Siyasət (20-07-2017, 10:16)
Numan Kurtulmuş: Türkiyə Qətər ətrafında böhranın həllində vasitəçi ola bilər
Türkiyə Qətər ətrafında böhranın həllində vasitəçilik missiyasını öz üzərinə götürə bilər.
Mediatv.az-ın APA-ya istinadla məlumatına görə, Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bu barədə “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.
“Səudiyyə Ərəbistanı Qətərə qarşı irəli sürülən tələblərə yenidən baxmalı, Qətər isə danışıqların başlanmasına imkan verəcək konstruktiv mövqe nümayiş etdirməlidir. Bu halda Türkiyə böhranın həllində vasitəçilik missiyasını öz üzərinə götürə bilər”, -deyə N.Kurtulmuş qeyd edib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iyulun 23-24-də Qətər, Küveyt və Səudiyyə Ərəbistanına səfər edəcəyi gözlənilir.
Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik münasibətləri kəsdiklərini elan edib. Onlar rəsmi Dohanı terrorçu təşkilatları dəstəkləməkdə və Yaxın Şərqdə qeyri-sabitlik yaratmaqda ittiham edib. Daha sonra adıçəkilən ölkələr Qətərə 13 bənddən ibarət ultimatum veriblər. Sənəddə İranla diplomatik əlaqələri kəsmək, silahlı qruplaşmaların maliyyələşdirilməsini dayandırmaq, “Əl-Cəzirə” telekanalını bağlamaq kimi tələblər yer alıb. Rəsmi Doha ölkəyə qarşı irəli sürülən ittihamları və ultimatumu qətiyyətlə rədd edib.