Sosial (10-06-2015, 22:10)
Zor gücünə qurulan ailələr
Ekspertlər bildirir ki, zorla qız qaçırıb evlənənlər əksər hallarda peşman olurlar
Beyləqan rayonunda evdən qaçan 17 yaşlı Aytac Mahmudova özünü Bakıda bibisi evində asıb. O, özündən bir yaş kiçik oğlana qoşulub Sabirabada qaçıbmış. Sonradan oğlanın ailəsi bundan xəbər tutub və Aytacı qəbul etməyib. Bu səbəbdən oğlan Aytacı atası evinə qaytarmaq istəyib. Lakin qız qayıtmaq istəməyib. Belə olan halda oğlanla qız Bakıya getməyi planlaşdırıblar. Plana görə, Bakıya öncə Aytac gedib. Lakin sevdiyi oğlanın gəlmədiyini gördükdə ona zəng vurub. Ancaq zənglərə cavab verən olmayıb.
“Həftə içi” mətbuatda yayılan məlumatlara əsaslanaraq bildirir ki, Aytac Mahmudovanın yataq xəstəsi olan atası qızının paytaxtda oldunu ona yaxınları söyləyib. Ata dərhal Bakıda yaşayan bacısına zəng vurub. Bununla da Aytac bibisinin evinə gedib və orada yenidən sevdiyi oğlana zəng vurub. Lakin sevdiyi oğlanın etinasız olduğunu görən Aytac Mahmudova çıxış yolunu özünə qəsd etməkdə tapıb.
Qeyd edək ki, digər şərq xalqlarında olduğu kimi, qız qaçırmaq Azərbaycanda da qədim adətlərdən sayılır. Düzdür, nisbətən iri şəhərlərdə bu adət tarixə qovuşsa da, bölgələrin əksəriyyətində hələ də davam etməkdədir. Xüsusilə Cənub və Qərb zonasında - Gəncə, Qazax, Gədəbəy, Tovuz, Masallı, Lənkəran, Astara, Lerik və Cəlilabad rayonlarında bu “ənənəyə” daha çox rast gəlinir. Rəsmi statistikaya görə, 2008-ci ildə respublikada 18 qız zorla qaçırılıb. 2009-cu ildə ölkənin müxtəlif regionlarında 15 qız qaçırma halı qeydə alınıb. Ölkə ərazisində 2010-cu ildə 7 belə fakt baş veribsə, 2011-ci ildə bu rəqəm 16-ya qədər artıb. 2012-ci ildə evlənmək məqsədilə 28 dəfə qız qaçırılması halı baş verib. Bu hadisələr zamanı 18 yaşına çatmayan 10 nəfər qız da evlənmək məqsədilə qaçırılıb. 2013-cü ildə isə 18 qız qaçırma faktı aşkarlanıb.
Azərbaycan qanunvericiliyi qadını evlənmək məqsədilə qaçırma halını cinayət kimi qəbul edib. 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Cinayət Məcəlləsində qadını evlənmək məqsədilə oğurlama (129-cu maddə) cinayəti 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tuturdu. Eyni hərəkətlər yetkinlik yaşına çatmayan şəxs barəsində edilərdisə, 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulurdu. Amma 2000-ci il sentyabrın 1-dən qüvvəyə minən yeni Cinayət Məcəlləsində bu əməl adam oğurluğu kimi tanınıb və 144-cü maddə ilə tövsif olunur. Həmin maddədə bu əməl 5 ildən 12 ilədək, eyni əməllər yetkinlik yaşına çatmamış şəxs barəsində törədildikdə 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
2014-cü il ərzində ölkə ərazisində evlənmək məqsədilə qaçırılan qadınların, adam oğurluğu faktı ilə bağlı başlanan cinayət işlərinin və cinayət məsuliyyətinə cəlb olunan şəxslərin sayı ilə bağlı Modern.az saytının Daxili İşlər Nazirliyinə ünvanlandığı sorğuya cavab verilib. Belə ki, DİN Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi Sərvər Mehrəliyev sorğuya cavab olaraq bildirib ki, 2014-cü ildə CM-nin 144-cü maddəsi ilə adam oğurluğu əməlinə görə 24 cinayət işi açılıb: “2014-cü il ərzində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə 24 cinayət işi başlanaraq, 41 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Həmin cinayətlərin 20-si qadınla evlənmək məqsədilə 35 şəxs tərəfindən törədilib”.
Bəs görəsən, zor gücünə qurulan ailələr nə qədər uzunömürlüdür? Qaçırılan qızlar yaşadıqları ailədə xoşbəxt olurlarmı?
Mövzu ilə bağlı fikirlərini “Həftə içi”nə bölüşən Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov hesab edir ki, əslində zorla qaçırılan qızların çoxu xoşbəxt olmur. Onun sözlərinə görə, belə ailələrdə hər gün konfliktlər müşahidə olunur: "Təbii ki, el adəti ilə ailə qurulan zaman əksər hallarda hər iki tərəfin razılığı olur. Hətta qızın öz sevdiyinə qoşulub qaçmasına da psixoloji cəhətdən normal yanaşmaq olar. Ancaq sevmədiyi, bəyənmədiyi, hətta bəlkə nifrət etdiyi bir insan tərəfindən qaçırılan qız çox çətin həyat yaşayır. Belə ailələrdə konfliktlər daha çox olur. Əksər hallarda tərəflər bir-birilərini anlamır, güzəştə getmirlər. Xanımların öz taleləri ilə barışmamaları isə kişiləri daha da qıcıqlandırır. Düzdür, övlad dünyaya gələndən sonra xanım az da olsa təsəlli tapır, amma bu, hər şeylə barışmaq anlamına gəlmir».
Ekspert bildirib ki, məcburi qurulan ailə hər iki gənci uçuruma aparır: "Yeniyetmələr, gənclər bilməlidirlər ki, onları sevməyən bir xanımı qaçırmaqla təkcə onun yox, həm də özlərinin həyatlarını zülmətə çevirirlər. Zorla qız qaçırıb evlənənlər əksər hallarda peşman olurlar, amma bu, çox gec olur. Beləcə, onların xoşbəxtlik arzuları gözlərində qalır. Ola bilər ki, bu yolla qurulan ailələrdən xoşbəxt olanlar da var, amma onların sayı statistikada elə də çox deyil».
Qız qaçırma barədə konkret maddə yoxdur, amma…
Mövzu ilə bağlı fikirlərini bölüşən hüquqşünas İradə Cavadova isə məsələnin hüquqi tərəflərinə toxuranaq deyib ki, mövcud qanunvericilikdə qız qaçırma barədə xüsusi maddə yoxdur. Onun sözlərinə görə, el arasında buna “qız qaçırılması” deyilsə də, əslində, bu, adam oğurluğudur: “Necə ola bilər ki, küçədə getdiyin yerdə qızı, qadını maşına basıb aparasan?! Adını da qoyasan ki, evlənmək istəyirəm. Qız qaçırmaq aşkar şəkildə adam oğurluğudur və konkret cinayət əməlinə görə cəzası da nəzərdə tutulur. Cəzalar hadisənin başvermə səbəbləri, oğurlanan şəxsin ifadələri, oğurluğa görə kimisə günahkar bilib-bilməməsi, öz razılığı, öz istəyi ilə həmin şəxslə getməsi şərtlərinə görə dəyişə bilər. Əgər oğurlanan xanım nikah yaşındadırsa və öz istəyi ilə getdiyini bildirirsə, o zaman qarşı tərəf məsuliyyətdən azad olur. Bu halda valideynlərin şikayəti də hüquqi qüvvəsini itirir. Lakin bəzən belə hallarda hüquq-mühafizə orqanları vəziyyətdən sui-istifadə etməyə çalışır, hədə-qorxu gəlir, nəsə tələb edirlər. Əslində isə şikayət yoxdursa, cinayət işi açılmamalı və ya bağlanmalıdır. Cinayət məsuliyyəti o zaman qüvvədə qalır ki, oğurlanan azyaşlı olsun. Oğurlanan qız azyaşlıdırsa, hətta şikayətçi olmasa belə, azyaşlı olduğu üçün bu halla bağlı cinayət işi açılmalıdır və həmin şəxs cinayət məsuliyyətinə cəlb edilməlidir. Çünki burada artıq qanunvericilik pozulur. Nikah yaşına çatmamış şəxslə ailə qurmaq qadağandır. Qız oğurlayan adamlar yalnız o halda məsuliyyətdən yaxa qurtara bilir ki, "qaçırılanın yaşı 18-dən yuxarı olsun və o, öz razılığı ilə getdiyini bildirsin».
İradə Cavadova deyir ki, bəzən qızlar məcburi qaçırılsa da, müəyyən hallarda iqtisadi çətinliklər üzündən ailələr qız qaçırılmasına razılıq verirlər. Ekspertin sözlərinə görə, bəzən valideynlər qıza cehiz verməmək üçün deyirlər, götür, qaçır: “Bəzən həqiqətən tərəflərin toy etməyə, cehiz verməyə imkanları olmur. Öz aralarında danışıb razılığa gəlirlər. Nikah yaşına çatmış gənclər özləri qərar verir, evlənirlər. Məsləhət görərdim ki, gənclər bu əmələ üz tutmasınlar. İmkanları yoxdursa, VVAQ şöbəsinə gedib, rəsmi qaydada ərizə yazsınlar, ailə qurmaq istəklərini bildirsinlər. Böyüklərin öyüd-nəsihəti, xeyir-duasıyla evlənsinlər. Çünki ailənin uzunömürlü olmasında ağsaqqal xeyir-duasının da kəraməti var».
«İnsanlar dərk etməlidirlər ki, zorakılıqla xoşbəxtlik olmaz»
«Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova isə “Həftə içi”nin əməkdaşı ilə söhbətində deyib ki, qız qaçırma yolu ilə qurulan ailələrdə boşanma hallarına daha çox rast gəlinir: “Bəzən olur ki, oğlan qızı hədələyir. Qız da məcbur olub öz xoşu ilə qaçdığını deyir. Amma sonradan əsl həqiqət ortaya çıxır və münasibətlər daha da gərginləşir. Hətta vəziyyət boşanma həddinə kimi çata bilir. Bu baxımdan insanlar dərk etməlidirlər ki, zorakılıq yolu ilə xoşbəxtliyi qazanmaq qeyri-mümkündür”.
Ekspert əlavə edib ki, son 3 ildə aparılan müşahidələr onu göstərir ki, artıq insanlar cinayət məsuliyyətindən xəbərdardır. Ancaq hələ ki, bu sahədə müəyyən problemlər var. Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə problemin dinamikası yüksələn xətdə deyil: “Təbii ki, burada qanunvericilikdə qəbul olunmuş müəyyən qərarların da rolu var. Rəhbərlik etdiyim təşkilat qız qaçırma, erkən nikahlarla bağlı rayon polis şöbələrinə mütəmadi olaraq sorğular yollayır. Polisdən bizə verilən cavablarda erkən nikahlar, qız qaçırmalarla bağlı bir və yaxud iki hal üzrə cinayət təqibinin həyata keçirildiyi bildirilib. Hesab edirəm ki, gələcəkdə bu kimi məsələlər tamamilə aradan qalxacaq”.
Sevinc
