Region / Karusel (26-05-2014, 22:40)
“Vəhhabilərin Azərbaycandakı şəbəkəsi tapılıb” – İLHAM İSMAYIL
Bir müddət öncə Azərbaycandan Suriyaya gedib, həlak olanlar barəsində məsələ təhlükəli həddə çatmışdı. Dövlətin bu işə müdaxiləsindən sonra bu tendensiya müəyyən qədər səngidi. Bu gün isə yenidən ölüm xəbəri gəldi. Bu mövzu ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, ekspert İlham İsmayıl Hafta.az-a müsahibə verib.
- Türkiyənin baş naziri Ərdoğanın Azərbaycana səfərində Suriyaya gedənlərə qarşı birgə mübarizə aparılmasının razılaşdırıldığı haqda məlumatlar yayıldı. Bu səfərin problemin həllinə təsiri oldumu?
- O dövrdə Türkiyənin Bəşər Əsəd rejiminə olan münasibəti bəlli idi. Ona görə də təkcə azərbaycanlılar yox, dünyanın hər yerindən gəlib müxalifət tərəfdə iştirak edən şəxslər Türkiyədən sərbəst Suriyaya keçə bilirdilər. Azərbaycanda özəl xahiş, özəl diplomatik məsələlərlə bunun qarşısı alındı. Amma tam alınmadı. Çünki sərhədlərdə müəyyən boşluqlar var. Təkcə Suriyaya keçənlər yox, indi gələnlər var ki, onlar da Türkiyədən istifadə edir. Türkiyədən Suriyaya keçənləri səbəbsiz tutmaq olmaz. Amma informasiya verə bilərlər ki, filankəslər sərhəddi keçdi. Buna görə də son vaxtlar bir sıra dəstələr İrandan gedib-gəlməyə meyilləniblər. Amma döndükcə İran tərəfi özləri həmin şəxsləri cəzalandıra bilər. Sizin sözünüzü təsdiqləyirəm ki, Ərdoğanla anlaşmadan sonra bu məsələlər bir az səngidi. Amma nəzarətsiz buraxmaq olmaz. Onlar hər cür tapşırığı yerinə yetirməyə hazır olan şəxslərdir. Məncə, ora gedənlərdən daha çox, gələnlər nəzarət altında olmalıdır. Amma bunun kökünü tapmaq lazımdır. Burada olan şəbəkə bir az nəzarətə götürülüb. Amma sözün həqiqi mənasında bunların kökünü qazımaq lazımdır.
- Türkiyə və Azərbaycan təhlükəsizlik orqanlarının bu sahədə birgə əməkdaşlığı mümkündürmü?
- Türkiyə və Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları müstəqillik dövründən var. Maksimum şəkildə çalışırlar ki, bir-birilərinin xahişini yerinə yetirsinlər. Bu əməkdaşlıq yeni deyil. Göstəriş olduqda Azərbaycan üçün istisnalar da olur. Birgə əməliyyatlar nəticəsində bu kimi problemlərin qarşısı alınır.
- QMİ-nin vəhhabilərə qarşı, konkret bu sahədəki fəaliyyəti bu problemə müsbət təsirini verə bildimi?
- Qafqaz Müsəlmanları İdarəsinin bu işə xeyri dəyməyib. Əksinə, yaydıqları vəhhabi kitabım daha çox əks reaksiya doğurub. Vəhhabiliyin zərərləri haqda Azərbaycan dövlətçiliyi əleyhinə olan İran müştehidinin kitabını yayır. QMİ-də fəaliyyət göstərməyən, amma çox güclü alimləri var ki, onlardan istifadə etmək lazım idi. QMİ-nin maarifləndirmə fəaliyyəti hazırda tam qaneedici deyil. Buna görə də onların bu işə müsbət təsiri yoxdur.
- Suriyaya gedən şəxslərin buradakı əlaqələrini aşkarlamaq üçün ailələrini nəzarət altında saxlamaqla, Azərbaycandakı şəbəkənin tapılması mümkündürmü?
- Burada şəbəkə var. Hamımız da bilirik ki, mərkəz Sumqayıtdan idi. Məsələ burasındadır ki, ailələrin elə də çox günahı yoxdur. Çünki normal ailələrdə belə vəhhabilərin təsiri altına düşənlər olur. İstər ideoloji, istərsə də maddi nöqteyi-nəzərdən təsir altına düşənlər olur. Valideynlər var ki, təəssüf hissi ilə qarşılayırlar və övladlarını necə geri qaytaracaqlarını bilmirlər. Valideyni nəzarətə götürmək hüquqi baxımdan düzgün deyil. Vəhhabilər maksimum məxfiliyə riayət edən təşkilatdır. Əlaqələrin tapılması müşkül məsələdir. Əməliyyat yolu ilə isə bu məsələni istənilən variantda həll etmək mümkündür. Hesab edirəm ki, artıq həmin şəbəkə tapılıb. Sadəcə, əməli baxımdan gərək sübut olsun ki, onlara qarşı əməliyyat aparılıb.
- Vəhhabilərə qarşı əməliyyatlar onların aqressiv cavabı ilə, hansısa terakt törətmək cəhdləri ilə nəticələnə bilərmi?
- İdeologiyaya güc tətbiq edən əks reaksiya verir. Bu o demək deyil ki, gec heç tətbiq olunmamalıdır. Maarifləndirmə və güc tətbiqi paralel şəkildə aparılmalıdır. O adama güc tətbiq edilir ki, artıq müəyyən bir əməlin sahibidir və o əməl qanunaziddir. Əgər hələ qanun pozuntusu həddinə çatmayıbsa, o adam haqda maarifləndirmə xəttini götürmək lazımdır. Dövlətin göstərişi ilə bu işi həm Dini Komitə, həm də QMİ etməlidir.