Sosial / Slayd (24-02-2023, 08:59)
Tikinti şirkətlərinin illərdir davam edən ÖZBAŞINALIĞI...
Azərbaycanda bir çox insan özəl əmlaka sahib olasa da, ondan istifadə etmək və onun barəsində sərəncam vermək imkanları məhduddur. Mənzil haqqının məbləğinin müəyyənləşdirilməsindən tutmuş yaşadığı mənzilin yerləşdiyi torpaq sahəsi üzərində sərəncam verməyə qədər olan məsələləri mülkiyyət sahibi yox, Mənzil-Kommunal Təsərrüfatları (MTK) verir. Əhalidən davamlı olaraq zibil pulu, mənzil haqqı, lift pulu yığdıran MTK-lar qanunvericiliyin ona verdiyi vaxt limiti tələbini pozaraq süni surətdə ömrünü uzadır.
Halbuki MTK-lar hüquqi statusuna görə istehlak kooperativi hesab olunur. Kooperativ binanın tikintisi başa çatıb çoxmənzilli bina istismara veriləndən sonra MTK-lar ömrünü başa vurmalı, binanın idarə edilməsi ilə bağlı qərarı bina sakinləri verməlidir. Mənzil Məcəlləsinə görə, dövlət mənzil fondu müvafiq dövlət qurumları, bələdiyyə mənzil fondu bələdiyyələr tərəfindən idarə olunur. Özəl mənzil fondu isə mülkiyyətçinin birbaşa özü və ya onun seçimi əsasında idarəedici təşkilat tərəfindən idarə olunur. Amma praktikada qanunun bu tələbinə əməl olunmur. Təsadüfi deyil ki, mənzil tikintisi artdıqca dövrü mətbuatda və sosial şəbəkələrdə MTK-ların fəaliyyətindən narazılıqların artdığını görürük.
Əsas şikayət isə mənzillərə xidmətə görə haqların yüksək olması və ya onun sakinlərin rəyi nəzərə alınmadan dövrü olaraq artırılması ilə bağlıdır. Digər problem sahə mülkiyyətçiləri tərəfindən yaşayış sahəsinin saxlanması haqqı ödənilmədiyi təqdirdə MTK tərəfindən mənzilin elektrik və istilik enerjisi, qaz və su təminatının dayandırılması ilə bağlıdır. Bir sözlə, tikinti şirkətləri qanunvericiliyin bütün tələblərini gözardı edərək özəl mənzil sahiblərinin idarəetmədən kənarda qalmasına nail olublar. Lakin bu özbaşınalıqla razılaşmayan sakinlərin müraciətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb və iddiaçıların tələbinə uyğun olaraq tikinti şirkətinin binadan çıxarılması ilə bağlı qətnamə qəbul edilib.
Mediatv.az-ın məlumatına görə, hüquqşünas Əkrəm Həsənov “Şərq”ə açıqlamasında bildirib ki, Mənzil Məcəlləsinə görə, çoxmənzilli binaları sakinləri ümumi yığıncaqla idarə etməlidir. Lakin tikinti şirkətləri buna imkan vermir:
“Sakinlərin savadsızlığı və birləşməyi bacarmamasından istifadə edərək binanı idarə etməyə və sakinlərdən pul sovurmağa davam edirlər. Hətta onlara ödəniş etməyən sakinlərə zülm edir, məhkəməyə müraciət edərək ödəniş də tələb edirlər. Əksəriyyət elə düşünür ki, guya, çoxluğa malik olmayan sakinlər məhkəməyə müraciət edə bilməz. Bu yanaşmanı alt-üst etmək üçün yaşadığım binadan başladım. Binanı guya sakinlərin çoxu ilə müqavilə bağlamış Novruz Zeynalov adlı tikinti maqnatına məxsus “Komfort Yaşam” MMC idarə edir. Halbuki ümumi yığıncağın və ya bələdiyyənin qərarı olmadan sakinlərlə müqavilə bağlanıla bilməz. Çünki söhbət binanın ümumi mülkiyyətdə olan əmlakının idarə edilməsindən gedir. İddia tələbimi də sırf bunun üzərində qurdum.
Xətai Rayon Məhkəməsi (hakim Aygün Həsənova) iddiamı təmin etmədi. 10 fevral 2023-cü il tarixdə isə Bakı Apellyasiya Məhkəməsi hakim Xumar Mərdanovanın sədrliyi ilə qərara aldı ki, ümumi yığıncağın iradəsi olmadığı üçün “Komfort Yaşam” MMC binanı qanunsuz idarə edir, buna görə də binadan çıxarılmalı və onun idarəetməsindən kənarlaşdırılmalıdır. Qətnaməni dərc edirəm.
Düzdür, məhkəmə indiyədək guya faktiki xidmət göstərdiyi üçün MMC-yə ötən dövr üçün ödənişlərin edilməsi qənaətində də qaldı. Yanlış mövqedir, çünki binanı zəbt etmiş şəxsə hansı ödənişdən söhbət gedə bilər axı! Amma bu, əsas məsələ deyil. Əsas odur ki, ölkədə ilk dəfə cəmi bir neçə (dörd) sakinin iddiası ilə tikinti şirkəti idarə etdiyi binadan çıxarılacaq. Yəqin ki, tikinti şirkəti Ali Məhkəməyə şikayət edəcək.
Amma bu, artıq heç nəyi dəyişə bilməz. Düzgün yanaşma öz təşəkkülünü tapacaq. Bu qətnamə digər binaların sakinləri üçün örnək olacaq. Odur ki, tikinti şirkətlərini binalarınızdan qovun, idarəetməni öz əlinizə alın”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024