Siyasət (2-11-2018, 13:00)
100-dən çox hakim məhkəmə sistemindən uzaqlaşdırılıb
Noyabrın 2-də Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.Mediatv.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, iclasın gündəliyinə 15 məsələ daxil edilib.
Məsələlərdən yeddisi hakimlərin təyinatı (təsdiqi) ilə bağlı məsələdir.
MM-in Hüquq siyasət və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli 7 məsələ barədə məlumat verərək bildirib ki, son 11 il ərzində, yəni, 2007-ci ildən bu yana ölkə də hakimlərin sayı iki dəfə artıb.
Onun sözlərinə görə, ötən illərdə fəaliyyəti dövründə neqativ hərəkətlərə yol vermiş 230 hakim barədə inzibati icraat işinə başlanılıb, 100-dən çox hakim isə məhkəmə sistemindən uzaqlaşdırılıb.
Komitə sədri deyib ki, ümumiyyətlə, ölkədə aparılan islahatlar nəticəsində məhkəmə-hüquq sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub, Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri artırılıb.
Sonra komitə sədri vakant yerlərə yeni hakimlərin namizdəliklərinin irəli sürüldüyünü bildirib və qeyd edib ki, onlar fəaliyyətləri dövründə neqativlərə yol verməyiblər.
O, həmçinin deyib ki, onların namizədlikləri təsdiqlənərsə, bu, ölkədə hakimlərin yükünün azalmasına da səbəb olacaq.
