Siyasət (16-12-2015, 19:08)
Elmar Məmmədyarov Qarabağdan danışdı
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ADA Universitetində Xarici İşlər Nazirliyinin (XİN) yüksək və orta ranqlı diplomatları üçün təşkil edilən “Ali Xarici Siyasət Kursu”nun buraxılış mərasimində iştirak edib.
Mediatv.az-a XİN-in mətbuat xidmətindən verilən məlumata görə, E.Məmmədyarov təşkil edilən kursların XİN və digər dövlət qurumlarının əməkdaşlarının peşakarlığının artırılmasında mühüm rol oynadığını bildirib. XİN başçısı deyib ki, təhsilə qoyulan sərmayə ən faydalı sərmayələrdən biridir: "ADA Universitetinin təcrübəsi bunu təsdiqləyir"
E.Məmmədyarov Azərbaycanın xüsusilə son illər ərzində siyasi, iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi nailiyyətlər, rəsmi Bakının xarici siyasətinin prioritet istiqamətləri, ikitərəfli və çoxtərəfli əsasda Azərbaycanın dünya birliyi ilə əlaqələri, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan ərazilərinin 20 faizinin işğalı, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqda iştirakçılara məlumat verib. XİN başçısı eləcə də hazırda dünyanın müxtəlif regionlarında baş verən aktual məsələlər və təhdidlərə toxunub.
Azərbaycanın nəqliyyat və enerji strategiyasının inkişafından danışan, E.Məmmədyarov Bakı-Tbilisi-Qars dəmir yol xətti və Cənubi Qafqaz qaz dəhlizi layihəsinin əhəmiyyətini diqqətə çatdırıb.
Tədbir əsnasında nazir diplomatların suallarını cavablandırdı.