Siyasət (20-12-2017, 18:00)
Prezident: Azərbaycanla Türkiyənin həmişə bir-birinin yanında olması önəmlidir
Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mediatv.az APA-ya istinadən xəbər verir ki, türkiyəli nazir ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsində çoxsaylı qarşılıqlı səfərlərin və görüşlərin önəmini vurğulayıb.
Prezident İlham Əliyevlə ötən görüşünü və bu il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını məmnunluqla xatırlayan Mövlud Çavuşoğlu gələcək illərdə də dövlət başçılarının rəhbərliyi ilə önəmli layihələrin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib. Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin üçtərəfli görüşünün əhəmiyyətinə toxunan M. Çavuşoğlu bu görüşlərin gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.
Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin ən yüksək səviyyədə olduğunu bildirən prezident İlham Əliyev əlaqələrimizin möhkəmləndirilməsində mütəmadi xarakter daşıyan yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Dövlət başçısı ölkələrimizin həmişə bir-birinə qarşılıqlı dəstək verməsinin və bir-birinin yanında olmasının önəmini qeyd edib. Prezident İlham Əliyev bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin üçtərəfli görüşünün əməkdaşlığımızın möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıdığını deyib.
Bakı-Tbilisi-Qars dəmir yolunun açılışına toxunan dövlət başçısı bunu təkcə regional deyil, beynəlxalq səviyyəli mühüm tədbir kimi dəyərləndirib.
Görüşdə TANAP layihəsinin uğurla həyata keçirilməsinin əhəmiyyəti qeyd olunub.