Siyasət / Slayd (17-10-2023, 18:43)
“Öyrəşiblər ki, gəlib onların qabağında baş əysinlər...”
Mediatv.az xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli Şəhəri Günündə şəhərə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.“Biz bu illər ərzində həm iqtisadiyyatı qurduq, həm ehtiyatlar yığdıq. Nə üçün? Bilirdik ki, bu gün gələcək, o vəsait bizə lazım olacaq və biz haraya xərcləyirdik - orduya. Birinci yerdə ordu xərcləridir, ikinci təhsil xərcləridir.
Həmişə bizim büdcəmizdə, bu iki əsas prioritet var idi. İndi ordu xərclərinə biz yenə də vəsait ayırmalıyıq. Çünki yumruq daim yerində olmalıdır. Ancaq, eyni zamanda, indi vəsaitin əsas hissəsi Qarabağın bərpasına gedir.
Ona görə heç kimdən asılı deyilik, heç kimdən heç nə istəmirik. Ona görə bəlkə də bəzi böyük dövlətlər bizdən narazıdırlar. Çünki onlar öyrəşiblər ki, gəlsinlər, onların qabağında baş əysinlər, o da icazə versin, verməsin. Bəziləri hesab edirdilər ki, biz antiterror tədbirlərini apararkən heç kimdən soruşmamışıq. Yəni, biz kimdən soruşmalıyıq?! Nəyi soruşmalıyıq?! Bəziləri indi deyirlər ki, biz beynəlxalq ictimaiyyəti aldatmışıq. Bu da qəribədir ki, bir qrup ölkə özünü beynəlxalq ictimaiyyət sayır. Axı, beynəlxalq ictimaiyyət deyəndə, 200-dən çox ölkə var, 20-30 ölkə beynəlxalq ictimaiyyət sayıla bilməz. Onlar elə öyrəşiblər, özlərindən başqa heç kimi ictimaiyyət saymırlar və belə bir ittiham indi irəli sürülür ki, biz beynəlxalq ictimaiyyəti aldatmışıq, antiterror tədbirləri keçirməklə onları aldatmışıq. Bu, çox zərərli məntiqdir. Biz öz doğma torpağımızda suverenliyi bərpa etmişik haqlı olaraq, bütün norma və prinsiplərə, beynəlxalq müstəvidə təsbit olunan prinsiplərə uyğun şəkildə. İndi bizi ittiham etməyə heç kimin haqqı yoxdur. Düzdür, cəhdlər var, yəqin ki, siz də izləyirsiniz, olub və olacaq”, - dövlət başçısı vurğulayıb