Siyasət (4-05-2015, 11:48)
“Vurğun Əyyub saymazyanalıq edir” - Qalmaqal
“Vurğun bəy sonuncu dəfə nə vaxt ödəyib üzvlük haqqını? Yadına düşürmü o tarix? İnsanları qərar qəbul ediləndən sonra qınamaq asandır. Amma hər kəs üzərinə düşən vəzifəni yerinə yetirməyə borcludur”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Müsavat Partiyası başqanın müavini Osman Kazımov Vurğun Əyyubun partiyadan çıxarılması ilə bağlı qərara münasibət bildirərkən deyib. O bildirib ki, Vurğun Əyyubun fəaliyyəti partiyanın nizamnaməsinə ziddir: “Ortada reallıqlar var. Mən də dünən xəbərdar oldum ki, onu partiyadan çıxarıblar. Heç bu məsələ partiya rəhbərliyi səviyyəsində müzakirə olunmayıb. İclasa dəvət edirlər, həmin adam saymazyanalıq nümayiş etdirir, mesaj yazır deyir ki, xəstəydim. Qubad İbadoğlu da dəfələrlə Divana çağırılıb. Divanda iştirak etməyib və müxtəlif bəhanələr gətirib. Partiyanın nizamnaməsinə əməl etmək lazımdır. Qurultay keçirilib, artıq hər şey bitib. Nizamnaməyə uyğun hərəkət etmək lazımdır, sayğısızlıq nümayiş etdirmək, özünü hamıdan yuxarı tutmaq lazım deyil”.
O. Kazımov qeyd edib ki, Vurğun Əyyub verilən qərardan narazıdırsa, şikayət etsin: “ Bu qərarın ədalətli, ya da ədalətsiz, qanuni olub-olmamasını deyə bilmərəm. O qeyd edir ki, ömür boyu Müsavat Partiyasına köməklik edib. Bu o demək deyil ki, vaxtilə üzvlük haqqı verdiyinə görə indi verməməlidir. Üzvlük haqqı böyük bir məbləğ deyil ki? Bu sadəcə onun intizamsızlığıdır, nizamnaməyə hörmətsizlikdir. Partiya üzvü olan şəxs üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Yoxsa partiyada anarxiya, xaos olar. Üzvlük haqqının xərclənməsində şəffaflıq var. Partiyanın maliyyə hesabatı var, maraqlanıb yoxlaya bilər. Bu nə deməkdir ki, şəffaflıq yoxdur. Vurğun bəy sonuncu dəfə nə vaxt ödəyib üzvlük haqqını? Yadına düşürmü o tarix? İnsanları qərar qəbul ediləndən sonra qınamaq asandır. Amma hər kəs üzərinə düşən vəzifəni yerinə yetirməyə borcludur”.
Müsavat başqanın digər müavini Elman Fəttah isə partiyaya məxsus olan qrupda məsələyə münasibət bildirərək qeyd edib ki, Binəqədi təşkilatının bir özəyi üzvlərinin iradəsinin qərarını verib, Vurğun Əyyubu partiyadan xaric edib və yenə də saçyoldu kampaniyası başlayıb: “Bir az maraqlandım, məlum oldu ki, bu, birinci dəfə baş vermir. Neçə ildir ki, özək bunu zaman-zaman müzakirə edirmiş. Hətta bir neçə il öncə də eyni özək, eyni şəxs haqqında eyni qərarı veribmiş. Sonra ağsaqqal, qarasaqqal yığılıb özəyin qərarını dəyişdiriblər. Nizamnamə pozuntusu olduğunu iddia edirsinizsə, rayon şurasında, NTK-da məsələni qaldırın”.
Günel Türksoy