Sosial (22-04-2015, 05:54)
Bakıda oteldə qətl: Azərbaycan yığmasının məşqçisi bıçaqlandı, 1 ölü, 1 yaralı
Ötən gün axşam saat 21.00 radələrində Bakıda qətl törədilib. APA TV-nin məlumatına görə, hadisə Nəsimi rayonunda yerləşən "Avropa" otelində qeydə alınıb. Məlumata görə, biri Azərbaycan MMA (qarışıq döyüş növləri) üzrə komandanın baş məşqçisi, tanınmış idmançı Ruslan Əfəndiyev olmaqla, 2 nəfər bıçaqlanıb.
İlkin məlumata görə, otelin idman zalında qarışıq döyüş növləri üzrə Azərbaycan yığmasının baş məşqçisi Ruslan Əfəndiyev və banklardan birinin şöbə müdiri Azər adlı şəxs məşq edirmiş. Bu zaman onlarla hələlik kimliyi məluma olmayan şəxs arasında mübahisə yaranıb. Mübahisə zamanı həmin şəxs bıçaqla Azərə ürək nahiyəsindən, Ruslan Əfəndiyevə isə, bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirib.
Məlumata görə, Azər adlı şəxs aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Ruslan Əfəndiyev isə, özəl klinikalardan birinə çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər. Hadisə yerindən qaçan naməlum şəxsin tutulması istiqamətində Nəsimi Rayon Polis İdarəsi və 20-ci polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.
Faktla əlaqədar Nəsimi Rayon Prokurorluğunda cinayət işi başlanıb.
