Sosial / Slayd (18-03-2015, 21:21)
Dəmiryolunu aşkar şəkildə qarət edən Arif Əsgərovdan ayın tarixini də soruşan yoxdur... - Nazirin çətiri altında...
Prezident İlham Əliyevin fevral ayının 9-da imzaladığı sərəncamla Arif Əsgərov "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsindən azad edilərək nəqliyyat nazirinin müavini təyin olundu. "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri postuna isə Cavid Qurbanov gətirildi. Cavid Qurbanovun gəlişindən sonra cəmiyyətin işçiləri bu sahədə vəziyyətin düzələcəyinə və sosial durumlarının yaxşılaşacağına ümid edirlər. Çünki Arif Əsgərov sədr kimi fəaliyyət göstərdiyi 6 il ərzində ölkəmizin dəmir yolu təsərrüfatını demək olar ki, bərbad hala salmışdı.
Məhz onun rəhbərliyi dövründə yüzlərlə təcrübəli işçi heç bir səbəb olmadan işdən kənarlaşdırılıb. Ümumiyyətlə, qurumun keçmiş rəhbəri 2009-2015-ci illər ərzində çoxsaylı qanun pozuntularına, külli miqdarda yeyintilərə və digər neqativ işlərə şərait yaratmaqla bu sahədə ciddi problemlərin yaranmasına səbəb olub. Dəmir yolu təsərrüfatındakı nöqsanların aradan qaldırılması üçün isə təbii ki, bir qədər vaxt lazımdır. Bizə maraqlı gələn isə Arif Əsgərovun törətdiyi qanunsuzluqların qarşılığında cəzasız qalmasıdır. Xatırladaq ki, bir müddət əvvəl "Azərbaycan Dəmir Yolları" QSC-də 48 milyonluq yeyintinin üstü açılmış və bu cinayətə görə qurumun marketinq şöbəsinin müdiri Rahib Hüseynov həbs olunmuşdu. Qeyd edək ki, həbs olunan Rahib Hüseynov Arif Əsgərovun yaxın qohumu idi. Bu məsələnin üstü açılandan sonra Arif Əsgərov çıxılmaz duruma düşmüş, hətta onun özünün barəsində cinayət işinin açılacağı barədə məlumatlar yayılmışdı. Lakin cəmiyyətin keçmiş sədri kimlərinsə yardımı ilə postunu qorumağı bacardı. "Rahib Hüseynovun sahibkarları aldadaraq onların pullarını mənimsəməsi birbaşa Arif Əsgərova bağlı olan məsələdi. O əməllərinin üstü açılandan sonra Gürcüstana qaçmaq istəyib. Lakin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Bundan sonra isə Arif Əsgərovun əmrilə köhnə tarixə işdən çıxarılıb. Amma faktiki olaraq o həbs edildiyi günədək rəsmi şəkildə bu idarənin işçisi olub. Rahib Hüseynovun sahibkarlardan aldığı 48 milyon manat kredit şəklində Arif Əsgərovun oğlu Elnar Əsgərovun rəhbəri olduğu şirkətə verilib. Yeyinti faktının üstü açılanda A.Əsgərovun və oğlunun təkidi ilə R.Hüseynov işi öz üzərinə götürməli olub. Onun "Azərbaycan Dəmir Yolları" QSC-nın təchizat idarəsində işləyən qardaşı Emin Hüseynov isə problem ortaya çıxandan sonra ölkədən qaçmağı bacarıb", deyə yayılan məlumatlarda qeyd olunub. Çox təəssüf ki, QSC-də qeydə alınan 48 milyon manatlıq yeyintiyə görə Arif Əsgərov sorğu-suala çəkilmədi. O heç nə olmayıbmış kimi işini davam etdirdi və aradan bir müddət keçdikdən sonra başqa vəzifəyə keçirildi. Axı belə olmamalı idi. Ona görə ki, burda söhbət 48 milyon manatlıq yeyintidən, dövlətin büdcəsinə vurulan ziyandan, dövlətin əmlakının talan edilməsindən və daha neçə yüz milyonların göyə sovrulmasından gedirdi. Sirr deyil ki, bu gün ən xırda cinayət hadisəsi törədən, məsələn kiminsə dükanından siqaret, kontur, spirtli içki oğurlayan şəxsə ən az 7-8 il iş verilir. Dövlətin büdcəsinə böyük miqdarda ziyan vuran insanlar isə rahat şəkildə azadlıqda gəzirlər. Niyə? Onların məgər toxunulmazlığı var?.. Arif Əsgərov böyük şəbəkəni əhatə edən dəmir yolu nəqliyyatını tamamilə acınacaqlı hala salıb. Belə ki, yaxın keçmişdə dəmir yolu vasitəsi ilə sərnişin daşınması alternativ nəqliyyat vasitələri ilə müqayisədə ucuz başa gəlirdi. Ancaq indi vəziyyət tam əksinədir. Azərbaycan qatarlarında tariflər çox bahadır. Bəzi hallarda hətta biletin qiyməti təyyarə qiyməti ilə belə rəqabət aparır və "qalib" gəlir. Məsələn, Bakıdan Moskvaya biletin qiyməti 150, Sank-Peterburqa 144, Kiyevə 131, Tumenə 245 manata başa gəlir (söhbət KP tipli vaqonlardan gedir, qiymətlər Dəmiryolu İdarəsinin rəsmi məlumatlarından götürülüb). Müqayisə üçün deyək ki, Gəncə-Moskva təyyarə reysinin gediş-dönüş qiyməti cəmi 270 manatdır. Yəni bir tərəfin qiyməti 135 manat. Bu da "Azərbaycan Dəmir Yolları" QSC-nin qiymət siyasəti. Bunu müəyyənləşdirən isə Arif Əsgərov olub. Yerli qatarlara da qiymət çox bahadır. Burada qiymətlər 5-25 manat arasında dəyişir. Ona görə qatarla yola çıxmaq əksər sərnişinlər üçün əlverişli sayılmır. Onlar avtomobil nəqliyyatı ilə hərəkət etməyə daha çox üstünlük verirlər. Qiymətlər artdıqca dəmir yolunda sərnişinlərin daşınma keyfiyyəti və onlara xidmət daha da pisləşir. Başıma gələn bir hadisəni sizinlə bölüşmək istəyirəm. Belə ki, mart ayının 14-də Bakı-Ağstafa qatarına 9 bilet aldım. Yolum Tovuza idi. Kassada əyləşən xanım hər biletə görə məndən 14 manat aldı. Kassadan bir neçə metr aralaşandan sonra biletin üzərində qiymətin 13 manat olduğunu gördüm. Dərhal kassaya qayıdıb QSC-nin xanım əməkdaşına məndən artıq pul aldığını dedim və sübut kimi biletin üzərindəki qiyməti ona göstərdim. O isə guya yanlışlığa yol verdiyini deyərək məndən üzr istədi, əlavə aldığı 9 manatı geri qaytardı. Mən tam əminliklə deyə bilərəm ki, sərnişinlərin əksəriyyəti qatara bilet alarkən biletin üzərində yazılan qiymətə baxmırlar. Deməli, Arif Əsgərovun QSC-yə rəhbərlik etdiyi 6 il ərzində qurumun əməkdaşları bu prinsiplə işləyiblər. Və onlar hələ də köhnə iş prinsipindən əl çəkə bilmirlər. Sözsüz ki, kassada oturan şəxslər vətəndaşlardan əlavə olaraq aldığı vəsaitləri təkbaşına yeməyiblər və bundan qurumun keçmiş rəhbərliyinə də pay çatıb. Amma biz inanırıq ki, hörmətli Cavid Qurbanov QSC-dəki bütün problemləri tez bir zamanda yoluna qoyub sərnişinlərin rahatlığını təmin edəcək. Hələ bu harasıdır ki. Araşdırmalar göstərir ki, Arif Əsgərovun dəmir yolu təsərrüfatına nəzarət etdiyi illər ərzində dövlət büdcəsindən bu sahəyə 800 milyon manata yaxın vəsait ayrılıb. Lakin infrastrukturun, texnikanın bərbad durumda olması irimiqyaslı korrupsiyanın təzahüründən başqa bir şey deyil. Bir fakta diqqət yetirək. Bu qədər vəsaitin ayrılmasına baxmayaraq, qurumun vaqon-elektrovoz parkını yeniləmək istiqamətində heç bir iş görülməyib. Əksinə, Latviya və digər ölkələrdən alınan köhnə vaqon və elektrovozlar yeni adı altında sənədləşdirilib ki, nəticədə milyonlarla vəsait kimlərinsə büdcəsinə yönəldilib. Biz dəfələrlə görmüşük ki, vəzifədən kənarlaşdırılan məmurlar fəaliyyətlərindəki neqativ hallara görə məsuliyyətə cəlb ediliblər. Yəni dövlətin büdcəsinə vurduqları ziyana görə layiq olduqları cəzanı alıblar. Buna baxmayaraq, hansısa səbəblər üzündən Arif Əsgərov adının çəkildiyi yeyinti faktlarının heç birinə görə məsuliyyətə cəlb olunmadı. Sanki belə də olmalı imiş. Yaxşı olardı ki, aidiyyəti dövlət qurumlarının rəsmiləri "Azərbaycan Dəmir Yolları" QSC-nin 2006-cı ilin 23 iyulundan 2015-ci ilin fevral ayının 2-nə qədər olan fəaliyyətini dərindən araşdırsınlar. İnanırıq ki, Arif Əsgərovun bu illərdəki fəaliyyəti obyektiv araşdırılsa, bəzi qaranlıq məqamlara aydınlıq gətiriləcək və onun həbsi üçün real zəmin yaranacaq. Deyilənə görə, Arif Əsgərovun Novxanıda hərəsinin dəyəri milyon dollarla ölçülən 3 bağ evi, "Vorovski"də 4 villası, şəhərin mərkəzində yeni tikilmiş binalarda 6 evi, bahalı avtomobil kolleksiyası, Londonda, İstanbulda mülkləri, Azərbaycanın müxtəlif rayonlarında rezidensiyaları və daha nələri var. Bu haqda növbəti saylarımızda geniş araşdırma yazısı dərc edəcək və nəqliyyat nazirinin müavininin xarici banklardakı hesabından söhbət açacağıq.