Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (14-04-2015, 23:07)
Yeni əmlak vergisi vətəndaşlara nə vəd edir?

Ekspertlərin fikrincə, hökumətin verdiyi qərarla mənzillərə görə ödənilən əmlak vergisinin məbləği azaldılıb

Bir neçə gün öncə Nazirlər Kabineti tərəfindən fiziki şəxslərin əmlak vergisi üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar təsdiqlənib. Qeyd edək ki, hökumətin qərarı ilə Bakının ərazisi 12 zonaya bölünüb, bundan asılı olaraq 0,7-dən 1,5-dək əmsallardan istifadə olunur.

“Həftə içi” Vergilər Nazirliyinin saytına istinadən bildirir ki, şəhərin hər bir zonasının hüdudları müəyyən edilib. Birinci zona Əl Oyunları sarayından R.Zorge küçəsinə qədər ərazini, sonuncu, 14-cü zona Qaradağ, Sabunçu və Xəzər rayonlarını əhatə edir. Əgər əvvəllər vergi binanın inventor qiymətinindən tutulurdusa, indi proqressiv vergi tətbiq edilir. Aztəminatlılar vergidən azaddır - 30 kvadratmetr qədər olan əmlaka görə vergi ödənilmir.

Vergi Məcəlləsinə dəyişikliklərə əsasən, Bakıda 30 kvadratmetrdən çox mənzilin 1 kvadratmetrə 40 qəpik, Abşeron, Gəncə və Sumqayıtda 30 qəpik, respublika tabeliyində olan başqa rayon və şəhərlərdə 20 qəpik, digər şəhər, qəsəbə və kəndlərdə (Bakı, Abşeron və Sumqayıtın kənd və qəsəbələri istisna) 10 qəpikdir.

Bundan başqa, dəyişikliklər vətəndaşların bağ sahələri və sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı yaşayış fondlarının həyətyanı sahələrinə görə vergi dərəcələrini müəyyən edir.

Bakı və şəhərətrafı qəsəbələrdə ikinci kateqoriya üçün – bir hektara qədər hər 100 kvadrat metrə görə 10 manat, bir hektardan artıq olduqda – 20 manatdır. Gəncə, Sumqayıt, Xırdalan şəhərlərində və Abşeron rayonunda müvafiq olaraq 8 və 16 manat. Digər şəhər və rayon mərkəzlərində 4 və 8 manat, digər yaşayış məntəqələrində isə 2 və 4 manat. Birinci kateqoriya üçün tarifflər müvafiq olaraq 0,6 və 1,2, 0,5 və 1, 0,3 və 0,6, 0,1 və 0,2 manatdır. Əvvəllər əmlak vergisini bələdiyyələr yığırdı, ancaq onlar vəzifələrinin öhdəsindən gələ bilmirdi, çünki binanın inventar qiyməti müəyyən edilməmişdi. İndi fiziki şəxslərin yerli vergiləri mərkəzləşdirilib və banklar, poçt şöbələri və nağdsız ödəniş üçün e-terminallar vasitəsilə həyata keçirilir.

Bəs, görəsən, yeni qaydalar vətəndaşlara nə vəd edir?

Məsələni “Həftə içi”nə şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib ki, yeni dəyişiklikdən sonra mərkəzdə yaşayanlar daha çox, şəhərdən kənarda yaşayanlar daha az vergi ödəyəcəklər. Onun sözlərinə görə, əslində yeni dəyişikliklərdən sonra mənzillərə görə ödənilən əmlak vergisinin məbləği azaldılıb: “Bu dəyişikliklərədək fiziki şəxslərin əmlak vergisi fiziki şəxslərin xüsusi mülkiyyətində olan əmlakın inventarlaşdırılmış dəyəri 5 min manat azaldıldıqdan sonra yerdə qalan məbləğ 0.1 faizlə vergiyə cəlb olunmaqla hesablanılırdı. İndi verginin hesablanılması üçün əmlakın dəyəri yox, sahəsi əsas götürüləcək. Bu verginin ödənilməsi olduqca əhəmiyyətlidir. Əvvəla, sahəsi 30 kv metrədək olan mənzillər əmlak vergisindən azaddır. Yəni, yaşayış sahəsi 30 və daha az kv metrə malik olan mənzillərdən bələdiyyə nümayəndəsinin vergi ödənilməsini istəməsi yeni dəyişikliklərə əsasən qanunsuzdur və bu halda heç bir vergi ödənilməməlidir”.

Vüqar Bayramov bildirir ki, mənzilin sahəsi 30 kv metrdən çoxdursa, o zaman vergi bütün sahəyə deyil, azad olunan hissə çıxıldıqdan sonra qalan sahəyə hesablanır. Digər tərəfdən əmsallar tətbiq edilən zaman Bakıdan kənarda yerləşən mənzillərin əmlak vergisi azaldılır. Bundan başqa, Bakı şəhəri üzrə tətbiq edilən 12 əmsalın 6-da əmsal son vergi məbləğini azaldır, biri məbləği dəyişmir, 5-i isə artırır: “Deməli, yeni əmsallar daha çox əmlak vergisi üzrə son məbləğlərinin azaldılmasına xidmət edir».

Vüqar Bayramov onu da əlavə edir ki, əmsallar yalnız Bakı şəhərində yerləşən binalara tətbiq olunacaq. Onun sözlərinə görə, paytaxtdan kənarda o cümlədən Sumqayıt və Abşeron rayonunda yerləşən binalara və evlərə əmlak vergisi hesablanan zaman heç bir əmsaldan istifadə edilməyəcək. Məsələn, paytaxtda vergi hesablanan zaman vergiyə cəlb olunan sahə 0.4 manata vurulursa, Gəncə, Sumqayıt və Abşeron rayonu üçün bu 0.3 manat, digər şəhər və rayon mərkəzlərində 0.2 manat, rayonlardakı qəsəbə və kəndlərdə isə 0.1 manatdır. Nəhayət, vergilər illik hesablanır və ildə 1 dəfə bələdiyyə tərəfindən yığılır.

Mövzu ilə bağlı fikirlərini “Həftə içi”nə bölüşən «MBA» Konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov da Nazirlər Kabinetinin təsdiq etdiyi əmsalları bazar qiymətinə uyğun sayıb. Onun sözlərinə görə, indiyədək fiziki şəxslərin əmlak vergisinin həm yığılmasında, həm də hesablanmasında problemlər mövcud olub: “Açığını desək, beynəlxalq aləmdə bazar uzun illərdir formalaşıb, insanlar da vergiləri vaxtı-vaxtında ödəyir. Bizdə isə bazar cəmi 20 ildir formalışır, insanların əksəriyyəti də sovet təfəkkürü ilə yaşayır. Vergi ödəmək istəkləri yoxdur. Fiziki şəxslərin əmlak vergisinin nəinki yığılmasında, hətta hesablanmasında da problemlər vardı. Bələdiyyə üzvləri əmlakı dəyərləndirə bilmirdi. Əmlak sahibləri onları evlərinə buraxmırdı və ya vergiləri ödəməkdən imtina edirdi, xeyli problemlər yaranırdı. Vəziyyətdən çıxış yolu kimi yeni qaydadanın tətbiqinə başlanıldı və mən düşünürəm ki, bu məqbul haldır. Amma bir məsələni xüsusi vurğulamaq yerinə düşər ki, gələcəkdə yarana biləcək problemlərin qarşını almaq üçün vətəndaşlar vergiləri necə, hara və nə qədər ödəyəcəkləri barədə məlumatlandırılmalıdırlar. Yəni, bununla bağlı maarifləndirmə işinin aparılması vacib məsələdir».

Sevinc

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024