Kriminal (27-09-2018, 17:30)
Bakıda işə düzəltmək adı ilə dələduzluq edən hindlilərə cəza verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və qanunsuz miqrasiya təşkilində təqsirləndirilən Hindistan vətəndaşları Mohammad Shakir, Alimuddin Shaikh, SK Allarakha və Pakistan İslam Respublikasının vətəndaşı Sajid Frazın məhkəməsi başa çatıb.
Mediatv.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, M.Shakir 10 il, Alimuddin Shaikh, SK Allarakhanın hər biri doqquz il, Sajid Fraz isə səkkiz il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmənin hökmü ilə həmin şəxslər əsas cəzanı çəkdikdən sonra məcburi qaydada Azərbaycandan çıxarılacaqlar.
İstintaqla müəyyən edilib ki‚ Hindistan vətəndaşı Mohamed Shakir 12 oktyabr 2017-ci ildən Bakı şəhərinə gəlib məskunlaşdıqdan sonra xarici ölkələrdə işləmək niyyətində olan Hindistan vətəndaşlarının pul vəsaitlərini ələ keçirmək məqsədilə 2017-ci ilin oktyabr ayından 2018-ci ilin yanvarınadək olan dövrdə SK Allarakha, Alimuddin Shaikh, Sajid Frazdan ibarət mütəşəkkil dəstə yaradıb.
Hindistanda fəaliyyət göstərən konsaltinq şirkətləri vasitəsilə Azərbaycan Neft Sənayesi müəssisələrində yüksək əməkhaqqı vəd edilən iş yerlərinə işçi axtarılması, həmçinin ali tədris müəssisələrində təhsil almaq imkanları barədə təbliğat işləri aparıblar.
Hindistan vətəndaşlarının konsaltinq şirkətlərə ödədikləri 1200-4600 dollar məbləğində pulların bir hissəsi Mohammed Shakirin bank hesabına köçürüldükdən sonra elektron turist vizası və aviobiletlərlə təmin olunaraq həmin şəxslərin Bakıya gəlməsi təşkil olunub.
Hava limanında zərərçəkmişləri dəstənin digər üzvləri qarşılayıblar və Sabunçu rayonunun Maştağa, Ramana və Balaxanı qəsəbələrindəki fərdi yaşayış evlərinə aparılıblar.
Daha sonra isə onlara verilən vəd puç çıxıb və heç biri işlə təmin olunmayıb. Azərbaycanda qalmaq üçün vizanın müddəti bitdiyinə görə də onlar gizli yaşamalı olublar.