Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (17-06-2016, 16:11)
«Aprel müharibəsi» Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni perspektivlərə yol açdı

 

 

 

 

 

 

 

 

 

 

Bu ilin sonunadək erməni hərbi birləşmələri işğal olunmuş 5 rayonumuzu tərk etmək məcburiyyətindədir

İşğal edilmiş torpaqlardan çıxmamaq və status-kvonun dəyişməz saxlanılması üçün Ermənistan 22 ildir hər gün atəşkəsi pozmaqla müxtəlif təxribatlara əl atır. Bu ilin aprelin 1-də Ermənistanın cəhd göstərdiyi növbəti təxribat da bu məqsədə xidmət edirdi. Ancaq Ermənistan «Aprel müharibəsi»nin Azərbaycan ordusunun şanlı zəfəri, möhtəşəm qələbəsi ilə bitəcəyini hesablamadığı üçün ağır siyasi, iqtisadi və hərbi uğursuzluğa düçar oldu. «Aprel müharibəsi»ndən sonra beynəlxalq ictimaiyyət hərbi münaqişə ilə bağlı narahatlığını ifadə etdi. Həmsədr ölkələrin rəhbərliyi, beynəlxalq qurumlar və ayrı-ayrı dövlətlərin rəsmiləri sülh danışıqlarına sadiqlik göstərilməsi, məsələnin sülh yolu ilə həlli haqqında bəyanatlar verdilər. 
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramunt deyib: «AŞPA-nın və şəxsən mənim mövqeyim belədir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ümumiyyətlə, bütün münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bu mövqeyimə görə Ermənistan tərəfi və hətta bəzi parlamentarilər məni kəskin tənqid etmiş, haqqımda xoş olmayan fikirlər söyləmişdilər. Lakin bunun mənim üçün heç bir əhəmiyyəti yoxdur. Çünki mən mövqeyimin ədalətli olmasına əminəm. Mənim üçün əsas məsələ münaqişənin tezliklə həll olunmasıdır və bu istiqamətdə səylərimi əsirgəməyəcəyəm». 
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib: «Biz danışıqların dərhal bərpasına və davamlı sülhə nail olmağa çağırırıq. Tərəflər masa arxasına oturmalıdırlar. Hərtərəfli həllə orduların işğal olunmuş ərazilərdən çıxarılması, torpaqların Azərbaycana qaytarılması daxildir. Amma Qarabağın statusunun da muəyyənləşməsi lazımdır».
Almaniya Bundestaqının deputatı Mark Hauptman deyib ki, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ bölgəsindən çıxarılması prosesi çox gecikdirilib. Bu, azərbaycanlı məcburi köçkünlərin təhlükəsiz şəraitdə vətənlərinə qayıtmaları üçün zəruridir: «BMT-nin müvafiq qurumları keçmişdə bunu təkrar-təkrar bildirib və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını birmənalı olaraq tələb ediblər. ATƏT-in Minsk Qrupunun qətnamələri, həmçinin, BMT, ATƏT və Avropa Şurasının qətnamələri icra edilməlidir. Regionda bütün tərəflər arasında həll yolunun tapılması üçün davamlı sülh prosesi çox vacibdir».
Fransa Senatındakı Fransa-Qafqaz dostluq qrupunun prezidenti, senator Andre Reixardt deyib ki, Ermənistan və Azərbaycan arasında olan münaqişə heç də dondurulmuş deyil. Mövcud status-kvo qəbuledilməzdir: «ATƏT-in Minsk Qrupu heç bir səmərə verməyən «addım-addım» strategiyasınından imtina etməli və hərəkətə keçməlidir. Azərbaycan özünün Dağlıq Qarabağ və 7 ətraf rayonun, ərazisinin 20 faizinin işğal altında qalmasını və Ermənistana dəhliz kimi istifadə edilməsini qəbul edə bilməz. BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri icra edilməlidir. Biz heç nə baş verməmiş kimi davranmağa davam edə bilmərik. Bu qətnamələr Ermənistana görə icra edilmir və azərbaycanlıların narazılığı bizi təəccübləndirməməlidir. Bu münaqişə nəzarətdən çıxmaq üzrədir və insan itkiləri həddindən artıq çoxdur. Biz həll yolu tapmalıyıq».
Böyük Britaniya parlamentinin deputatı Stefen Hepburn bildirib ki, son 20 il ərzində ən ağır döyüşlər və insan tələfatı ilə nəticələnən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü onu dəhşətə gətirir. Dünya Ermənistanı BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonlardan çıxmasını tələb edən dörd qətnaməsinin tələblərini yerinə yetirməyə məcbur etməlidir: «Artıq bunun vaxtıdır və Ermənistan BMT Təhlükəsizlik Şurasınına qətnamələrinə riayət etmirsə, onun rəhbərliyinə qarşı müvafiq sanksiyalar tədbiq edilməlidir. Azərbaycana qarşı həyata keçirilən insan tələfatı və təcavüz siyasətinə son qoyulmalıdır». 
Albaniya parlamentinin spikeri Ilir Rexhep Meta bildirib ki, Albaniya regionun dondurulmuş münaqişəsi olan Dağlıq Qarabağ ətrafında cərəyan edən sonuncu böhran zamanı zorakılığın artması, mülki obyektlərin dağıdılması və insan itkilərinin baş verməsi ilə bağlı narahatçılıq keçirir: «Biz beynəlxalq ictimaiyyətin səylərini, atəşkəs rejiminin dərhal bərpası çağırışlarını, vəziyyətin de-eskalasiyası və mülki əhalinin müdafiə edilməsini dəstəkləyirik. Beynəlxalq hüquq və qaydalara üstünlük verilməli, tərəflər BMT Təhlükəsizlik Şurasının qətnamələrini əldə rəhbər tutaraq, münaqişənin hərtərəfli, yekun və davamlı həlli üçün danışıqlara başlamalıdırlar. Bu tam aydın olan, həm Avropa İttifaqı, həm də ATƏT tərəfindən qəbul edilən prinsiplər münaqişənin həlli üçün əsas olmalıdır. Bu akt və prinsiplərə əsasən Dağlıq Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz hissəsidir və ATƏT-in Minsk qrupu bütün tərəfləri danışıqlara cəlb etmək və münaqişənin həlli yollarının tapılmasına yardım etmək üçün düzgün platformadır. Albaniya inanır ki, ərazi bütövlüyü prinsipi müasir dövlətlərarası münasibətlərin tənzimlənməsində başlıca nizam vasitəsidir. Bura həmçinin işğalın və əhalinin öz torpağından sıxışdırılmasının pislənməsi də daxildir. Albaniya Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir. Tamamilə uyğundur ki, beynəlxalq ictimaiyyət müvafiq imkanlar yaranan kimi məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qaydada qayıtmasına səylərini artırsın. İstənilən təcavüz dayandırılmalı və qarşısı alınmalıdır. Əks təqdirdə onun nəticələri dağıdıcı ola bilər. Xüsusilə günahsız mülki vətəndaşların həyatlarını müdafiə etmək lazımdır. Azərbaycan düzgün istiqamətdə ilk addımı atıb. Bu Azərbaycanın sülhə sədaqətini nümayiş etdirir və əks tərəfdən də müvafiq cavabı gözləyir. Buna görə də biz Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ və ətraf yeddi rayondan dərhal çıxarılmasına çağırırıq». 
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib: «Biz bütün şərtlərdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Qarabağ problemi, Azərbaycanın işğal olunmuş torpaq problemi BMT və digər təşkilatların qərarlarında olduğu kimi, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində diplomatik və sülh yolu ilə həll olunmalıdır. Əgər Minsk qrupu həmsədrləri istəsələr, bu problem qısa müddətdə həll oluna bilər. Ermənistan siyasi həll istəmədiyi üçün atəşkəsi pozub. Azərbaycan birtərəfli qaydada atəşkəs elan edərək münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bütün dünyaya göstərdi. Ermənistanın bu mənfi yanaşması heç kim tərəfindən mükafatlandırılmamalıdır. Bizim bu məsələ ilə bağlı mövqeyimiz son dərəcə qətidir. Biz münaqişənin sülh yolu ilə həllini istəyirik. Amma hər zaman qardaş Azərbaycanın yanındayıq».
Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton bildirib ki, Dağlıq Qarabağ münaqişəsindəki son gərginlik və insan tələfatından sonra böyük narahatlıq hissi keçirib. O, aprel ayının 2-də hər iki tərəfi atəşkəsə səsləyən bəyannamə imzalayıb: «Britaniya BMT-nin Minsk qrupunun təməl prinsipləri çərçivəsində münaqişənin həll olunmasına və Azərbaycanın işğal edilmiş ərazilərinin geri qaytarılmasına ümid bəsləyir».
Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedev Dağlıq Qarabağ ətrafında yaranmış gərginliyin azalması üçün ətraf rayonların azad edilməsini dəfələrlə vurğulayıblar: «Bundan sonra Dağlıq Qarabağın statusunu müzakirə etmək olar. Bu da cəbhə xəttində gərginliyin ciddi şəkildə azalmasına gətirib çıxaracaq».
Rusiya prezidenti yanında insan haqları üzrə şuranın üzvü, politoloq Maksim Şevçenko bildirib ki, Ermənistan Qarabağ ətrafı rayonlardan qoşunlarını çıxartmalı və Qarabağ zonası Azərbaycanın nəzarəti altında silahsızlaşdırılmalıdır. Daha sonra qaçqınların doğma evlərinə qayıdışı təmin olunmalıdır. Dağlıq Qarabağın Azərbaycandan kənar müstəqil dövlət və ya Ermənistana birləşdirilməsi erməni radikallarından başqa heç kimə lazım deyil və heç kəs bunu istəmir. Hətta sadə ermənilərə belə bu lazım deyil. Qarabağda etnik təmizləmə olduğu üçün Qarabağın başqa dövlətə birləşdirilməsi mümkünsüz və cəfəngiyatdır. Dağlıq Qarabağın statusu yalnız evlərindən qovulan bütün azərbaycanlıların qayıtmasından sonra həll edilməlidir».
Rusiyalı politoloq, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib ki, Ermənistan rəhbərliyi yaxşı başa düşür ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etmək niyyətində deyil. Çünki Rusiya rəhbərliyi Azərbaycanın Ermənistana qarşı ərazi iddiası olmadığını yaxşı anlayır. Azərbaycan işğal altındakı ərazilərini azad etmək istəyir: «ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin də razılaşdığı, vaxtilə Kazanda təklif olunan formul yaxın vaxtlarda tətbiq olunacaq. Həmin formula əsasən ilk olaraq Ermənistanın işğalı altında olan 5 rayon Azərbaycana geri qaytarılacaq. Azərbaycan həmin ərazilərə vaxtı ilə oradan məcburi köçkün düşmüş vətəndaşlarını yerləşdirəcək. Daha sonra isə işğal altındakı 2 rayon və Dağlıq Qarabağın qaytarılması məsələsinə baxılacaq. Kazanda təklif olunan bu formulun bu hissəsi müəyyən müddət çəkəcək. Dmitri Medvedevin prezidentliyi dövründə Kazanda təklif olunan bu formulun əsas prinsipləri bundan ibarətdir. Ermənistan ilkin mərhələdə 7 rayondan 5-ni geri qaytarır. Həmin rayonlar regionda sülhə təminat vermək üçün hərbisizləşdirilir. Bütün bunların qarşılığında Azərbaycanın Ermənistana etdiyi güzəşt ona qarşı olan blokadanın aradan qaldırması olur. Dağlıq Qarabağın özü və ora azərbaycanlı əhalinin heç bir qarşıdurma olmadan qaytarılması ilə bağlı danışıqlar isə sonra başlayacaq. Bu proses uzun müddət çəkəcək. Bu ilin axırına qədər 5 rayon tamamilə Azərbaycana qaytarılacaq və azərbaycanlı ailələr öz evlərinə qayıdacaq. Qalan 2 rayon və Dağlıq Qarabağın isə bu müddətdə qaytarılması mümkün olmayacaq».
Politoloq bu gün Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həlli üçün əlverişli imkanın yarandığını da söyləyib: «25 illik münaqişə bu gün diplomatik yolla həll oluna bilər. Prezident İlham Əliyev güclü diplomatdır. Əgər bir neçə il bundan qabaq münaqişənin daha çox Ermənistanın xeyrinə həll olunma ehtimali güclü idisə, bu gün münaqişənin Azərbaycanın xeyrinə həll olunmaq şansı daha böyükdür. Vaxt Azərbaycanın xeyrinə işləyir. Ona görə də əgər münaqişə bundan sonra daha bir neçə il də həll olunmamış qalsa belə, bu, tamamilə Azərbaycanın xeyrinə həll yolu ilə nəticələnəcək. İldən-ilə münaqişənin Ermənistanın xeyrinə həll olunması şansları azalır».
Ümidvarıq ki, beynəlxalq qurumların, dünya ictimaiyyətin və xarici dövlətlərin dəstəyi və təkidi ilə Ermənistan status-kvonun dəyişdirilməsini qəbul edəcək, erməni silahlı birləşmələri işğal edilmiş Azərbaycan torpaqlarını tezliklə tərk edəcək, məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaq, firavanlıq və əmin-amanlıq Azərbaycanın iqtisadi, siyasi və digər sahələrdə inkişafını daha da artıracaq. 

Əfqan Bəhluloğlu 

«Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi» mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024