Kriminal (11-09-2014, 20:00)
BDU-nun müəllimi həbs olundu
Bakı şəhər sakinindən övladını ali məktəbə qəbul etdirmək adı ilə pul tələb edən şəxsin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
"Qafqazinfo"ya Baş Prokurorluqdan daxil olan məlumata görə, özünü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əməkdaşı kimi təqdim edən Bakı Dövlət Universitetində saat hesabı ilə müəllim işləyən Kamran Əsədov qəbul imtahanlarında lazımı bal toplamayaraq ikinci tura qalmış Bakı şəhər sakininin övladını Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul etdirməyi vəd edərək ondan 3000 manat pul tələb etmiş və həmin puldan ilkin olaraq 500 manat alıb. Bundan sonra abituriyent ikinci turda topladığı bal hesabına obyektiv meyarlarla ali təhsil müəssisəsinə qəbul olunmasına baxmayaraq K.Əsədov guya qəbula kömək etdiyini təkid etməklə həmin şəxsdən 2 min 500 manat məbləğində pulu tələb edib alarkən əməliyyat tədbirləri zamanı cinayət başında yaxalanıb.
Baxış zamanı K.Əsədovun üstündən 2 min 500 manat məbləğində nağd pul aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanmış və K.Əsədov Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.