Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (14-12-2015, 09:39)
2015 prezidentlərin görüşü reallaşmadan bitə bilər

2015 prezidentlərin görüşü reallaşmadan bitə bilər

Hətta görüş baş tutsa belə, ondan ciddi gözlənti yoxdur; rusiyalı politoloqlara görə, Moskva daha bir Qarabağ savaşında maraqlı deyil, çünki...

 

Mediatv.az xəbər verir ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün indi də dekabrın 19-da baş tutacağı haqda məlumat yayılıb. Ermənistanın  “Jamanak” qəzetinin iddiasına görə, görüş İsveçrədə realasa bilər. Lakin bunun hansı tədbir çərçivəsində olacağı, yoxsa ölkə başçılarının məxsusən belə bir təmas üçün İsveçrəyə gedəcəkləri haqda bir şey deyilmir. Üstəlik, Azərbaycan tərəfi də hələlik məsələ ilə bağlı təsdiq edici rəsmi məlumat yaymayıb.
Bundan qabaq isə Ermənistanın başqa bir nəşri görüşün dekabrın 1-də Parisdə olacağı haqda xəbər versə də, məlumat doğrulmamışdı. Bu dəfə də belə olacağı istisna deyil. Belə bir nüansı da nəzərə almaq lazımdır ki, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik və bu ölkənin ölkəmizdəki səfiri Robert Sekuta növbəti “görüşün ilin sonunadək reallaşacağına ümid etdiklərini” bildiriblər.
 
Bu, o deməkdir ki, əslində görüşün baş tutma ehtimalı elə də böyük deyil. O halda 2015 - sülh danışıqları aparıldığı müddətdə prezidentlərin birbaşa təmasının reallaşmadığı il kimi tarixə düşəcək. Hətta görüş alınsa belə, əksər analitiklərə görə, onun nizamlama prosesinə ciddi təsirinin olacağı mümkün görünmür. Bu mənada görüş heç dekabrın sonunda da baş tutmaya bilər. Hər halda Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, o, görüş xətrinə prezidentlərin görüşünün tərəfdarı deyil.   
*** 
Problem ətrafında yaşanan son olaylar bu qənaəti gücləndirir. Söhbət təkcə planlaşdırılan təmas ərəfəsi cəbhə xəttində erməni təxribatlarının artmasından getmir. Bundan da böyük təxribat bizcə, separatçı rejimin “xarici işlər naziri” Karen Mirzoyanın üç əsas vasitəçi dövlətdən biri olan ABŞ-ın paytaxtı Vaşinqtonda, Amerika Konqresində sərbəst şəkildə görüşlər keçirib Azərbaycan dövlətinin, onun suverenliyi və ərazi bütövlüyünün əleyhinə həyasız açıqlamalar səsləndirməsi, ABŞ rəsmilərinin isə buna ciddi reaksiya verməməsidir.
Bəllidir ki, qondarma nazir Vaşinqtonda çoxdan ermənipərəst mövqeyi ilə seçilən Ceyms Uorliklə də görüşüb. Halbuki, ABŞ belə lütfkarlığının heç 1%-ni Krım, Abxaziya, Cənubi Osetiya separatçılarının liderlərinə münasibətdə göstərmir. Görəsən niyə?    
Söz düşmüşkən, bu arada diplomatik mənbələrə istinadən məlumat yayılıb ki, Amerika tərəfi çoxdandır rəsmi Bakının vasitəçi kimi fəaliyyətindən, obyektivliyi və tərəfsizliyindən narazı olduğu Ceyms Uorliki dəyişdirməsi məsələsini nəzərdən keçirir. İddialara görə, onun vaxtaşırı Vaşinqtonsa erməni lobbisinin nümayəndələri ilə, son olaraq isə qatı separatçı Karen Mirzoyanla bir araya gəlməsi prosesdən uzaqlaşdırılmasını sürətləndirə bilər 
Azərbaycan tərəfi PA rəsmisi Novruz Məmmədovun timsalında olaya sərt etirazını artıq bildirib. Hərçənd, az sonra ABŞ-ın Azərbaycandakı səfirliyindəki mənbə iddiaların həqiqətə uyğun olmadığını söyləyib. “ABŞ öz səfirinə tamamilə inanır və etimad bəsləyir. O, həmsədr kimi fəaliyyətini davam etdirəcək”, - deyə mənbə qeyd edib.
Bu da ən azından, o anlama gəlir ki, ABŞ Qarabağ məsələsində ikili standart yanaşmasından əl çəkməyə hazırlaşmır. Başqa sözlə desək, Uorlik vaxtından əvvəl başqa diplomatla əvəzlənsə də çətin ki, bu, sülh prosesini dalandan çıxara bilsin. Bundan ötrü vasitəçi-diplomatların yox, vasitəçi dövlətlərin münaqişənin həllinə münasibəti dəyişməlidir. 
Nə qədər ki, məsələn, ABŞ-ın özü Dağlıq Qarabağdakı separatçılarla Krım, Abxaziya, Cənubi Osetiya, Dnestryanı separatizm arasında fərq qoyacaq, Rusiyanı işğalçı saydığı halda, Ermənistanı işğalçı saymayacaq və ona qucaq açacaq, o zamana kimi də problemin həllində dönüş olmayacaq. Necə ki, indiyədək neçə-necə həmsədr gəlib-gedib, fəqət, Qarabağ “yükü” hələ də öz yerindədir.
*** 
Yerli və əcnəbi təhlilçilər də yaxın perspektivdə konfliktin nizamlanması üçün güclü zəminin olmadığını düşünürlər. Həmçinin, əlavə arqumentlər gətirirlər. Onların arasında təbii ki, Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi də var. Bu xüsusda Rusiya EA-nın Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqazın tədqiqi mərkəzi işçi qrupunun koordinatoru Aleksandr Skakov erməni mətbuatına müsahibəsində son vaxtlar Rusiyanın Ermənistana yeni hərbi kontingent və zirehli döyüş maşınları göndərməsini Azərbaycanla deyil, Türkiyə amili ilə bağlasa da, fakt budur ki, Azərbaycanın müharibə vəziyyətində olduğu işğalçı Ermənistan bu yolla daha da hərbləşdirilir və nəticə etibarilə Qarabağ probleminin həlli qəlizləşir.
“Ermənistandakı Rusiya silahlı qüvvələrinin başlıca funksiyası hazırda Azərbaycanla qarşıdurma yox, Türkiyə faktorunu neytrallaşdırmaqdır. Ermənistan ”iki od arasında" yerləşməyə öyrəncəli deyil. Bənzər situasiya 1990-cı illərin əvvəllərində yaranmışdı. O zaman Ermənistan və Rusiya vəziyyətdən yaxşı çıxdı. İndi Azərbaycan əlbəttə ki, daha güclüdür, amma Rusiya da daha güclü və özünə inamlıdır. Odur ki, regionda situasiya dəyişməyincə (bu isə tezliklə olmaya bilər), düşünürəm ki, Rusiya özünün Ermənistandakı qalxanını gücləndirəcək" - deyib politoloq.
 
“Ancaq nəzərə almaq lazımdır ki, əgər hər halda və hansısa məqamda Bakı Avrasiya məkanındakı xaosdan istifadə edib Dağlıq Qarabağ konflikti zonasında geniş miqyaslı hərbi əməliyyatlara başlasa, o zaman Moskva üçün özünün müttəfiqlik öhdəliklərini nəzərə alıb qərar vermək asan olmayacaq. Hərçənd düşünmürəm ki, genişmiqyaslı hərbi əməliyyat yaxın perspektivin işidir” - daha sonra qeyd edib rusiyalı ekspert.
Azərbaycan və Ermənistan prezidentlərini gözlənilən görüşündən danışan politoloq bu görüşün heç bir faydasının olmayacığını söyləyib. Bundan əlavə, onun qənaətincə, hazırda Dağlıq Qarabağ münaqişəsi üçün nizamlanma perspektivi yoxdur.
*** 
Öz növbəsində rusiyalı digər ekspert, rus dillində çıxan “Milli strategiyanın problemləri” jurnalının baş redaktoru Ajdar Kurtov hesab edir ki, Rusiya hazırda mürəkkəb dövr yaşadığından ona yeni bir Qarabağ cəbhəsi lazım deyil. 
“Hazırda Rusiyada iqtisadi vəziyyət çətindir. Çoxlu problemli zonalar var. Ona görə də Rusiyanın cəlb olunduğu Ukrayna, Suriya böhranlarının üzərinə Qarabağdakı böhranın da əlavə olunması Moskvanın maraqların uyğun deyil. Yəqin ki, o halda Rusiya diplomatık üsullarla Qarabağda kəskinləşmədən və hadisələrin eskalasiyasından qaçmağa çalışacaq ki, sonradan qaynar münaqişəyə qarışmalı olmasın” - əlavə edib politoloq.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024