Karusel (8-12-2014, 22:01)
48 milyonluq yeyinti niyə unuduldu? - İlginc gəlişmə
Ötən ilin ən səs-küylü hadisələrindən biri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində (QSC) qeydə alınmışdı. Çoxlarına məlum olduğu kimi, Arif Əsgərovun rəhbəri olduğu qurumda nə az-nə çox düz 48 milyon manatlıq yeyinti faktı üzə çıxdı.
Burda söhbət 48 manatdan yox, 48 milyon manatdan gedirdi. Xatırlatma üçün bildirək ki, Arif Əsgərovun yaxın qohumu, daha dəqiq desək, baldızı oğlu QSC-nin marketinq şöbəsinin müdiri Rahib Hüseynov külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham edilərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olundu. Yeyinti faktı ortalığa çıxandan sonra Arif Əsgərovun oğlu Elnar Əsgərovun adı hallanmağa başladı. Zərərçəkmişlər bu cinayətin başında Arif Əsgərovun oğlu Elnar Əsgərovun dayandığını, Rahiblə yanaşı qardaşı Emin Hüseynovun da pul yığımı prosesinin fəal iştirakçısı olduğunu iddia etmişdilər. Qeyd edək ki, baş vermiş yeyinti faktı ilə bağlı zərərçəkmiş şəxslərdən Azər Şəmmədov mətbuatda çıxış edərək bunları bildirib: "Onlar bu işə başlayanda mən də pul vermişəm. Eminə 80 000 dollar, Rahibə isə 147 000 dollar. Hər şey yaxşı gedirdi. 2013-cü ilin iyun ayında mən Rahiblə görüşdüm. O mənə pul verməli idi. Həmin söhbət zamanı gördüm ki, Rahib çox həyəcan keçirir. Mənə dedi ki, pulu 2 günə sənə verəcəm. İki gündən sonra mən Rahibə zəng vurdum. O, dedi ki, İstanbuldayam, sabah qayıdıram və pulu verəcəm. Sabahısı gün mən buna zəng vurdum, artıq telefonları söndürmüşdu. Qardaşına zəng vurdum. Emin dedi ki, xəbərim yoxdu. Üstündən 1 həftə keçdi, eşitdim Rahibi "Bandotdel"in işçiləri həbs ediblər. Eminə yenə zəng vurdum, dedi Rahibi Elnar Əsgərov tutdurub. Rahibin anası ilə görüşdüm, dedi narahat olma, sentyabrin 10-na kimi pullar qaytarılacaq. Mən Eminin yanına onun tanıdığı bir insanı söhbət etməyə göndərdim. Ona diktafon verib dedim ki, söhbətinizin hamısını yaz. Emin də o söhbətdə hər şeyi açıb deyir. Mən də bu söhbətin diskini göndərdim Elnar Əsgərova. İki gündən sonra Elnar mənim Emində olan pulumu qaytardı. Əgər Elnarın bu işdə əli yoxdursa, niyə narahat olub, o mənim Emində olan pulumu qaytardı?" Qeyd edək ki, zərərçəkmişin məktubunda 10 milyonlarla manat vəsaitin mənimsənilməsi faktının arxasında Arif Əsgərovun oğlu, Azərbaycan dəmiryolları şəbəkəsinin təchizatını inhisara alan "Liman Group" adlı iri şirkətin rəhbəri Elnar Əsgərovun dayandığını vurğulaması diqqəti xüsusilə cəlb edib. Çünki bundan əvvəl də mətbuatda çıxış edən zərərçəkmişlər faktın arxasında Elnar Əsgərovun dayandığını bildiriblər. Hətta məlumatlarda Rahib Hüseynovun "rasxoda" verildiyinə dair konkret faktlar ortaya qoyulub. Etibarlı mənbələrin məlumatına görə, Arif Əsgərov öz oğlunu qalmaqaldan kənarda saxlamaq, daha doğrusu, cinayət məsuliyyətindən yayındırmaq və sahibkarların pullarından əllərini üzməsi üçün yaxın qohumu Rahib Hüseynovu "qurban" verməyə razılaşıb. Məlumatlı mənbələr həmçinin sahibkarlardan hansı şəkildə pulun yığılmasına da aydınlıq gətirib. Deyilənə görə, pulların yığılmasını həqiqətən Rahib və Emin Hüseynov qardaşları həyata keçirib: "Onlar bildirirdilər ki, zavodumuz var, QSC-yə mal veririk. Arif Əsgərov və onun oğlu Elnar Əsgərovun əli ilə. Elnar Əsgərov da bəzi sahibkarlarla görüşündə bunu təsdiqləyib ki, bu səbəbdən də hamı onlara inanıb. Söhbət TSP-366 (ÜP-366) adlanan, dəmir yolunda relslərin altına qoyulan amortisaziya alətindən gedir. Onun birini xaricdən Azərbaycana gətirmək 0,28 qəpiyə başa gəlir. Ancaq QSC-nin rəhbərliyi tərəfindən onun biri dövlətə 3 manat 60 qəpikdən sənədləşdirilir. Hər partiyada TSP-366-dan ən azı 5 milyon ədəd sifariş olunur. Yəni hər partiyada 15-17 milyon manat dövlət vəsaiti mənimsənilir. Bunlar da iddia edirdi ki, biz TSP-366-nın istehsalı ilə məşğul olan zavod açmışıq. Aparıb sahibkarlara bir zavod da göstərmişdilər ki, bura bizimdir. Və deyirdilər ki, xammal almağa pulumuz çatmır, siz pul buraxın, biz də malısatıb artıqlamasıyla pulunuzu qaytaraq. Bu yolla da birindən 100 min, birindən 300 min, birindən 1 milyon, başqa birindən 3 milyon və sair pul yığdılar. Əvvəllər həqiqətən də dediklərinə əməl edirdilər. Tutaq ki, kimdən 100 min manat almışdılarsa 120 min qaytarırdılar, 500 min aldıqlarına 570 mın və sair. Sonradan məlum oldu ki, bu sahibkarları şirnikləndirmək cəhdi olub. İstədikləri də oldu. Bunlarla iş görən sahibkarlar daha çox qazanmaq üçün qohum-əqrəbada da nə qədər pul varıydı, yığıb verirdilər ki, daha çox faiz əldə etsinlər. Sonuncu dəfə ən azı 70 milyon manat yığdıqdan sonra aradan çıxdılar". Mənbənin iddiasına görə, pullar elə Arif Əsgərovun kabineti ilə qonşu otaqda və onun evinin önündə yığılırmış: "Rahib Hüseynovun kabineti ilə Arif Əsgərovun kabineti bir mərtəbədə yerləşirdi. Pullar da ya o kabinetdə yığılırdı, ya da Arif Əsgərovun "Vorovski" qəsəbəsində yerləşən evinin önündə. Əgər Arif Əsgərovun evininin önündə videoizləyici varsa, bunu sübut etmək elə də çətin olmaz". Məsələ ictimailəşdiyi üçün yuxarı orqanlar səviyyəsində fakta münasibət bildirildi. Amma aradan bir müddət keçəndən sonra 48 milyon manatlıq yeyinti sanki unuduldu. Yenə deyirik ki, burda söhbət 48, yaxud 48 min manatdan yox, 48 milyon manatdan gedir. Bu fakta görə Rahib Hüseynov ən azı uzunmüddətli həbsdə yatmalı idi. Lakin bir neçə ay öncə külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunan Rahib Hüseynov azadlığa buraxıldı. Həqiqətən də, dəhşətli məsələdir. Cinayətin böyüyü, kiçiyi yoxdur. Kim qanunvericiliyin tələblərini pozub hansısa cinayət əməlinə əl atırsa, qanunda nəzərdə tutulan şəkildə cəzasını alır və almalıdır da. Rahib Hüseynov isə cəmi bir neçə ay həbsdə yatandan sonra azadlığa çıxdı. Mətbuatın yazdığına görə isə, Arif Əsgərov öz oğlunu xilas etmək üçün Rahib Hüseynovu həbs etdirib, mənimsənilən pulları isə biznesinə yatırıb: "O Rahibə söz verib ki, 6 aydan sonra onu həbsdən qurtaracaq. Ancaq üstündən 6 ay keçəndən sonra R.Hüseynov A.Əsgərovdan xəbər çıxmadığını görüb, istintaqa real faktları açıqlamağa başlayıb. O, istintaqa yığılan pulların hamısını Elnar Əsgərova verdiyini, hətta bu işin başında Arif Əsgərovun başqa bir ailə üzvünün də dayandığını bildirib. Eyni zamanda Arif Əsgərova mesaj göndərib ki, hərəkətə keçməsə, istintaqa daha ifşaedici məlumatlar verəcək. Bundan təşvişə düşən QSC sədri istintaqla anlaşaraq onun azadlığa buraxılmasına nail olub". 48 milyonluq mənimsəmə faktında suçlandırılan şəxsin azadlığa buraxılması, ümumiyyətlə, yeyintidə adı keçən Elnar Əsgərovun istintaqa cəlb edilməməsi başadüşülən hal deyil. Zərərçəkmişlərin hər biri pulların məhz Arif Əsgərovun oğlu tərəfindən mənimsənildiyini deyirlər. İşin istintaqını aparan aidiyyəti hüquq-mühafizə orqanlarının rəsmiləri isə Elnar Əsgərovu dindirmədilər. "Liman Group"un rəhbəri istintaqın getdiyi ərəfələrdə Londonda istirahət edirdi. Beləcə, "Azərbaycan Dəmir Yolları" QSC-dəki 48 milyon manatlıq yeyinti faktı ört-basdır edildi. Biz aidiyyəti hüquq-mühafizə orqanlarından xahiş edirik ki, yeyinti faktını yenidən və tam obyektiv şəkildə araşdırıb əsl günahkarların barəsində cinayət işi qaldırsınlar. Əgər "Liman Group" şirkətinin rəhbəri Elnar Əsgərov cəzalandırılmasa və onun atası vəzifəsindən kənarlaşdırılmasa, QSC-də bu kimi xoşagəlməz hallar yenidən qeydə alına bilər. Ümumiyyətlə, Azərbaycanın dəmiryolları şəbəkəsinin təchizatını Arif Əsgərovun oğlu Elnar Əsgərovun rəhbərlik etdiyi "Liman Group" şirkətinin inhisara alması nə dərəcədə doğrudur? Bu haqda gələn saylarımızda geniş məlumat verəcəyik. Bizi izləyin. \\ gundelik-baku.com
Qarşı tərəfi də dinləməyə hzırıq...