Siyasət / Slayd (6-04-2023, 09:09)
Qərb Ərdoğana qarşı tam gücü ilə savaşırsa... - NƏ BAŞ VERİR?
Türkiyədə 14 may seçkiləri, türklərin öz sözləri ilə desək, artıq “seçki olmaqdan” daha fərqli bir məna kəsb etməyə başlayıb. Seçki debatları, küçələrdə aparılan sorğular göstərir ki, bu, artıq AKP və Ərdoğanın ABŞ başda olmaqla, Qərblə mübarizəsidir.
Ən ciddi “sirr açılımı” İYİ Partiyasının sədri Maral Akşənərin təhqir edərək ayrıldığı “Altılı masa”ya qayıtması ilə baş verdi. Əksəriyyət bu fikirdədir ki, M.Akşənər məhz ABŞ və Qərbin təzyiqi ilə geri qayıtdı. Məqsəd müxalifətin vahid namizədlə çıxış etməsi və Ərdoğanın məğlub olmasıdır.
ABŞ-ın Türkiyə səfirinin müxalifətin əsas namizədi Kamal Kılıçdaroğlu ilə görüşməsi və Rəcəb Tayyib Ərdoğanın buna kəskin reaksiyası da prosesin mahiyyətini bir daha gözlər önünə sərdi.
ABŞ-ın Türkiyədən tələblərini Ərdoğanın yerinə yetirməməsi və Vaşinqton-Ankara münasibətlərində çatlar bugünün məsələsi deyil. Ərdoğan Türkiyəsi hələ 2003-cü ildən ABŞ-ın istəklərini öz milli maraqları üçün rədd etməyə başlamışdı. Ərdoğan hakimiyyəti uzandıqca və mövqelərini gücləndirib, hakimiyyətdə təmsil olunan qərbmeyilliləri təmizlədikcə bu dirəniş daha da gücləndi.
Ərdoğan Türkiyəni ABŞ-ın vassalı olmaqdan xilas etmək üçün hər şey edir: “Patriot” verilmədikdə Rusiyadan S-400 alır, F-35-dən imtina edildikdə, “başqa seçimlər” var deyərək, Su-35 və Su-57-lərə işarə edir, ancaq öz milli qırıcısını da inkişaf etdirir.
Ərdoğan ABŞ-ın istəklərinə deyil, öz milli maraqlarına uyğun olaraq Suriyada bir neçə əməliyyat keçirib, təhlükəsizlik zolağı hazırlayıb, üstəlik, ABŞ-ın terrorçulara dəstək verməsini birmənalı olaraq dilə gətirir;
Ərdoğan Suriyada İran və Rusiya ilə əməkdaşlıq edir, “Astana formatı” ilə xeyli problemlərin həllinə nail oldu.
Ərdoğan terrorun kökünü kəsmək üçün ən riskli hərbi əməliyyatlardan çəkinmir.
ABŞ isə güclənən Türkiyənin bəzi tələblərini nəzərə almağa məcburdur. Çünki Türkiyəsiz NATO-nun Yaxın Şərqdə dayaqları həddən artıq zəifləyə bilər. Faktiki olaraq NATO-nun ən güclü ikinci ordusu – həm də terrorla daimi mübarizədə kifayət qədər peşəkarlıq qazanmış bir güclə hesablaşmaq lazım gəldiyini ABŞ və NATO ölkələri yaxşı anlayırlar. Ancaq bu güc hər zaman “NATO-nun ixtiyarında” idisə, indi Türkiyənin öz maraqları istiqamətində istifadə edilir.
Ərdoğan ABŞ və AB-nin təzyiqlərinə baxmayaraq, Rusiyaya sanksiyalara qoşulmadı, Rusiya ilə danışıqları dayandırmadı və ABŞ rəhbərliyindəki Qərb koalisiyasının tələblərindən imtina etdi. Bura Qətərə qarşı blokada zamanı Türkiyənin tutduğu mövqeyi də əlavə etməklə, təsəvvürü tamamlamaq olar.
Belə bir ərköyün müttəfiq ABŞ-ı qane etmir və əlbəttə ki, Ərdoğanın hakimiyyətdən getməsini qarşısına hədəf qoyub.
Ərdoğan Türkiyəsi Liviyadan Qafqaza qədər genişlənib, Türkiyənin cümhuriyyət tarixində ilk dəfə olaraq bu ölkənin xarici ölkələrdə hərbi bazaları qurulub.
Ərdoğan Türkiyəsi artıq birmənalı olaraq, regional gücdür, ancaq Rəis qlobal gücə iddialıdır. Ərdoğan inadla Aralıqda qaz istehsalına nail oldu, “Akkuyu”nu məhz Rusiyanın dəstəyi ilə tikir, hava döyüşü baxımından regionun ən qüdrətli dövlətinə çevrilir.
Təsadüfi deyil ki, Qərb mediası Ərdoğanın qarşısının alınmayacağı təqdirdə 1-2 ildən sonra Türkiyənin hava döyüşündə dünyanın lideri olacağını bildirir.
Ərdoğan isə dayanmır: dünyanın ən güclü iqtisadiyyatını qurmaq və hərbi sənaye potensialını gücləndirmək, paralel olaraq regional maraqlarını daha da geniş arealda qorumaqla, böyük və strateji planlarına doğru irəliləyir.
Türkiyə sürətlə türk dövlətlərinin favoritinə çevrilir və ən mühümü də odur ki, türk dövlətləri Ərdoğanı ağsaqqal və lider kimi qəbul edirlər. Bu fakt Türş Şurasını Türk Dövlətləri Təşkilatına çevirdi, Ərdoğan seçkidə qalib gələcəyi halda Türk Birliyinin yaranması qaçılmaz reallığa çevriləcək.
Bu görünənlər və görünməyən yüzlərlə fakt Ərdoğanı Qərb üçün “arzulanmaz şəxs”ə çevirir və onun rəqibləri birləşdirilir.
ABŞ və AB Kılıçdaroğlunun simasında müxalifətə açıq dəstək verirsə, demək, məxfi razılaşmalar olub.
Məxfi razılaşmalar nələr ola bilər?
Bunlar haqda dəqiq nələrsə demək mümkün deyil, ancaq təxminlər bunlardır: Rusiya ilə əlaqələrin aşağı salınması, S-400-ün dəmir parçasına çevrilməsi, Türkiyənin Suriya və İraqdan, o cümlədən Cənubi Qafqazdan geri çəkilməsi, ABŞ-ın “daha güvənilir”, yəni sözəbaxan müttəfiqi rolunu oynamağa başlaması və s.
Bu şərtlər daxilində Türkiyənin iqtisadiyyatına təzyiqlərin azaldılması mümkündür. Ancaq Türkiyənin hazırkı müəyyən iqtisadi çətinliklərlə yaxın gələcəkdə nail olacağı müstəqil, güclü və geridönməz iqtisadi gücü, yoxsa Qərbdən asılı, daim təzyiq altında olan, amma qısa müddətdə “bəhrə verəcək” iqtisadiyyat arasında seçim məsələsi var.
Ərdoğan Türkiyə iqtisadiyyatının həssaslığını aradan qaldırmaq, hərbi sənaye baxımdan NATO-ya möhtac olmamaq siyasəti yürüdür – Kamal Kılıçdaroğlunun bu siyasəti davam etdirəcəyi mübahisəlidir və hətta, təəssüf ki, Türkiyənin sərhədlərinin daxilinə oturdulması prosesi başladıla bilər.
Bunun əlamətlərini isə biz 44 günlük savaşda gördük: Kamal Kılıçdaroğlunun müavini, Azərbaycandakı sabiq səfir Əhməd Ünal Çeviköz hətta Azərbaycan tərəfdə terrorçuların vuruşmasında Bakını ittiham etdi, CHP və ümumilikdə müxalifətin birmənalı dəstəyi əvəzinə biz tam fərqli mənzərə müşahidə etdik.
CHP Ermənistanla şərtsiz danışıqların və sərhədlərin dərhal açılmasının tərəfdarı kimi çıxış edir – AKP iqtidarı isə Azərbaycanla sülh şərtini hələ də saxlayır.
Türkiyə Cənubi Qafqazda varlığını Azərbaycanlı ciddi şəkildə koordinasiya edir – CHP bunu davam etdirəcəkmi?
Əlbəttə, Türkiyədə “dərin dövlət” anlayışı da var, mümkündür ki, Türkiyə Azərbaycanla bağlı siyasətində ciddi redaktələr etməsin. Ancaq Kılıçdaroğlu və Əliyev arasında Ərdoğanla Əliyev arasında olan münasibətlərin formalaşması üçün illər lazımdır – necə ki, Ərdoğanla Əliyev də bir ayın içində dost-qardaş olmamışdılar.
Bu isə ən həssas vaxtda böyük bir dəstəyi itirmək deməkdir; nəzərə alaq ki, hazırkı həlledici məqamda İran birmənalı şəkildə Ermənistanı dəstəkləyir, Türkiyənin nisbi də olsa çəkiləcəyi və ya bir-iki illik zaman itkisi halında hansı mənfi nəticələr olacağını təsəvvür etmək çətin deyil.
Ərdoğan məğlub ola bilərmi?
Ona görə də bu sual bizim üçün həddən artıq böyük əhəmiyyət kəsb edir: Ərdoğanın məğlub ola bilərmi?
Hazırda əsas mübarizə Ərdoğan, Kılıçdaroğlu və İncə arasında gedir – baxmayaraq ki, dördüncü namizəd, Sinan Oğan da var. Ancaq S.Oğanın səs faizi əhəmiyyətli dərəcədə azdır.
Türkiyənin bir çox media qurumları, o cümlədən sosial şəbəkələrdəki böyük qruplar, Yutubda və digər kanallarda irihəcmli kanallar CHP-nin nəzarəti altındadır, bir qısm isə Qərbdən qidalanır. Həmin düşərgə Ərdoğana qarşı ciddi kampaniya aparmaqdadır.
Sivil toplumlar da müxalifətə dəstək verir – zatən, sivil toplumların böyük əksəriyyəti hər zaman ölkələrin daxilində ABŞ rəhbərliyindəki Qərbin maşası olub.
Hər gün Türkiyənin sosial şəbəkə kanalları bir çox platforma üzərindən canlı yayımlarla açıq sorğular keçirirlər. Əksəriyyətində Ərdoğan və Kılıçdaroğlunun səsləri eyni, bir çox məqamda isə Kılıçdaroğlu daha üstündür.
Ən ciddi problem isə Məhərrəm İncə ilə bağlıdır. CHP-dən az qala “dünən” ayrılan Məhərrəm İncənin əhəmiyyətli səsi var – bu, hətta 15 faizə qədər hesablana bilər. Seçki ikinci tura qalarsa və Ərdoğanla Kılıçdaroğlu arasında olarsa, Məhərrəm İncə tərəfdarları birmənalı olaraq CHP-ni – Kılıçdaroğlunu dəstəkləyəcəyini bildirirlər.
Fərqli sorğular davam edir, müxtəlif analitik mərkəzlər səslərin hazırda heç də Ərdoğanın xeyrinə olmadığını, buna baxmayaraq, HDP-nin dəstəyindən sonra Ərdoğanı sevməyən bitərəf kəsimin Cümhur İttifaqını dəstəkləyəcəyini, seçki prosesində Ərdoğanın rəqibini darmadağın edəcəyini də iddia edənlər var.
Ancaq ən pis proqnoz Ərdoğanın seçiləcəyi halda belə Qərbin “B blanı”nın olmasıdır. Bu, ən təhlükəli ssenaridir – Gəzi olayları və yaxud 15 İyul kimi...
Qərbin Ərdoğanın seçkidə qalib gəlməsini asanlıqla qəbul edəcəyi onsuz da gözlənilmir – zatən indidən artıq “deməkratik seçki olmayacağı” ehtimalını ortaya atmaqla məşğuldurlar. Bu, seçkidən dərhal sonra müxalifət tərəfdarlarının küçələrə çıxması və iğtişaş ssenarisinin hazırlandığı anlamına gəlir.
Ərdoğan seçilsə belə, Qərb ölkə daxilində onu sarsıdacaq, iqtidarının sütunlarını zədələyəcək proseslərlə Türkiyə liderinə “dərs verməyə” çalışacaq...
Ümid edək ki, Türkiyə bütövlükdə bu ssenarilərdən üzüağ və daha böyük çıxacaq.
Tanrı Türkiyəni qorusun!
Müəllif: Axar.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024