Gündəm (7-04-2016, 22:14)
"Ermənilər Qarabağ və 7 rayondan çıxarılmalıdır" - Fransalı senator
Fransalı senator, Müluz Aqlomerasiyasının prezidenti Jan Mari Bokel aprelin 1-dən 2-nə keçən gecə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin davamı olaraq Ermənistan tərəfindən həyata keçirilmiş hərbi təxribatı ciddi şəkildə pisləyib və bu təxribat nəticəsində azərbaycanlı əsgərlərin və mülki vətəndaşların həlak olmasından kədərləndiyini bildirib.
Mediatv.az-a Azərbaycanın Fransadakı Dostları Assosiasiyasından verilən məlumata görə, senator Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan tərəfindən qeyri-qanuni olaraq işğalının nəticəsi olaraq yeni insan itkiləri ilə bağlı başsağlığı ifadə edib.
J.M.Bokel ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin sülh yolu ilə, ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməsinə kifayət qədər diqqət yetirməməsindən və bu səbəbdən də qəbuledilməz status-kvonun uzun illər qalmasından və bunların nəticəsində bu gün faciəvi qarşıdurmanın baş verməsindən çox kədərləndiyini qeyd edib.
Senatorun fikrincə, Ermənistan beynəlxalq hüquqa, xüsusilə də BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin icrasına hörmətlə yanaşmalıdır və Ermənistan hərbi qüvvələri Azərbaycanın qeyri-qanuni işğal edilmiş Dağlıq Qarabağ və ətraf 7 rayonundan sülh yolu ilə çıxarılmalıdır.
Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq işğal olunmuş ərazilərdə Azərbaycanın Ermənistana qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırmasını və BMT-nin məlum qətnamələrinin sülh yolu ilə icrasının təmin edilməsi üçün sülh danışıqlarının davam etdirilməsi niyyətini, bununla da bu faciəvi eskalasiyanın qarşısını almasını alqışlayan senator Ermənistanı da analoji addım atmağa çağırıb.