Siyasət / Slayd (14-05-2014, 23:23)
"Soyuq müharibə hələ çox davam edəcək" - İlham Rəhimov
Tanınmış iş adamı: "Heç vaxt Azərbaycan vətəndaşlığından imtina etmərəm"; "Rusiyanın Azərbaycanda "beşinci kolon"u da, agenti də yoxdur"
Tanınmış iş adamı, əməkdar hüquqşünas, hüquq elmləri doktoru, professor İlham Rəhimov "Gündəlik Teleqraf" qəzetinə geniş müsahibə verib, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə mövqeyindən, Ukraynada baş verən proseslərdən geniş şərh verən professor İ.Rəhimov, həmçinin şəxsi həyatından, sevdiyi musiqilər, oxuduğu kitablar və tarixi şəxsiyyətlər haqqında danışıb.
- Məşhur adamların həyat tərzi, gündəlik məişəti insanların diqqətini cəlb edir. İş adamı kimi yəqin daim kostyumda olursunuz. Hazırda taxdığınız qalstuk, geyindiyiniz kostyum hansı brenddəndir?
- Məni tanıyan, tez-tez görən insanlar bilir ki, nadir hallarda kostyum geyinirəm. Toyda, hansısa ictimai tədbirdə olanda qalstuk taxıram. Ümumiyyətlə, mənim geyim formam cinsdir, yüngül geyimlərə üstünlük verirəm. Bu cür geyimdə özümü daha azad və rahat hiss eləyirəm.
- Hansı markalara üstünlük verirsiniz?
- Kostyumların hamısını tikdirirəm.
- Xüsusi dərziniz var?
- İtalyan firması var, onlar mənim ölçülərimi bilirlər. Parçalarını özüm seçirəm, onlar da tikib göndərirlər. Mütəmadi olaraq kostyumlarımı hazırlayırlar. İldə bir dəfə ölçümü götürürlər. Yəni, heç bir mağazadan kostyum, köynək almıram.
- Adətən, Sizin adınızı V.Putinlə bir çəkir və təqdim edirlər. Siz bu barədə dəfələrlə suallara cavab vermisiniz. Azərbaycan mediasında gündəmə çox gəlməsə də, dünyanın işgüzar dərgiləri hər zaman "məşhur üçlük" deyə Vladimir Putin, İlham Rəhimov və Viktor Xmarinin dostluğundan yazırlar. Bu üçlük necə formalaşdı?
- Bu suala çox cavab vermişəm, bu mövzuya bir daha qayıtmaq istəmirdim, qısaca deyirəm: 1970-ci ildə heç kim bir-birini tanımırdı. Universitetə qəbul imtahanı verilən dövrdə artıq tanış olduq. 70-ci illərdə formalaşan münasibət bu günə kimi də qalır.
- Sizin üçün tutduqları postdan, maddi durum və statuslarından asılı olmayaraq Vladimir Putin və Viktor Xmarin kimdir?
- Onların ikisi də mənim dostumdur. Tələbəlik dövründən bu günə kimi olan dostlarımdır.
- Bu məşhur adamlardan söz düşmüşkən, Xmarin Putinin qohumunu sevib və evlənib zamanında, bu sevgi hekayəsini Siz hansı ölçüdə bilirsiniz?
- Hərdən bəzi mətbuat orqanları bunu səhv salırlar. Xmarin sərbəst adamdır, dövlət işində işləmir, doğrudan da, onun həyat yoldaşının Putinlə qohumluğu var, düzü budur.
- Leonid Mixayloviç Poloxovu xatırlamamış olmazsınız, Sizinlə eyni fakültədə və kursda oxuyub. O, yazır ki, İlham Rəhimova atası bir mənzil almışdı, Azərbaycandan yaxşı konyaklar barat edilirdi, biz də hərdən ora "yığışırdıq"... Dəbdəbəli banketlər o tələbə yığıncaqlarından daha zövqlüdür, yoxsa əksinə?
- Doğrusu, onun bu fikrini oxumamışam. 1970-ci illərdə nəinki Leninqrad şəhərində, heç Bakıda da heç kim ev ala bilməzdi. Mənzillər müəyyən olunmuş qaydalarla insanlara dövlət tərəfindən verilirdi. O ki qaldı konyak və digər məsələlərə, ərz eləyim ki, biz o vaxt şərqşünaslıq fakültəsində oxuyan rəhmətlik qardaşımla birlikdə kirayədə qalırdıq. İçkilərdən çox vaxt pivəyə üstünlük verirdik, konyak və digər spirtli içkilərə aludə deyildik.
- İndi nəyə üstünlük verirsiniz?
- İndi içki ilə nə dostluq edirəm, nə də düşmənimdir.
- İçki kolleksiyasına marağınız var?
- Var. Konyak kolleksiyası yığıram. Məndə konyak kolleksiyası çox güclüdür, həvəsim var. İçkilərin içində ən xoşuma gələn konyakdır.
"Hər hansı bir dövlətin Azərbaycanda əsgərinin olmasının əleyhinəyəm"
- Kolleksiyanız Rusiyadadır, yoxsa Bakıda?
- Bakıdadır.
- Azərbaycanda da biznesinizin olduğu məlumdur. Amma nədən "bu məhsulu İlham Rəhimovun şirkəti istehsal edir" deyə biləcəyimiz bir brend yoxdur?
- Haradan müəyyən etdiniz ki, mənim Azərbaycanda biznesim var?
- Mətbuatda belə iddialar səslənir...
- Mənim Azərbaycanda heç bir biznesim yoxdur. Mən dövlət məmuru deyiləm ki, onu gizlədəm.
- Bəs istərdinizmi biznesinizi Azərbaycana da gətirəsiniz? 2014-cü ili cənab Prezident "Sənaye ili" elan edib, bununla bağlı ölkəmizə sərmayə qoya bilərsiniz?
- Bizim əsas biznes fəaliyyətimiz mülkiyyətlə əlaqədardır: ticarət mərkəzləri, otellər və s. Moskva şəhəri ilə bağlıdır. Amma Azərbaycanda xoşuma gələn, mənə sərf edən otel və ya ticarət mərkəzi olsa, onu almağa həvəsim ola bilər. "Dağlıq Qarabağ mübahisə mövzusu deyil"
- İlham müəllim, Siz keçmiş SSRİ məkanında cinayət hüququ üzrə ən gənc elmlər doktoru olmusunuz, bioqrafiyanıza baxanda açıq görünür ki, alim kimliyiniz iş adamlığınızdan daha zəngindir. Hətta müsahibələrinizin birində "mən özümü həmişə elm adamı kimi hiss etmişəm və elmi nailiyyətlərimdən daha çox ləzzət alıram, nəinki biznesdəki uğurlarımdan..." demisiniz. Zira, elm bir qədər zahidlik, biznes isə kommunikativlik tələb edir. Bu ziddiyyəti necə çözürsünüz?
- Bir dəfə bu sözü dedim, hansısa jurnalist irad tutdu. Dedim ki, bu saat elmlə məşğul olmaq mənim üçün hobbi kimi bir şeydir. Qarşımda hansısa niyyət və ya məqsəd qoymuram ki, elmlə məşğul olub hüquq elmləri doktoru, professor olum. Bunların hamısı artıq məndə var. Tələbəlik vaxtından elmə güclü həvəsim olub, praktik işlə məşğul olanda elmlər namizədi idim, Ədliyyə Nazirliyində çalışa-çalışa hüquq elmləri doktoru oldum. Elm mənim üçün hobbidir. Bunu özümə istirahət kimi qəbul edirəm. Biznesin ən çətin dövrü onu yaratmaq və relsə qoymaqdır. 14 il bundan qabaq biznesi Quba yəhudiləri ilə birgə yaratdıq. Yaradanda müəyyən çətinliklər, problem vardı. Tədricən bunlar da həll olundu. İndi problemlər olanda artıq mən yox, mənim şəriklərim məşğul olur. Onlar etibarlı adamlardır, sadəcə olaraq ağsaqqallıq edirəm, müəyyən çətin problemlər yarananda yardımçı oluram.
İlham Rəhimov: "Heç vaxt Azərbaycan vətəndaşlığından imtina etmərəm"
- Bu yaxınlarda Sizin Bakı Dövlət Universitetində kitabınızın təqdimat mərasimi keçirildi. Hazırda kitab yazırsınız? Kitablarınızı hansısa dilə tərcümə etmək fikrindəsinizmi?
- Mayın axırında, ya da iyunun əvvəllərində "Cinayətkarlıq və cəza" adlı kitabımın türk dilində təqdimatı olacaq. Eyni zamanda bu ay "Filosofiya prestupleniya i nakazaniya" adlı kitabım Azərbaycanda öz dilimizdə çapa verilir, gələn ay isə Londonda ingilis dilində çap olunacaq. Hazırda çoxdan material topladığım yeni kitab üzərində işləyirəm.
- İlham bəy, Rusiya-Ukrayna münasibətlərinin hazırkı qanlı vəziyyətini necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, Rusiya Ukraynada hadisələrin belə inkişaf etməsini gözləmirdi. Qərblə Rusiya arasında mübarizə Yanukoviçə görə idi və Moskva bilirdi ki, Yanukoviçi itirməklə o, Ukraynanı itirəcək. Bu isə öz növbəsində MDB-nin dağılmasına gətirəcək, nəticədə NATO qüvvələri bu ərazilərdə bərqərar olacaq. Qərbin və ABŞ-ın məqsədi Rusiyanı hissələrə parçalamaqdır. İlk növbədə, Qərbə Ukraynanı MDB-dən qopartmaq lazımdır, ona görə ki, məhz Ukrayna MDB-nın ikinci güclü dövlətidir. Aydındır ki, baş verəcək prosesləri qabaqcadan proqnozlaşdıra bilən və kifayət qədər praqmatik siyasəti olan V.Putin bu nəticələri, daha doğrusu, hələ ki davam edən və müşahidə etdiyimiz hadisələri bilirdi. Artıq Qərb və ABŞ ilə Rusiya arasında başlayan soyuq müharibə öz mənfi iqtisadi təsirini hamıya göstərməkdədir. Ruslar soyuğa və aclığa dözə bilərlər, amma Qərb əhalisi qətiyyən hazır olmadıqları bu kimi narahatlığın öhdəsindən qələ biləcəklərmi? Buna görə də, həyəcan və ruslarla soyuq müharibəyə son qoymaq tələbləri mütləq olacaq. Ukraynanın gələcəyinin necə olacağına gəlincə, hesab edirəm ki, Kiyev regionlarla dialoqa gedib məsələni həll edə bilər. Rusiya da bunu istəyir. Ukraynanın şərqində çoxlu ruslar yaşayır. Rusiya dövləti də onlara heç bir vaxt biganə ola bilməz. Prinsip etibarilə Ukrayna Qərb və ABŞ-a hərbi bazalarının oraya yerləşdirilməsi üçün lazım idi. Bütün dava onun üstündə gedir. Belə kataklizmlər tarixən mövcud olub, adətən imperiyalar çökəndə onun parçaları altında vaxtilə bir dövlətdə birləşdirilmiş xalqlar qalıb. Torpaq davası baş verib, bu həmişə belə olub. Zira, imperiya yarananda da, çökəndə də eyni proses gedib, güc prosesi. Bu problemlər həmişə mövcud olub, təkcə Ukraynada yox ki. Nəhəng imperiyaların yaranma, çökmə taleyi oxşardır. Misal kimi qədim Roma, Osmanlı, Rus, Avstriya-Macarıstan, İran, Ərəb xilafəti və SSRİ kimi imperiyaları göstərmək olar. "Minsk Qrupundan tamamilə imtina etmək lazımdır"
- Krımla Qarabağ münaqişəsi arasında oxşar və fərqli cəhətləri necə şərh edərdiniz?
- Jurnalistlər də, politoloqlar da hesab edirlər ki, bunlar eyni məsələlərdir. Ancaq çox fərqli məsələlərdir. Bu haqda mətbuatda artıq çıxış etmişəm və bir daha təkrar etmək istəyirəm ki, bu məsələlərə çox diqqət yetirməyə dəyməz, axı biz bununla bir çox söz-söhbətlərə və mübahisələrə rəvac vermiş oluruq. Mübahisə o vaxt lazım olur ki, haqqı və həqiqəti müəyyən etsin. Qarabağ isə mübahisə mövzusu olmamalıdır. Həqiqət ondan ibarətdir ki, bu torpağın məhz bizim olduğu hamı tərəfindən etiraf edilir. Müzakirə yalnız torpaqların düşməndən azad olunması haqda ola bilər.
- Tarixən Azərbaycan Krım türkləri ilə münasibətdə olub. Rusiya tərkibində Krım tatarlarının taleyini necə təsəvvür etmək olar. Putin demişdi ki, onların geriyə dönüş layihəsi olacaq. Bu layihə necə həyata keçirilə bilər?
- Krım tatarları deyirlər, əslinə qalsa, onlar qədim türklərdir. O ki, qaldı V.Putinin deyiminə, o nə deyibsə, elə də olacaq, xaraktercə çox dəqiq və bütöv adamdır, sözünü yerinə yetirəcək. Mən Krımı çox yaxşı tanıyıram. Vaxtilə Yaltada bir proyektimiz vardı. Ukrayna kanallarından biri, bizdə də bir sayt Putinlə əlaqədar kompramat materiallar verirdi, orada məni də göstərdilər. Guya mən Yaltada böyük iqamətgah, bağ tikmişəm, Putinə hədiyyə vermişəm. Təbii ki, bu həqiqətə uyğun deyildi. İndiyənə kimi Putinlə bir-birimizə qalstukdan, kitabdan başqa hədiyyə verməmişik. Krım çox gözəl yerdir. Dünyanın ən gözəl yerlərindən biridir, sadəcə olaraq ora bizim dilimizdə desək, "əl gəzdirmək" lazımdır. Monakodan, Monte-Karlodan da gözəldir. Əhalinin təxminən 60 faizi ruslardır. Ruslardan sonra orada ən çox yaşayanlar tatarlar və ukraynalılardır. Tatarlar 300 minə yaxındırlar. Maydandakılar fikirləşməli idilər ki, əhalinin həddən artıq çoxunu ruslar təşkil edir. Bu baxımdan rus dilini qadağan etmək düzgün deyildi. Səbəblərdən biri də bu oldu.
- NATO qoşunlarının Ukraynaya yerləşdirilməsini dediniz... Ukraynada baş verənlər Qara Dəniz uğrunda savaş sayıla bilərmi?
- Mən bu suallara artıq cavab verdim.
- Qərb Gürcüstanda öz adamını hakimiyyətə gətirdi, bu, Gürcüstanın ərazi bütövlüyünü itirməsi ilə nəticələndi. Eyni proses Ukraynada da özünü göstərir...
- Gürcüstanın getməsi ilə hələ heç nə həll olunmur. Amma Ukraynanın getməsi MDB üçün çox böyük zərbədir. Faktiki olaraq, Ukraynanın MDB-dən getməsi ilə o struktur dağılır.
- Bunu Qərbin MDB məkanında uduzması kimi qiymətləndirmək olarmı?
- Hələ bu soyuq müharibə çox davam edəcək.
"Sultan Süleymanın vəsiyyətnaməsi yerinə yetirilməyib"
- Azərbaycanda bu fikir hakimdir ki, biz Qarabağ məsələsini Ermənistanla deyil, Rusiya ilə həll etməliyik. Sizcə, BAXCP sədri Qüdrət Həsənquliyevin dediyi kimi, Qarabağın əvəzində Azərbaycana rus hərbi bazası yerləşdirilməlidirmi? Necə düşünürsünüz, Azərbaycan Qarabağ naminə Avrointeqrasiya prosesinə ara verib Gömrük İttifaqına, ardınca Avrasiya Birliyinə daxil olmalıdırmı? Qarabağın müqabilində Azərbaycan üzünü Qərbdən Rusiyaya çevirə bilərmi?
- Prinsipcə, mən Azərbaycan ərazisində təkcə Rusiya bazalarının yox, bütövlükdə Türkiyə və NATO-nun da bir əsgərinin olmasının əleyhinəyəm. Biz ərazimizi yad əsgərlərdən ona görə təmizləməmişik ki, başqa yad əsgərin tapdağı olsun. Bizim özümüzün əsgərlərimiz kifayət qədərdi. Bundan başqa, deputat Qüdrət Həsənquliyevin mövqeyindən belə çıxır ki, özümüz torpaqlarımızı düşməndən azad etmək iqtidarında deyilik. Belə fikirlər zərərlidir, ordunun və xalqın mübarizə ruhunun zəifləməsinə, sınmasına xidmət edir. Napoleon deyirdi: "Qılınc və ruh vuruşur, mübarizə aparır. Qılınc sınsa belə ruh sınmır". Bu baxımdan ordunun maddi texniki bazasını möhkəmləndirməklə yanaşı, paralel olaraq orduda və xalqda mübarizlik ruhunu qaldırmaq vacibdir. Artıq hər şey göz qabağındadır. Nə Rusiyaya, nə Qərbə, nə də digər beynəlxalq təşkilatlara ümid etməyə dəyməz. Onların mövqeyi bəllidir: siz öz aranızda razılaşın, biz qarant olasıyıq. Bu baxımdan Rusiya ilə "alver" etmək (deputatın dediyi kimi) təkcə mənasız deyil, həm də bizim şərəf və ləyaqətimizi alçaldır. Bunların indiyədək prinsipi belədir, hesab edirəm ki, axıra kimi də bu prinsiplə gedəcəklər. Kim ki deyir, Rusiya Ermənistanın, yaxud Azərbaycanın tərəfindədir, bu fikirlərin heç biri düzgün deyil. Deyirəm, onların siyasəti bundan ibarətdir ki, biz sizin məsələnizə təkcə qarant ola bilərik, heç birinizin, tərəfinizdə dayanan deyilik. Rusiyanın Qərblə, Amerika ilə soyuq müharibəsi başladı, Qarabağ problemi daha da çətinləşir. 20 ildir ATƏT-in Minsk Qrupu işləyir. Fikir verin, bu qrupda üç ölkədən Fransa ilə ABŞ bir tərəfdə, Rusiya digər tərəfdədir. Bir-birinə zidd mövqedə olan, soyuq müharibə aparan ölkələr bizim problemimizi necə həll edəcək? Bu, mümkün olan şey deyil. Məntiq ondan ibarətdir ki, prinsip etibarilə Minsk Qrupundan tamamilə imtina etmək lazımdır. Onun indiyə kimi bir fəaliyyəti olmayıb. Bundan sonra da onların hansısa fəaliyyət göstərəcəyinə şübhəm var. Bu baxımdan, Rusiya bir fikir deyəndə, Fransa ilə ABŞ ayrı fikir söyləyəcək. Onlar bir fikir deyəndə, Rusiya ayrı söz deyəcək. Ortada da biz qalırıq. Deməli, öz problemimizi özümüz həll etməliyik. Bunun ayrı yolu yoxdur. "Daş yuxular" yersiz əsər idi"
- Yəni, Azərbaycan münaqişəni təkbaşına həll etməlidir?
- Bəli, Azərbaycan öz siyasəti ilə Ermənistanla birlikdə həll etməlidir.
- Necə? Hansı model təklif edirsiniz?
- Bilirsiniz, kiminsə zorla Qarabağı bizə alıb verəcəyini gözləmək lazım deyil. Bunu nə Qərb, nə də Rusiya edəsidir. Bunu özümüz etməliyik. Onun da yolu nədir? II Yekaterina deyirdi ki, sülhün ən qısa yolu müharibədir. "Kitabımda ölüm cəzasının tərəfdarı olduğumu deməmişəm"
- Atəşkəs sazişinin müddəti bitir. Siz müharibənin tərəfdarısınız?
- Mən müharibənin tərəfdarı deyiləm. İndiyə qədər dünyada nə qədər münaqişələr olubsa, axırda ya sülhlə, ya da müharibə ilə qurtarır. Bunun ikisindən biri olacaq. Şəxsi qənaətimcə, münaqişənin sülh yolu ilə həll olunması mümkün deyil. Rusiyanın o mövqeyi ilə də razı deyiləm ki, siz özünüz məsələni həll edin, mən də sizə qarant durum. Niyə razı deyiləm? Bu, belə bir təsəvvür yaradır ki, Qarabağ torpağı hansısa yiyəsiz torpaqdır. Yəni, nə o tərəfindir, nə də bu tərəfin. Bizim eradan qabaq türklərin hunlar tayfası vardı, o tayfanın Mode adlı lideri vardı. Böyük tayfa idi, amma hələ dövlət deyildi. Ordu və xalq ikisi eyni şey idi. Qonşuluqda da monqol tayfaları vardı. Dunhular çoxdan dövlət yaratmışdılar və güclü idilər. Mode hakimiyyətə gələndə qarşısında bir məqsəd qoydu: tayfalıqdan çıxıb dövlət yaratmaq lazımdır. Qoşun silahlanırdı, ordu yaradırdı. Ordu xalqın arasından çıxmalı idi. Çünki ordusuz dövlət heç bir yerdə mümkün deyil. Monqollar da həmişə öz gücündən sui-istifadə edib onlara təzyiq göstərirdilər. Monqolların başçısı bilirdi ki, Modenin gözəl atı var, bu at hər yerdə məşhurlaşmışdı, söz göndərir ki, ona deyin atı mənə bağışlasın. Mode öz adamlarını yığıb məsləhətləşirdi, deyirdi ki, belə təklif gəlib, qonşudur, nə edək? Onun ətrafındakılar cavab verirdi ki, bu nə deməkdir ən gözəl atdır, nəyə görə verməlisiniz ki? Onun cavabı belə olub: qonşudur, qonşuya hörmətlə yanaşmaq lazımdır, istəyir, nə olar atdır da, yaxşı qonşuya vermək olar, atı göndərir. Bir müddətdən sonra monqollar görür ki, nə istəyirlər verir, zəifdir. Amma getdikcə, Mode dövləti yaradırdı, qoşunu, hər şeyi hazır idi. Növbəti dəfə söz göndərirlər ki, eşitmişəm ki, gözəl xalatı və papağı var, göndərsin bizə. O dövrdə qədim türklər elə geyimi sevirdi. Mode yenə adamlarını yığdı, dedilər ki, olmaz axı, sizə çox yaraşır, qonaqları bu geyimlə qəbul edirsiniz. Mode deyir ki, eybi yox qonşudur, istəyir verirəm. Xalatı da göndərir. Bunların arasında boş torpaq sahəsi olur. Nə o tərəfin, nə bu tərəfin olur. Yiyəsiz torpaq barədə də əvvəlcədən belə razılaşıblar ki, boş torpaqdır arada qalıb, heç kim istifadə etmir, qoy elə də qalsın. Bir müddətdən sonra monqollar söz göndərirlər ki, indidən sonra o torpağa sizin ayağınız dəyməsin. Mode də dövlət yaratmaq istəyir, gözü də o torpaqda qalıb, yiyəsiz torpaqdır, dövləti də yaratmaq üçün torpaq lazımdır. Yenə hamını yığır, deyir ki, məsləhətiniz nədir? Əsas məsləhətçiləri qayıdır ki, bəs Mode boş torpaqdır. Heç kimə lazım deyil, heç bizə də lazım deyil. İstəyir verin də. Soruşur ki, hamı elə fikirləşir? Əksəriyyət "hə" deyir. Deyir, bilirsiniz nə var, torpaq dövlətin əsasıdır, mən də dövlət qurmaq istəyirəm. Dövləti torpaqsız qura bilmərəm. Məsləhət verənlərin hamısının başını kəsdirir, deyir mən belə adamlarla dövlət qura bilmərəm. Müharibəyə hazır olduğu üçün hücum edir, monqolları bütövlükdə qırır. Mən nəyi demək istəyirəm, heç vaxt elə mövqe göstərmək lazım deyil ki, Dağlıq Qarabağ yiyəsiz torpaqdır. İkincisi, həmişə müharibəyə hazır olmaq lazımdır.
- Bir müddət öncə Moskvada "Milyarderlər İttifaqı" yaranmışdı, indi elə bir fəaliyyətləri yoxdur. O zaman demişdiniz ki, Rüstəm İbrahimbəyovdan başqa oradakı insanların hər biri ilə tanışam. Maraqlıdır, Rüstəm İbrahimbəyovla niyə tanış deyilsiniz?
- Rüstəm İbrahimbəyovu hər bir azərbaycanlı kimi mən də məşhur kinorejissor olaraq tanıyıram. Ancaq tanış deyiləm. Söyün Sadıqovla da şəxsi tanışlığım yoxdur. - ADP sədri Sərdar Cəlaloğlu deyir ki, Azərbaycanda "5-ci kolon" var, Rusiya səfirliyində toplantı keçirirlər, Azərbaycanın Rusiyaya birləşməsinə çalışırlar, ölkədə agentura şəbəkəsi qururlar. Politoloq Vəfa Quluzadənin də oxşar fikirləri var. Bu iddialara münasibətiniz necədir?
(Davamı olacaq)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024