Sosial (8-01-2024, 13:13)
Vüqar Qurbanovun korrupsioner komandası: mənimsəmədə ittiham olunan Güllü İbadova yüksək vəzifəyə təyin edilib
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov tərəfindən 2023-cü ilin noyabr ayında Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun tibbi xidmətin təşkili üzrə müavini vəzifəsinə təyin edilən Güllü İbadovanın işə çıxmadığı deyilir. Güllü İbadovanın işə çıxmamasının səbəbi açıqlanmır.
Məlumat olaraq cumhuriyyet.az bildirir ki, Güllü İbadova 2017-2020-ci illər ərzində Laçın Rayon Mərkəzi Xəstəxanasının baş direktoru vəzifəsində çalışarkən ştat cədvəllərində saxtakarlıqlar edərək israf etmə yolu ilə 17.575,92 manat məbləğində dövlət vəsatini mənimsəməkdə ittiham edilirdi. Buna görə sabiq baş direktora Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayyət işi açılıb və iş məhkəməyə göndərilmişdi.
Güllü İbadova Səhiyyə Nazirliyinə 17.575,92 manat məbləğində dəymiş maddi ziyanı, həmçinin dövlət nəfinə ödənilməli olan 4394 manat məbləği ödədikdən sonra onun barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilmiş, Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə CM-nin 73-1.2-ci maddəsinin tələblərinə əsasən cinayət məsuliyyətindən azad olunmuşdu. TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun ötən ilin noyabr ayında Güllü İbadovanı Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun tibbi xidmətin təşkili üzrə müavini vəzifəsinə təyin etməsi sosial şəbəkələrdə birmənalı qarşılanmamış, korrupsiyada adı çəkilən şəxsin yüksək vəzifəyə təyin edilməsi qınanılmışdı.
“Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-in İdarə Heyətinin sədrinin qərarı ilə Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin əsasında yaradılıb. Mərkəzə Bakı şəhərində yerləşən ambulator və stasionar xidmət göstərən 105 tibb müəssisəsi daxildir. Bunlara 33 şəhər poliklinikası, 20 uşaq poliklinikası, 12 birləşmiş şəhər xəstəxanası, 5 tələbə poliklinikası, 6 qadın məsləhətxanası, 4 uşaq stomatoloji poliklinikası, 3 ədəd sağlamlıq mərkəzi, 2 ədəd müalicə-diaqnostika mərkəzi və digər tibb müəssisələri aiddir.