Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (22-10-2015, 21:49)
Uşaqlarda göz problemləri: nələrə diqqət olunmalıdır?

“Uşaqların elektron vasitələrdən istifadəsi ilə əlaqədar göz problemlərinə daha çox rast gəlinir”

 

“Çəpgözlük bədxassəli proses nəticəsində də yarana bilər”

 

“Bütün yeni doğulan uşaqlar göz müayinəsindən keçməlidirlər”

 

"Çəpgözlük müşahidə olunan kimi göz dibi müayinə olunmalıdır"

 

 

“Göz problemi olan uşaqların sayı çoxdur. Amma bu say son illərdə artsa da, əvvəlki illərlə müqayisədə problemlər daha tez aşkarlanır. Valideynlərin bu problemlərə diqqəti artıb. Əvvəllər valideynlər uşaqlarda olan problemlərlə bağlı həkimə vaxtında müraciət etmirdilərsə, indi ən azı məktəb öncəsi oftalmoloqlara müraciət edirlər, uşaqların göz müayinəsindən keçirilməsini istəyirlər”.

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında cərrah-oftalmoloq, İdman, tibbi reabilitasiya və diaqnostika İnstitutunun əməkdaşı Qəmər Əliyeva deyib.

 

Q. Əliyeva bildirib ki, sözsüz ki, son illərdə texnologiyaların sürətli inkişafı, uşaqların elektron vasitələrdən davamlı istifadəsi ilə əlaqədar gözlə bağlı problemlərə daha çox rast gəlinir: “Amma orqanik problemlər, ana bətnində keçirilən xəstəliklərə bağlı olan göz problemlərinin statistikasında çox da irəliləyiş yoxdur. Bu vəziyyətin elə əvvəlki illərdəki kimi olduğunu demək olar”.

 

Mütəxəssisin sözlərinə görə, gözlə bağlı ən mühüm funksional dəyişikliklər uşaq anadan olandan iki yaşa qədər olan dövrdə baş verir: “Uşaq anadan olanda onun beyni ətraf mühiti təmiz bir ağ vərəq kimi qəbul edir. İlk iki ildə gözdə hansı patologiya baş verirsə, bunu aşkarlamaq bizim üçün çox vacibdir. Çünki göz bir ötürücü orqandır və onun əsas vəzifəsi beyinə kifayət qədər informasiya göndərməkdir. Əgər ilk bir, ya da iki ildə hansısa bir orqanik patologiya olarsa, bunu sonradan müalicə etmək çox çətin olur. Böyüklərə nisbətən uşaqlarda problem nə qədər tez aşkarlanarsa, onun qarşını almaq da bir o qədər asan olur. Yəni belə olanda proqnoz baxımından daha yaxşı nəticə gözləyirik. Bütün yeni doğulan uşaqlar göz müayinəsindən keçməlidirlər. Adətən bunu doğum evlərində neanatoloqlar edir. Pediatr, neanatoloqun ilkin müayinəsi zamanı göz, görmə ilə bağlı şübhə olduğu hallarda dərhal oftalmoloqa müraciət olunmalıdır. Əgər patologiya yoxdursa, ilk üç aya qədər oftalmoloqa müraciət edilməlidir”.

 

Q. Əliyevanın sözlərinə görə, yarımçıq doğulan uşaqlar görmə problemlərinin ortaya çıxması baxımından daha çox risk qrupuna daxildirlər: “Nəzərə almaq lazımdır ki, vaxtından əvvəl doğulan uşaqlarda ROP xəstəliyi deyilən - yəni yarımçıq doğulanların retinopatiyası kimi çox ciddi korluğa gətirib çıxaran xəstəlik növü var. Körpəmizin həyatı daha vacib olduğu üçün təəssüflər olsun ki, pediatrlar, neanatoloqlarımız daha çox diqqəti, üstünlüyü onun ümumi vəziyyətinə verirlər. Göz müayinəsini isə gecikdirilir. Bizə müraciət edəndə bəzən artıq gec olur. Ona görə də yarımçıq doğulanlarla bağlı daha da diqqətli olmaq vacibdir.

 

Üç aya qədər olan uşaqda müayinə apararkən orqanik, yəni anadangəlmə patologiyaları görürük, ondan sonrakı müddətdə - 1 yaşından 2-3 yaşına qədər olan dövrdə isə görmə ilə bağlı patologiyaları aşkarlaya bilirik. Çünki bu yaş dövründə uşaq aktiv olaraq böyüdüyü üçün onun görməsi də aktiv şəkildə  dəyişir. Biz bu müddətdə proqnozlaşdıra bilirik. Məsələn, uşağın görməsi gələcəkdə 100 faiz olacaqmı, yaxud problem varsa, bu proses miopiya, astiqmatizmə doğru gedə biləcəkmi, bunu aydınlaşdırmaq mümkün olur. Ona görə də ilk iki il bizim üçün çox önəmli dövrdür”.

 

Q. Əliyeva bütün valideynləri diqqətli olmağa çağırıb: “Uşaq heç vaxt şikayət etmir ki, gözümdə problem var, görməm pisdir. Çünki görməsi zəif olan uşaq elə bilir ki, hamı onun kimi görür. Şikayətlər çox vaxt məktəb dövründə nəzərə çarpır. Dərs zamanı uşağın kitabı, lövhəni yaxşı görmədiyi, gözündə qırpma olduğu və sairə aşkarlanır.

Təbii ki, diqqətli valideynlər bunu məktəb dövrünə qədər sezə bilirlər”. 

 

Uşaqlarda yaranan çəpgözlüklər barədə danışan oftalmoloq deyib ki, 1, 2, 3 yaşında ortaya çıxan çəpgözlük əlamətlərinin görünməsi əslində çox yaxşı haldır:

 

"Çünki 2-3 yaşa qədər uşaqlarda çəpgözlüyün yaranması valideyn üçün əsas simptomdur. Bu, həkimə daha tez müraciət olunması üçün siqnaldır. Həm görmə, həm də digər xəstəliklərlə bağlı uşaqda yaranan çəpgözlük bizim üçün çox vacib əlamətdir. Çəpləşən göz zəif görən gözdür. Ona görə də zəifliyin səbəbini araşdırmaq lazımdır. Görmə zəifliyi olan gözə beyin nəzarətinin itməsi nəticəsində çəpləşmə yaranır.

Çəpgözlük müşahidə olunan kimi göz dibi müayinə olunmalıdır”.

 

Oftalmoloq vurğulayıb ki, çəpgözlük yaş dövründə əmələ gəlməsinə nisbətən və görməyə bağlı olaraq iki qrupa bölünür: “Xəstəlik əzələlərin defekti kimi özünü büruzə verə bilər. Bu zaman müalicə sadəcə, əməliyyat yolu ilə olur. Kosmetik defekti aradan qaldırmaqla görüntünü tamamilə bərpa eləmək mümkündür. 

 

İkinci növ isə görmə zəifliyindən yaranan çəplikdir. Hər hansı bir səbəbdən gözün birində görmə zəifliyi varsa, o göz beyin tərəfindən kontrolunu itirir. Beyin o gözü kontrol etmir, onu söndürür sanki. O biri göz ona daha çox informasiya verir və bu zaman həmin zəif görən göz çəpləşir.

 

Biz görməni yoxlayırıq, görmədə bir problem yoxdursa, göz arxası təmizdirsə, deməli, tənbəl gözlə rastlaşırıq. Yeddi yaşa qədər tənbəl göz problemini tamamilə aradan qaldırmaq mümkündür. 7 yaşdan sonra isə bizim ölkədə, eləcə də dünyanın heç yerində tənbəl gözü bərpa etmək demək olar ki, mümkün olmur. Yəni uşağın gözündə problem varsa və bu uzun müddət belə davam edirsə, bir müddət sonra göz sönür. Ona görə də müalicəni yedi yaşa qədər etmək lazımdır. Bununla bağlı müxtəlif üsullardan, eynəkdən, gözü bağlamadan, başqa prosedurlardan istifadə olunur”.

 

Oftalmoloq-cərrahın sözlərinə görə, bəzən çəpgözlük torlu qişada olan bədxassəli törəmə nəticəsində də yarana bilər. Ona görə də çəpgözlük müşahidə olunan kimi mütləq həkimə müraciət olunmalıdır və göz dibi müayinə edilməlidir:

“Bədxassəli problem nə qədər tez aşkarlansa, aparılan müalicənin nəticəsi bir o qədər  yaxşı olur. Görmə, həm də həyati, yaşam baxımından müsbət nəticələr qeydə alınır”...

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024