Siyasət (3-07-2017, 21:47)
Beynəlxalq Telekommunikasiya İttifaqından rəsmi Bakıya dəstək – MƏKTUB
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Hulin Zao Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ zonasında qeyri-qanuni təsis edilən “Qarabağ Telekom” şirkətinin fəaliyyəti ilə bağlı ciddi narahatlığını vurğulayıb.
Mediatv.az-ın News.Az-a istinadən xəbərinə görə, BTİ-nin yaydığı məlumatda bildirilir ki, bütün üzv dövlətlər müvafiq öhdəliklərə uyğun olaraq, İttifaqın hüquqi sənədlərində göstərilən əsas prinsiplərə, xüsusilə də hər bir üzv dövlətin suveren hüququna hörmət etməli, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində telekommunikasiya xidmətlərini tənzimləməlidirlər.
Qeyd olunur ki, Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış strukturu kimi İttifaq BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik şurasının müvafiq qətnamələrini nəzərə alır.
“Qarabağ Telekom” Azərbaycanın işğal edilmiş ərazilərində Azərbaycan hökumətinin müvafiq icazəsi olmadan Azərbaycanın radio tezliklərindən istifadə etməklə rouminq xidmətləri təklif edir, həmçinin Azərbaycana məxsus olmayan ölkənin milli kodundan istifadə edir (+374). Bu qanunsuz fəaliyyət BTİ-nin Nizamnaməsini və Jenava Konvensiyasınının müddəalarını (1992-ci il), həmçinin BTİ-nin beynəlxalq kommunikasiyalarının nömrələnmə planını kobud şəkildə pozur.
Eyni zamanda, bu şirkətin fəaliyyəti Azərbaycan dövlətinə beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində telekommunikasiya xidmətlərini tənzimləməkdə və nömrələnmə resurslarından istifadə etməkdə ciddi maneələr yaradır.