Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (28-03-2024, 09:01)
50 min dollar rüşvət gətirmişdilər… - Xalq şairi

 Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının Kult.az-a müsahibəsi:
- Sabir bəy, vaxtilə “Şöhrət” ordenindən imtina eləmişdiniz…
- Bu suala bir neçə dəfə cavab vermişəm, təkrar edim. Bu orden mənə veriləndə Azərbaycanın bir milyon qaçqını var idi. Qəsəbələr də hələ tikilməmişdi, insanlar çadırlarda yaşayırdı. Torpaqlarımız işğal altında idi. Həm də mən şöhrət üçün yox, millətimizin istiqlalı uğrunda mübarizə aparmışdım. Ölkə başçısının məni dəyərləndirməsindən qürur duysam da, o milli faciələr içində döşümdə “Şöhrət” ordeni daşıya bilməzdim. Əsas səbəb bu idi və o vaxt da mətbuatda belə yazmışdım. O illəri görənlər yaxşı bilir ki, insanlar hansı vəziyyətdə idi. Belə bir məqamda mükafatlandırılmaq adama ağır gəlirdi. Mən şöhrət arxasınca qaçmamışam və həmin dövrlər onsuz da şöhrətin zirvəsində idim. Kitablar, meydan hərəkatı, bir sözlə, hər yerdə tanınıb, sevilirdim. “Ömür kitabı” əldən-ələ gəzirdi…
- O vaxt imtina edəndə Heydər Əliyevin sizə acığı tutmadı ki?
- O vaxt mənim hərəkətimi düzgün dəyərləndirən tək adam elə Heydər Əliyev oldu. Əvvəlcə demişdi ki, Sabir nahaq elə edib, biz onun yaradıcılığını, fəaliyyətini dəyərləndirmişik. İmtinadan sonra iqtidarlı-müxalifətli üstümə düşdülər, yazdılar…
- İmtinadan sonra Heydər Əliyevlə görüşünüzü necə xatırlayırsınız?
- Gülüstan sarayında tədbirlərin birində təsadüfən görüşdük. Düzü, mən onu görəndə utandım, çalışırdım ki, üz-üzə gəlməyək. Amma qaçmaq mümkün olmadı. Məndən niyə belə etdiyimi soruşanda düşündüklərimi dedim, qəzetdə yazdıqlarımı səmimi şəkildə təkrar etdim. Belə məsələlər barədə onun öz sözlərini xatırlatdım. O gülümsündü. Görüşdən sonra nə oldu, necə tapşırıq verdisə, bütün irad və tənqidlər kəsildi.
- Heydər Əliyevlə ən unudulmaz xatirəniz hansıdır?
- Bu haqda mənim bir kitabım var, “Ölüm son deyil. Tanıdığım Heydər Əliyev”. Orada bütün görüşləri, xatirələri yazmışam. Biz səfərlərdə də qarşılaşmışıq, tədbirlərdə də. Onun mənə çox yaxşılığı, hörməti keçib. Yazıçılar Birliyinin qurultayı düşür yadıma. Yazıçı-şairlərin çıxışlarını yarıda saxlayıb, iradlarını bildirirdi. Söz mənə çatanda axıra qədər dinlədi və dəstək oldu.
- Nə cür çıxış elədiniz ki?
- Birbaşa ədəbiyyatla bağlı problemlərdən danışdım və bildirdim ki, digər ölkələrə nisbətdə bizdə yazıçılar daha az qonorar alır, bunu da rəqəmlərlə əsaslandırmışdım. Çıxışın sonunda da o, üzünü Həsən Seyidova (1981-89-cu illərdə Azərbayca SSR Nazirlər Kabinetinin sədri – red.) tutub dedi: “Həsən, bu gündən yazıçıların qonorarlarının miqdarını bir milyon manat artırırsan”. Həmin gün bütün yazıçıların qəhrəmanı idim (gülür).
Növbəti kəskin iradım ana dilimizə münasibətlə bağlı idi. Mən bildirdim ki, hər yerdə adlar rusca yazılır. O vaxt vəziyyət başqa idi axı. Yaxşı yadımdadır, anam rayondan gəlmişdi, səhər işə gedəndə çörək yox idi. Demişdim ki, pəncərədən bax, mağazaya çörək maşını gələndə alarsan. Həmin gün evə gələndə gördüm, anam acdır. Səbəbini soruşanda dedi, axı çörək maşını gəlməyib. Məlum oldu ki, maşınların üstünə “Xleb” yazıldığına görə anam bilməyib. Bunları da dedim, dinlədi, göstəriş verdi. Heydər Əliyevin açıq sözə münasibəti həmişə yaxşı olub. O, saxta adamla səmimini ayıra bilirdi.
Heydər Əliyevin yaxşı yumor hissi də vardı. Bir dəfə təyyarə ilə gəlirdik, mənə gülə-gülə dedi, eşitdim, Milli Məclisdə demisən ki, icra başçılarını 150-200 min manat rüşvətlə işə götürürlər. Bilmədim nə deyim, dedim, cənab prezident, siz Allah, inciməyin, mən balaca rayonları demişdim. O da güldü və etiraf elədi ki, Qarabağ məsələsi, səfərlər, görüşlər vaxtını çox alır, iç məsələlərimizə vaxt az qalır. Güclü və ciddi xarakter idi, həyatı dibinə qədər bilirdi.
- Meydan Hərəkatındakı Sabir Rüstəmxanlı ilə millət vəkili Sabir Rüstəmxanlı arasında hansı fərqlər var?
- Xaraktercə heç bir fərq yoxdur. Mən elə həminki adamam. Bütün hallarda isə 35 illik bir fərqi demək olar. Biz böyük bir imperiyaya qarşı çıxmışdıq. Mən meydana gedəndə dedim, kəfəni boynuma keçirib gedirəm. Axırı nə olacaqsa, bilmirdik. Ölə də bilərdim, həbs oluna da. Təbii ki, indi həmin ehtirasla, pafosla çıxışlar etmirəm. Orada pafos da var idi, coşqu da. Hər şey başqa idi. İndi ona ehtiyac yoxdur. Mən artıq öz müstəqil ölkəmdəyəm. Bu gün qışqırmaqdan daha çox düşünməyə üstünlük verirəm. Düşünürəm ki, müstəqil ölkəni necə qoruyub inkişaf etdirək, gənc nəsli necə tərbiyə edək, milli birliyə necə nail olaq? Axı bizim düşmənlərimiz az deyil.
- Sülhə münasibətiniz necədir?
- Bilirsiniz, dünyada əbədi müharibə yoxdur. Heç əbədi sülh də yoxdur. Ermənilərlə keçən əsrdə üç dəfə üzbəüz gəlmişik. Amma sülh olmalıdır. Bu sülh bizdən çox ermənilərin özünə lazımdır. Rus politoloqun biri yaxşı demişdi ki, növbəti müharibə olsa, Ermənistan olacaq Qərbi Azərbaycan. Paşinyan özü də başa düşür, düşməlidir ki, sülhdən başqa yol yoxdur.
- Sabir bəy, indiyədək bu qədər işlər, məmurluq yaradıcılığınıza mane oldumu?
- Öncə onu deyim ki, deputatlıq məmurluq deyil. İkincisi, şeir daha çox gəncliyin məhsuludur. İndi mənim ömrümün payızıdır, yazdıqlarımı yığmaqla məşğulam. Əsərlərimin 11-cildi çıxıb artıq. 4 cildi qalıb. Amma əlavə bir neçə cild də buraxmalı olacağıq. Şeir indi də yazıram, amma əvvəlki ardıcıllıqla yox. Əvvəl elə olub, məzuniyyətdə bir aya bir kitab yazmışam.
- Belə çıxır ki, şeir sizinçün texniki məsələdir, hiss yox. Bir aya bir kitab yazmağı indi qınayarlar…
- Yox, elə deyil. Əlbəttə ki, birdən-birə oturub bir aya kitab yazmırsan. Yollarda, işdə, yığıncaqlarda tamamlamağa imkan olmayan yarımçıq yazılardı, boş vaxt tapan kimi tamamlayırsan. Mən həyatı yağ-bal içində, rahat keçən, yaradıcılıqdan başqa işi olmayan xoşbəxt qələm adamlarından olmamışam. Ömrüm, ürəyim daim yüksək gərginlik altında olub. Yaş da öz sözünü deyir. Dəyişilməyən tək şey fikir və ideyalarımdır.
- Belə çıxır ki, vəzifə sizə ancaq vaxt cəhətdən maneə olub?
- Bəli. Vəzifə maneə törədə bilir. O baxımdan ki, vaxtın az olur, yaxud, insanlar arasında birmənalı qarşılanmırsan. Vəzifədə olmasam, dedi-qodudan, təhqirlərdən uzaq olardım. Adam var, ömründə bir dəfə rastlaşmamışıq, heç nəyimdən xəbəri yoxdur, amma nə gəldi danışır. Mən həyatımı millətimizin taleyindən, ictimai proseslərdən kənarda təsəvvür edə bilmirəm. Gənclik illərindən belə olub. İstəsəm də bunlardan kənarda qala bilməzdim. Millət meydana çıxanda evdə raharca oturub, şeir, yazı yaza bilməzdim. Amma belələri də oldu. İctimai fəallıq çox ziyan vurur, səni daim sevməyənlərinin hədəfində saxlayır, lakin bunun üstünlükləri də var: Dünyanı gəzdim, çox gördüm, bildim, bu da mənim yaradıclığıma xeyir verir. Üstəlik, mən düzlükdən başqa yol tanımıram. Millət vəkili olaraq daim xalqın mövqeyindən hərəkət və çıxış etmişəm, insanlara köməyim dəyib. Başqa dairədən insanlar da mənə deyir ki, kaş bizim deputat siz olaydınız, məndən kömək istəyirlər. Qara-qura işlərə də bulaşmamışam, rüşvət almamışam.
- Rüşvəti təklif də etməyiblər heç?
- Edənlər də etdiklərinə peşman olublar! Daim deputat maaşı ilə dolanmışam.
- Deputat maaşı həm özünüzə, həm də başqalarına kömək eləməyə o qədər imkan verir?
- Mənim iştahım böyük deyil. Deputat maaşı və təqaüd mənə bəs edir.
- Yadınızda qalan rüşvət təklifi hansıdır? Ən çox nə qədər ediblər?
- Birini deyim. Mən nazir olanda o vaxtki Prezident Aparatından yanıma adam göndərmişdilər ki, filan kitab dükanının bir hissəsini bizə ver, onsuz da özəlləşəcək. Dinləyib dedim, mən kitab dükanı satmıram, bunu da apar qaytar özünə. Amma gətirdiyi pulun miqdarını soruşdum. Dedi: 50 min dollar! Elə bilirdilər, bu məbləğlərlə hər kəsi əyə bilərlər…
- Başqa hansı rüşvət təklifi olub?
- Şirinlik vermək istəyən də olub. Bir dəfə də Azərkitaba direktor axtarırdım. Dostum Nəcəf Nəcəfova dedim, o da güvəndiyi bir adamı göndərdi. Söhbət elədik, bəyəndim, əmrini verdim. Sonra gördüm ki, gəlib otağın qabağına. Dedim, işdə deyilsən? İçəri gəlib dedi ki, işdəyəm, amma sizinlə söhbət eləmək istəyirəm. Məlum oldu ki, şirinlik gətirib işə girdiyinə görə. Konverti geri qaytarıb, dedim: “Mən səni işə Nəcəf bəyə və öz peşəkarlığına görə götürdüm. Get işini yaxşı gör, o da olsun sənin şirinliyin. Yoxsa bu dəqiqə əmrini ləğv etdirərəm”.
- Kimdir ki, o adam?
- Adını çəkməyim. Oxuyanda özü görəcək, biləcək.
- Sabir bəy, bəs şair olaraq Yazıçılar Birliyinin fəaliyyətinə, Anara münasibətiniz necədir? Onu bir çox gənc şair və yazıçılar diktator adlandırır, deyirlər, vəzifədən əl çəkmir…
- Anar mənim sayğı bəslədiyim adamdır və gözəl yazıçıdır. 30 ildir AYB- nə başçılıq edir. İndi o illərin tənqidi mənasızdır. Anar yazıçı-şairlərə bacardığı qədər köməklik edir, əlindən nə gəlirsə, əsirgəmir. İmkan dairəsində ev də verir. Amma hamıya çatmır. Belə şeylər də narazılığa gətirib çıxardır. Bu, diktatorluqdur? Ədəbiyyat AYB-də və ya Anarın kabinetində yaranmır, müstəqil yaradıcılıq işidir. Hər kəs yazır, yazdığını çap etdirir. Anarı tənqid edənlər də AYB-nin ədəbi orqanlarında maneəsiz çap olunurlar. Onda sənin dediyin diktaturanın mahiyyəti nədən ibarətdir? Anar yalnız AYB-də çalışan işçilərin üzərində diktatorluq edə bilər; bunu da görmürük. Öz böyüklərimizin, istedadlı adamlarımızın qədrini bilək! Bir vaxtlar Bəxtiyar Vahabzadə haqqında da danışırdılar, maşının dəyişdi, oğlu prokrordur və s. Deyirdim, vaxt gələcək, Bəxtiyarı çox axtaracaqsınız, qədrini bilin! Mən demirəm ki, Anarın 30 il sədr olması gözəl bir şeydir. Ancaq onun sədr olması AYB-ni qoruyub.
- Siz də xalq şairisiniz, Ramiz Rövşən də, Anar da xalq yazıçısıdır. Amma siz onlar qədər tənqid olunmursunuz…
- Mən müqayisə aparmamışam. Məni də siyasətçilər söydürür. Az tənqid olunuramsa , deməli, hələ insaflarını tam itirməyiblər. Məni də, onları da bəyənməmək normaldır, amma yenə deyirəm, qədir bilmək lazımdır. Sonra əl-əl axtaracaqsınız...шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024