Kriminal (21-12-2021, 16:36)
Baş Prokurorluq bu şəxslərə xəbərdarlıq etdi
Sosial mediada yazdıqları fikirlərə görə 4 vətəndaşa xəbərdarlıq olunub.
Baş Prokurorluqdan "Qafqazinfo"ya verilən məlumata görə, qərəzli məlumatların sensasiya naminə yayılmasına görə Abuşov Zamiq Hidayət oğlu, Mahmudov İlqar Mehman oğlu, İbrahimov Mehdi Nazim oğlu, Səfərsoy Rza Əli oğlu Baş Prokurorluğa dəvət edilərək hərəkətlərinin qanunsuz xarakteri diqqətlərinə çatdırılıb. Gələcəkdə barələrində daha ciddi tədbirlər görüləcəyi izah edilməklə onlara xəbərdarlıq edilib.Bundan başqa, media nümayəndəsi Məmmədov Səxavət Maqsud oğlunun fərdi sosial media hesabında ölkənin hərbi strukturlarının fəaliyyətinə dair yayımlanması qanunla qadağan edilən məlumatlar yerləşdirməsi faktına görə İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (İnternet informasiya ehtiyatında qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsi ilə icraat başlanmaqla, toplanmış materiallar məhkəməyə göndərilib. Xətai Rayon Məhkəməsinin qərarı ilə Səxavət Məmmədov barəsində 500 manat inzibati cərimə tənbehi tətbiq edilib.
Həmçinin, intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, onu əsaslandıran, təhrik edən, törədilməsi üsullarını izah edən məlumatların qanunsuz olaraq yayımlanmasına görə “olke.az”, “manevr.az” və digər internet informasiya ehtiyatları barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə icraat başlanmaqla Sumqayıt şəhər və Nərimanov rayon məhkəmələrinin qərarları ilə hər biri barəsində 1.500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq olunub.
Bundan əlavə, internet informasiya ehtiyatında intiharla bağlı qadağan edilmiş məlumatları yayması ilə əlaqədar Qusar rayonu,Yuxarı Zeyxur kənd orta məktəbinin direktoru Hikmət Camirzə oğlu Ağacanova xəbərdarlıq edilib.