Siyasət (26-02-2018, 10:39)
Deputat: Avroparlamentin bəyanatı diplomatiyamızın uğurudur
Avropa Parlamenti üzvləri tərəfindən Xocalı soyqırımı ilə bağlı qəbul edilən bəyanatı yüksək qiymətləndirirəm.
Mediatv.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin (MM) Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvü Azər Kərimli bildirib.
O qeyd edib ki, bu bəyanat münasibətlərin bərpasından sonra keçən son bir ildə Avropa Parlamentinin üzvləri ilə aparılan intensiv və məqsədyönlü işin nəticəsidir və Azərbaycan parlament diplomatiyasının növbəti uğurudur.
Millət vəkili bəyanatın Avropa Parlamentində yenicə yaradılmış “Azərbaycanın Dostları Klubu”nun üzvləri tərəfindən irəli sürülməsini və dəstəklənməsini vurğulayaraq deyib ki, bu, Avroparlament nəzdində dostluq qrupunun yaradılmasının nə qədər doğru və vacib addım olduğunu bir daha göstərir.
Deputat onu da qeyd edib ki, bu sənəd gələcəkdə qəbul ediləcək daha mühüm sənədlər üçün bir əsas olacaq və bunun üçün daha çox çalışmaq, beynəlxalq parlament qurumları ilə daha sıx əlaqələr qurmaq vacibdir:
“Hazırda dünyada parlament diplomatiyasının rolu və əhəmiyyəti artır. Bunu nəzərə alaraq Milli Məclisin müvafiq təşkilatlarla işləyən nümayəndə heyətləri, o cümlədən Avropa Parlamenti ilə münasibətdə olan bizim nümayəndə heyətimiz mümkün bütün vasitələrlə əlaqələrin daha intensiv xarakter almasına, əməkdaşlığın genişləndirilməsinə çalışır. Düşünürəm ki, bu məqsədyönlü iş tezliklə daha çox və daha ciddi nəticələr verəcək”.
Qeyd edək ki, Xocalı faciəsi ilə bağlı bəyanat, Avropa Parlamentinin 13 ölkəni (28 ölkədən) və altı siyasi qrupu (səkkiz qrupdan) təmsil edən 22 üzvü tərəfindən, o cümlədən qurumun vitse-prezidenti tərəfindən imzalanıb.
Bunlar Andrey Mamikins (Latviya), Norika Nikolai (Rumıniya), İveta Grigule-Peterse (Latviya), Ramona Manesku (Rumıniya), Xavier Nart (İspaniya), Tomaş Zdeçovski (Çexiya), Hannu Takkula (Finlandiya), İvo Vayql (Sloveniya), Angelo Çiokka (İtaliya), Lorenzo Fontana (İtaliya), Mark Tarabella (Belçika), Kristian Buşoi (Rumıniya), Alberto Çirio (İtaliya), Boris Zala (Slovakiya), Aldo Patriçiello (İtaliya), Yana Toon (Estoniya), İlhan Küçük (Bolqarıstan), Franz Obermayr (Avstriya), Valentinas Mazuronis (Litva), Heydi Hautala (Finlandiya), Angel Cambazski (Bolqarıstan) və italyan Salvo Pogliezedir.