Kriminal (30-10-2018, 17:00)
Bakıda 19 nəfərdən rüşvət alan bağça müdiri və müavini MƏHKƏMƏ ÖNÜNDƏ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma və dələduzluqda təqsirləndirilən "Safay" uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Mediatv.az report-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən T.Bağırovanın məhkəməyə gəlmədiyi elan olunub.
Daha sonra o, məhkəməyə gəlib.
Hakim T.Bağırovaya xəbərdarlıq edib.
T.Bağırova isə məhkəmə iclasının vaxtını unutduğunu bildirib.
Prosesdə zərərçəkmişlər mülki iddialarını məhkəməyə təqdim ediblər.
Onlar qeyd ediblər ki, 2000-3500 manat pulu bağçaya müəllim kimi düzəlmək üçün T.Bağırova ilə A.Əliyevaya verib.
A.Əliyeva isə zərərçəkmişlərin bir neçəsindən pul aldığını təsdiqləyib. Bildirib ki, həmin pulları T.Bağırovaya verib.
Məhkəmənin hazırlıq iclası noyabrın 5-də davam etdiriləcək.
İttiham aktına əsasən, Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən "Safay" uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1; 178.2.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Barəsində həbs qətimkan tədbiri seçilmiş A.Əliyeva bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsində dövlət qulluqçusu vəzifəsində çalışıb. A.Əliyev isə sabiq polis əməkdaşı olduğunu deyib.