Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Mediatv.az" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Vüqar Səfərlinin vəkilləri müdafiə çıxışı edərək müvəkkilləri barəsində bəraət çıxarılmasını xahiş ediblər. Vəkillər bildirib ki, Vüqar Səfərlinin 17 milyon manat mənimsədiyi qeyd olunub, "Portos" MMC-yə aid olan mənimsəmənin müdafiə etdikləri şəxsin adına yazılması düzgün deyil.

Daha sonra prosesdə təqsirləndirilən şəxs Nadir Məmmədovun vəkili Cavanşir Süleymanov müdafiə çıxışı edib. Vəkil bildirib ki, sözügedən cinayət işində əsas məsuliyyət Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun, onun oğlu Şamxal Həsənlinin və baldızı Gülər Vəliyevanın üzərinə düşür: "Mən onların məhkəməyə çağırılması üçün vəsatət verdim. Dəfələrlə məhkəmədə ifadə verməli olduqlarını bildirdim. Buna baxmayaraq, vəsatətim rədd edildi. Kim yeyibsə o, da gəlib ödəsin. Nadir Məmmədova gəlincə isə o dəymiş ziyanın 50 faizini ödəyib. İndi Əli Həsənov ödəyib ya oğlu ödəyib, onun bir fərqi yoxdur. Xahiş edirəm Nadir Məmmədova cəza təyin edərkən bunlar nəzərə alınsın".


Daha sonra təqsirləndirilən şəxslər Təmkin Xəlilov, Şahin İbrahimov, Ədalət Vəliyev, Təhminə Yaqubova son sözlə çıxış edərək məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş ediblər.

Vüqar Səfərli, Nadir Məmmədov, Bəxtiyar Fətullayev və Namiq Hacıyev isə son söz üçün məhkəmədən vaxt istəyiblər.

Proses dekabrın 21-də davam etdiriləcək.