Siyasət (23-09-2016, 16:16)
XİN "Euronews"u qərəzli mövqeyinə görə suçladı
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) “Euronews” telekanalının Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı verilişə münasibət bildirib.
Mediatv.az xəbər verir ki, Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, “Euronews” telekanalının “İnsiders” verilişində müxbir Valerie Gauriat tərəfindən qərəzli və birtərəfli xətt yeridilib.
XİN rəsmisinin sözlərinə görə, proqramda Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejim bir qurum kimi təqdim edilib:
“Bu da işğal və təcavüz faktına, işğal olunmuş Azərbaycan ərazilərində Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləməyə göz yummaqdan başqa bir şey deyil. Bu həm də jurnalist obyektivliyi, “Euronews”un həmişə tərəfdar çıxdığı qərəzsizlik prinsipləri ilə ziddiyyət təşkil edir. Digər tərəfdən “Euronews”un çəkiliş qrupu Azərbaycanda olarkən Xocalı sakinləri ilə görüş keçirib. Xocalı sakinləri ilə görüşmələrinə baxmayaraq, onlar Xocalı sakinlərinin iztirablarını, Ermənistan tərəfindən onlara qarşı törədilmiş işgəncələri verilişdə əks etdirməyiblər. Bu da narahatlıq doğuran növbəti məqamlardan biridir”.
H.Hacıyev qeyd edib ki, verilişdə Azərbaycanın işğal olunmuş torpaqlarında fəaliyyət göstərən qeyri-qanuni iqtisadi qurum “Artsah Fruit” şirkəti haqda da məlumat verilib:
“Bu məlumatın verilməsi, “Artsah Fruit” şirkətinin nümayəndəsinin açıqlaması onu göstərir ki, Ermənistan bu məsələdə də beynəlxalq ictimaiyyəti aldatmaq siyasəti yürüdür. Şirkət təmsilçisi onların məhsullarında Ermənistanın etiketindən istifadə olunduğunu bildirir. Bu da məhsulun ixracı zamanı digər ölkələrin gömrük rejiminin aldadılmasına xidmət edir, çünki məhsulların ixracı zamanı onların istehsal mənşəyi düzgün şəkildə qeyd edilməlidir.
Ümumiyyətlə, biz bu verilişi qərəzli hesab edirik. Veriliş jurnalist obyektivliyi prinsipindən kənardır. Bu kimi məsələlərdə, xüsusən Azərbaycan-Ermənistan münaqişəsinin işıqlandırılması prosesində jurnalistlər obyektivlik prinsiplərinə ciddi şəkildə riayət etməlidirlər. Azərbaycan yenə də bu məsələdə yerli və beynəlxalq media üçün yaratdığı mətbuat azadlığı imkanlarını bir daha təsbit etmiş oldu.
“Euronews”un jurnalisti Azərbaycan Xarici İşlər Nazirliyinə göndərdiyi məktubda Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə hörmət etdiyini ifadə edərək jurnalist fəaliyyəti üçün ona icazə verilməsini xahiş etmişdi.
Mətbuatın azadlığını hər zaman dəstəkləyən ölkəmiz ona Azərbaycan ərazisində, eyni zamanda işğal olunmuş Azərbaycan torpaqlarında fəaliyyət göstərmək üçün akkreditasiya kartı vermişdi. Amma təəssüf ki, verilişin hazırlanması prosesində obyektivlik və jurnalist qərəzsizliyi prinsiplərinə tam şəkildə riayət edilməyib”.