Kriminal (6-08-2022, 10:00)
Bu şirkətin əməkdaşları Qubadlıda oğurluq edib
Qubadlıda oğurluq edən şirkət əməkdaşlarının məhkəmə prosesi başa çatıb
Mediatv.az-ın məlumatına görə, Qubadlı Rayon Məhkəməsinin hökmü ilə “Polad Yol Yapı Sənaye və Ticarət” şirkətinin əməkdaşları Azər Qulamovla (soyad şərtidir) Əmrah İbadova (soyad şərtidir) 1 il, 8 ay, 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
Qeyd edək ki, adıçəkilən şəxslər 2022-ci ilin fevral-mart ayları ərzində qabaqcadan əlbir olaraq Qubadlı rayonu, Muradxanlı kəndi ərazisində yerləşən elektrik xətlərini, həmin xətlərin dirəklərdə izolyasiya olunan hissələrindən mis və sərt poladı kəsərək talayıblar.
Əlbir olan həmyerlilər, ümumi dəyəri 9357,50 manat olan oğurladıqları elektrik xətlərini “Kamaz” markalı yük avtomobilində rayon ərazisindən çıxarmağa çalışarkən Balasoltanlı stasionar polis postunda saxlanılıb. Bundan sonra Qarabağ RETSİ-yə baş vermiş hadisə ilə bağlı məlumat verilib.
Məlum olub ki, təqsirləndirilən şəxslər bir ay müddətində həmin elektrik xətlərini kəsərək, elə kəsdikləri yerə yaxın olan yerlərdə gizlətməyi qərara alıblar. Onların yük maşınından çıxarmağa çalışdığı elektrik xətləri taladıqlarının bir qismi olub.
Məhkəmədə təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödədiyi bildirilib.
Qeyd edək ki, əslən Ağsudan olan Azər 10 ildir sözügedən şirkətdə işləyib, briqada rəhbəri olub. Əmrah isə həmyerlisi Azərin köməkliyi ilə şirkətə fəhlə kimi yeni işə düzəlib.
Əlavə edək ki, “Polad Yol Yapı Sənaye və Ticarət” şirkətinin Azərbaycan filialı 2007-ci ildən ölkəmizdə fəaliyyət göstərir. Şirkət əsasən yol tikintisi və təmiri, eyni zamanda su və kanalizasiya xətlərinin tikintisi layihələrini həyata keçirir.