Kriminal (30-03-2018, 11:09)
Külli miqdarda pul oğurlayan dəstə üzvlərinə cəza istənilib
Bakı Ağır Cinayətlər Məhkəməsində Turab Nağıyev, Şahmar Nağıyev və Altay Əliyevin Cinayət Məcəlləsinin 144.2.1 (adam oğurluğu, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Mediatv.az-ın məlumatına görə, ittiham aktına əsasən, təqsirləndirilən şəxs - Şahmar Nağıyev digər şəxslərlə birlikdə, qohumu Pərviz Quliyevin dostları ilə 2016-cı ilin yanvarında “Odlar Yurdu” Universitetindən külli miqdarda pul oğurlamasını öyrənib.
Oğurluq zamanı əldə olunmuş pullardan faydalanmaq məqsədilə o, Quliyevə zəng edərək, bu barədə məlumatlı olduqlarını və polisə xəbər verməmək üçün onlarla da pulu bölüşməsini istəyib.
Sonuncu onun xahişini rədd edib. Buna görə qabaqcadan əlbir olan şəxslər martın 13-də kafedən çıxan Pərvizin qabağını kəsib, zor tətbiq etməklə, onu Altay Əliyevin idarə etdiyi avtomobilə əyləşdiriblər. Onu başqa kafeyə apararaq, orada döyüb, əldə etdiyi puldan onlara da verməsini tələb ediblər. Bu yolla təqsirləndirilən şəxslər zərərçəkmişdən 18.000 manat pul alıblar.
Keçirilən prosesdə çıxış edən dövlət ittihamçısı T.Nağıyevə 12, A.Əliyevə 11 və Ş.Nağıyevə 10 il cəza təyin edilməsini xahiş edib.
Qeyd edək ki, ötən proseslərin birində zərərçəkmiş qismində dindirilmiş Pərviz Quliyev bildirib ki, təqsirləndirilən şəxslər onu oğurlamayıblar və o, ittiham aktına yazılanlarla razı deyil.
Növbəti iclas aprelin 3-nə təyin edilib.
Xatırladaq ki, ötən ilin mart ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə universitetinin prorektoru M.Vəliyevin iş otağından içərisində 429.722 manat olan seyfi oğurlayan Vüqar Vəliyev 10 il 6 ay, Ramin Abbasov, Pərviz Quliyev, Həzrət Məmmədov 9 il və Sübhan Ələkbərov 7 il müddətinə azadlıqdan məhrum olunublar.