Sosial / Slayd (23-04-2015, 21:02)
Xızıda torpaqlar zəbt edilib: Başçının şəriki və Beyləqan şefinin qudasının adı hallanır
Xızının Yeni Yaşma kənd sakinləri dövlət başçısına müraciət edib.
Tia.az xəbər verir ki, kənd camaatı torpaqlarının qeyri-qanuni zəbt edilməsindən narazılıq edir. Xızının icra başçısı Xəzər Aslanova və digər aidiyyatı qurumlara edilən şikayətlərə baxılmadığı qeyd olunur.
Torpaqları zəbt edən isə fermer Pəri adlı xanımdır. Pəri xanım Beyləqanın icra başçısı Vaqif Abdullayevin qudasıdır. Pəri xanımdan savayı bir çox iri torpaq sahibləri də var ki, onların adı bilərəkdən çəkilmir.
Xəzər Aslanov, onun sabiq müavini və hazırkı kampanyonu, yəni şəriki Arzu Əzizovdur. Əslən Yeni Yaşma kəndindən olan Arzu müəllimin öz yurdunda çox etibarlı dayaqlarının olduğu da çoxlarına sirr deyil. Bu dayaqlar vasitəsilə bir vaxtlar hakimiyyət əleyhinə ciddi təbliğat aparan sabiq “amip”çi Arzu Əzizov rayon səviyyəsində müəyyən manevrlər edə bilirdi.
Uzun illər rayondakı yeganə peşə məktəbində direktor işlədikdən sonra icra başçısı onu özünə aqrar məsələlər üzrə müavin götürdü. Bu gün Arzu Əzizov icra başçısının maliyyə rıçaqlarını möhkəmləndirməyə hesablanmış büdcə işlərində onun ən yaxın tərəfdaşı hesab edilir. Onu da qeyd edək ki, Arzu Əzizovun və onun kimi bir çox məmurların Yeni Yaşma kəndində yüz hektarlarla torpaq sahəsi var. Lakin bu torpaqlar yenə də azlıq edir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.