Sosial (22-01-2015, 22:18)
Boşanmış ailələrin aliment dərdi
Azərbaycanda 2000-ə yaxın şəxs aliment ödəmədiyinə görə axtarışdadır
Azərbaycan cəmiyyətində ailə həmişə müqəddəs sayılıb. Belə ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayıb. İllərlə ata-babalarımız müqəddəs dəyərlərimizi qoruyaraq bu günlərə kimi gətirib çıxarıblar. Amma təəssüflər olsun ki, son zamanlar müxtəlif səbəblər üzündən ailənin dəyərini unudanların sayı artıb. Bu isə özünü dağılan ailələrin sayının artmasında daha çox göstərir. Qeyd edək ki, boşanma prosesinin heç də hər zaman sakitliklə ötüşməməsi, tərəflər arasında müəyyən mübahisələrin yaranması ailə dəyərlərinin aşınmasına səbəb olur.
Yeri gəlmişkən, bu gün Azərbaycanda boşanmalar zamanı əsas mübahisə predmetlərindən biri aliment məsələsi sayılır. Ədliyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, 2014-cü il ərzində aliment tələbi ilə bağlı yerli icra qurumlarının icraatında 52467 icra sənədi olub. Həmin işlərdən 4416-nın icrası tamamlanıb, 48051 iş üzrə isə ödəmələr vaxtaşırı aparılır. O cümlədən, 1997 borclu şəxsin axtarılması ilə bağlı müvafiq qərarlar qəbul edilib.
Məlumat üçün onu da deyək ki, Dövlət Statistika Komitəsinin açıqlamasına görə, ötən il dekabr ayının 1-nə olan vəziyyətə görə, Azərbaycanda 11 min nəfər boşanıb. Eyni zamanda, keçən ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda rəsmi orqanlar tərəfindən 78,5 min nikah halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 9,1, boşanmaların sayı isə 1,3 olub.
Mövzu ilə bağlı fikirlərini «Həftə içi"nə açıqlayan «Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd edib ki, Azərbaycanda boşanma artıq ciddi sosial problemə çevrilib. Onun sözlərinə görə, əksər ölkələr üçün aktual olan boşanma problemi daha çox gənclərin düzgün seçim etməməsindən dolayı meydana çıxır: «Boşanma bütün cəmiyyətlərin problemidir. Amma bizdə ailə həmişə müqəddəs sayıldığından tarixi dəyərlərin qounması yeni qurulan ailələrin üzərinə düşür. Bu baxımdan ailə qurmağa hazırlaşan bütün gənclər evlənməmişdən əvvəl ciddi şəkildə düşünməli və ailənin məsuliyyətini dərk etməlidirlər».
Qadınlara və uşaqlara ciddi zərbə dəyir
Ekspert öz açıqlamasında həmçinin bildirib ki, boşanma prosesində daha çox qadınlar və uşaqlar əziyyət çəkirlər: «Ümumiyyətlə, qanunvericilik təkcə rəsmi nikahı olmuş qadınlara deyil, hətta vətəndaş nikahı ilə birgə yaşayış dövrü keçirilməsi halında da uşağa aliment kəsilməsini təmin edir. Burada yalnız atalığın müəyyən edilməsi gərəkdir. Əgər atalıq müəyyən edilirsə, kişi ilə rəsmi nikahı olmayan qadına da körpəyə görə aliment ödənməsinə qərar verilir. Yəni qanun qadının tərəfindədir. Problem işin icrası ilə bağlıdır. Bu da ondan yaranır ki, kişilər alimentdən qaçmaqdan ötrü çox zaman özlərini işsiz kimi təqdim edir, yaxud da iş yerlərini gizlədirlər. İşsiz ata Məşğulluq Mərkəzindən həqiqətən işsiz olduğunu təsdiq edən arayış təqdim etməlidir və idarədə qeydiyyata düşməlidir. Belədə ödəmə müddəti uzadıla bilər. Amma bu da müəyyən vaxtadək mümkündür. Əgər ata təyin olunmuş məbləğdə alimenti ödəmirsə, 2 dəfə xəbərdarlıqdan sonra məsuliyyətə cəlb olunur. Ata hələ işə düzəlmədiyini əsas gətirib aliment ödəməkdən imtina da edə bilər. Bu zaman məcburi işəcəlbetmə reallaşa bilər. Amma bu da istismar xarakteri daşıdığından buna gedilmir. Məsələ burasındadır ki, insan yaşayırsa, deməli, hardansa gəliri var. Kimsə ona əl tutur, kömək edir, ailədə yaşayırsa, ailənin digər üzvlərinin gəliri var və s. Prosesi məhkəmə qərarlarının icrasına məsul olanlar daim diqqətdə saxlamalıdır. Atanın gəlir mənbəyi müəyyən edilməli və o, aliment ödəməyə məcbur edilməlidir. Bu isə çox zaman baş vermir və zərərçəkən də ana və körpə olur. Aliment ödənməsi problemində ən yaxşı üsul Aliment Fondunun yaradılması olardı. Bir ara bu məsələ gündəmə gəldi, amma nədənsə, sonra arxa plana keçdi. Aliment Fondunun yaradılması o baxımdan müsbət olardı ki, alimentdən yayınma halları olanda dövlət işə qarışacaq. Aliment ödənmədikcə borclar yığılıb qalır. Bu zaman hökumət strukturları fəaliyyətə keçir. Məsuliyyətdən yayınan atanı axtarıb tapırlar və ondan dövlətə olan borcların ödənməsi tələb edilir. Amma mən deyərdim ki, alimentin ödənməsi hər şeydən əvvəl mənəvi bir məsələdir. Ata ilk növbədə övladını düşünüb, onun heç olmasa, minimum yaşayışını təmin etməyə borcludur. Bir ata kimi borcludur. Bir halda ki, atadan hökumət güclə aliment alır, onun özünü ata adlandırmağa mənəvi haqqı çatmır. Ancaq vəziyyət belə kritikdirsə və "atalar" get-gedə uşaqlarına çörək pulu verməkdən yayınırlarsa, Aliment Fondunun yaradılması aktuallaşır və dövlət strukturlarının məsələyə ciddi müdaxilə etməsi zərurəti artır. Ümid edirik ki, Aliment Fondunun yaradılması tezliklə reallaşar».
Keçmiş ərin işləməməsi…
Məsələyə münasibət bildirən Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi, vəkil Dünyamin Novruzov bizimlə söhbətində deyib ki, Ailə Məcəlləsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Onun sözlərinə görə, keçmiş ərin işləməməsi və başqa gəlirinin olmaması onu aliment ödəməkdən azad etmir.
Vəkilin sözlərinə görə, qanunvericilik uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulması qaydasını müəyyənləşdirir.
Ekspert bildirib ki,yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi, onların saxlanılması ilə bağlı valideynlər nikahdan qabaq və ya nikah müddətində əvvəlcədən razılığa gəlib saziş bağlaya bilərlər: «Əgər belə bir saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa yaxud onun qazancı və ya sair gəliri yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər.
"Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimum saxlanması əsas tutularaq müəyyən edilir".
O deyib ki, Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli qərarı ilə uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və başqa gəlirlərinin növləri müəyyən edilib.
Vəkil bildirib ki, arvadın məhkəməyə uşaqlarının saxlanmasına görə aliment tutulmasına dair iddia tələbi ilə müraciət etməsi üçün ərindən boşanması əsas deyil. Belə ki, arvad ərindən boşanmadan da məhkəməyə uşaqlarının saxlanması üçün ərindən aliment tutulmasına dair iddia tələbi ilə müraciət edə bilər.
Dünyamin Novruzovun sözlərinə görə, Ailə Məcəlləsi valideynlərin üzərinə uşaqlarını saxlamaq vəzifəsini qoyub. Belə ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur: "Ər qanunvericilikdə nəzərdə tutulmuş valideynlik vəzifələrini pozarsa, ondan uşaqlarını saxlaması məhkəmə yolu ilə tələb oluna bilər".
Vəkil bildirib ki, uşaqların xəstə olması səbəbindən məhkəmə tərəfindən müəyyən edilmiş aliment uşağın saxlanmasına kifayət etmirsə, qadın keçmiş ərindən, yəni uşağının atasından övladlarının müalicəsi üçün əlavə pul vəsaiti verməsini tələb edə bilər: «Belə ki, Ailə Məcəlləsinin tələbinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Digər tərəfdən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmçinin məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər".
Sevinc