Kriminal (27-09-2018, 11:35)
Prokuror keçmiş bank sədrinin cəzasının artırılmasını istəyir
Külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən “AtraBank” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri olmuş Elmixan Nəbiyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti və protesti üzrə məhkəmə prosesi başlayıb.
Mediatv.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Sonra təqsirləndirilən şəxsin apellyasiya şikayətinin dəlilləri müəyyən edilib. Həmçinin prokuror tərəfindən təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılması barədə verdiyi apellyasiya protesti müəyyən olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elmixan Nəbiyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Bu hökmdən narazı qalan Elmixan Nəbiyev apellyasiya şikayəti verib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Həmçinin prokuror tərəfindən apellyasiya protesti verilib. O, Elmixan Nəbiyevin barəsində ağır cəza təyin olunmasını tələb edib.
İstintaq zamanı Elmixan Nəbiyevin “AtraBank” ASC İdarə Heyətinin sədri işləyərkən bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq üçün özünün iştirakı ilə yaradılmış və yaxın münasibətlərdə olduğu ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirilmiş formal, heç bir fəaliyyəti olmayan özəl müəssisələr təşkil edib, faktiki mövcud olmayan maliyyə vəsaitləri üzrə onların adlarına ümumilikdə 8 milyon 405 min manat məbləğində qanunsuz kreditlər rəsmiləşdirib.
Daha sonra rəhbərlik etdiyi bankın tələb olunan formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaradıb, eyni zamanda, ayrı-ayrı fiziki şəxslərin adlarına ümumilikdə 809 min manat kredit rəsmiləşdirərək mənimsəyib.