Problem (5-04-2014, 17:13)
Sponsor, yoxsa ər?- Sorğu
Bəzi müğənnilərin, şou-biznes əhlinin ailə uğursuzluqları kimsəyə sirr deyil. Maraqlı odur ki, çox vaxt da həmin uğursuzluqlara müğənnilərə sponsorluq edən şəxslərin, iş adamlarının səbəb olması, hətta onları buna təhrik etməsi haqda söz-söhbət gəzir.
Doğrudanmı şou-biznes əhli sponsorunu ailədən üstün tutur?
“Mediatvşaz” xəbər verir ki, “Axar.az” bu sualla tanınmışlar arasında sorğu keçirib:
Xalqın gözü tərəzidir
Yaşar Cəlilova görə on nəfərin ailəsi varsa, on beş nəfərin sponsoru var:
“Fərqlidir, şou-biznesdə hər cür insana rast gəlmək mümkündür. Mən yeddi ildir ki, səhnədəyəm və bir çox halların şahidi olmuşam. On nəfərin ailəsi varsa, on beş nəfərin sponsoru var. Ad çəkmək istəmirəm, özləri bilirlər və xalqın gözü tərəzidir”.
Üstünlük pullu kişilərə verilir
“Əslində mən şou biznes barədə suallara cavab verə bilmirəm, çünki o insanlarla demək olar ki, münasibətim yoxdur. Amma kənardan belə təsəvvür yaranır ki, üstünlük daha pullu kişilərə verilir. Yəni ailə dəyərləri-filan bunlar qalıb kitablarda, filmlərdə. Şou biznes adamları da təəssüf ki, nə filmə baxırlar, nə də kitab oxuyurlar”, - bu sözləri isə sorğumuzu cavablandırarkən müğənni Qismət Məmmədzadə dedi.
Ad çəksəm, başımı yeyərlər
Tanınmış reper Ramil Nabran ad çəkməyin nə qədər təhlükəli olduğunu belə anlatdı:
“Yerli şou-biznes yox, yerli şouya oxşayan biznesdə daha çox sponsorlara üstünlük verirlər. Amma aralarında az da olsa, ailələrinə sadiq qalanlar da var. Durub ailəsinə sadiq qalanların adını çəksəm, o birilər məndən inciyəcəklər ki, demək, biz sponsoru ailəmizdən üstün tuturuq? Halbuki bəzi sponsorlar artıq ailə kimi olub. Ancaq inciməyin, kiminsə adını çəkə bilmərəm, çünki onlar həmin an başımı yeyə bilərlər”.
Hərə özünə cavabdehdir
Müğənni Rəvan Qarayev sponsorun, yoxsa ailənin üstünlüyü məsələsinə birtərəfli baxmağın tərəfdarı deyil: “Baxır kimin üçün. Əgər söhbət məndən gedirsə, mən əminliklə deyə bilərəm ki, mən ailəmi hər zaman hər bir şeydən üstün tutmuşam. Kimlərin sponsoru ailəsindən üstün tutmasına qalanda, o haqda danışmaq istəmirəm, hərə özünə cavabdehdir. Mən öz yerimə danışa bilərəm”.