədbirlər həyata keçirir.
Qızıl Aypara Cəmiyyəti tərəfindən Azərbaycanda keçirilən tədbirlərdən
biri də qanvermə aksiyasıdır. Fəxrlə qeyd etmək istəyirik ki, belə
aksiyalardan biri bu günlərdə Azərbaycan Tibb Universitetinin (ATU)
Tədris - cərrahiyyə klinikasında təşkil edilmişdir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibinin müavini Ceyhun
Mirzəyev qeyd edib ki, qanvermə aksiyalarının təşkilində məqsəd
ölkəmizdə könüllü qan donorluğu sahəsinin inkişafına yardımçı olmaqdır:
“Bu aksiyalar mütəmadi olaraq həm Bakıda, həm də Azərbaycanın
bölgələrində təşkil olunur. Tibb Universitetində təşki edilən aksiya bu
il ərzində keçirdiyimiz ikinci tədbir idi”.
Tədris - cərrahiyyə klinikasında təşkil edilən aksiyada 70 nəfərə yaxın
könüllü iştirak edib, qan veriblər. C.Mirzəyev aksiyanın yüksək
səviyyədə təşkilinə görə təmsil etdiyi təşkilatın rəhbərliyi adından
Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanova, o cümlədən
ATU-nun Tədris - cərrahiyyə klinikasının kollektivinə təşəkkürünü
bildirir.
Qeyd edək ki, bu tədbirin təşkilində qan donorluğunun inkişafına dair
işçi qrupun üzvləri də yaxından iştirak ediblər. Sözügedən İşçi Qrup
ötən ilin iyununda yaradılıb. Bu qurumun uğurlu və faydalı əməkdaşlığı
sayəsində Azərbaycanda Gənc Qan Donorlarının 1 Forumu təşkil olunub.