Siyasət (23-05-2017, 13:53)
Zakir Həsənov Mançester şəhərində baş vermiş terrora münasibətini açıqlayıb – FOTO
Mayın 23-də Batumidə Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb.
Mediatv.az Report-a istinadən xəbər verir ki, Gürcüstanın müdafiə naziri Levan İzoria tədbiri açdıqdan sonra Mançester şəhərində törədilmiş terror hadisəsi zamanı həlak olanların ailələrinə başsağlığı verib, Gürcüstanın terroru qətiyyətlə pislədiyini bildirib.
Türkiyənin milli müdafiə naziri Fikri İşık tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıq edib, ölkəsinin də terrora qarşı mübarizə apardığını diqqətə çatdırıb.
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov da Mançester şəhərində baş vermiş terroru qətiyyətlə pisləyib. Bildirib ki, Azərbaycan dövləti terrora qarşı çox sərt mövqe nümayiş etdirir:
“Terror vasitəsilə dinc insanların qətlə yetirilməsi, ölkələrdə sabitliyin pozulmasına, beynəlxalq əməkdaşlığa, sülhə qarşı cəhddir. Bütün dövlətlər terrora qarşı birgə mübarizə aparmalıdır”.
Üçtərəfli görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik və bölgədə həyata keçirilən iqtisadi layihələrin birgə mühafizəsi və digər məsələlər müzakirə olunur.