Kriminal (22-01-2018, 13:00)
Bakıda azyaşlı qızı zorlayan qohum tutuldu – RƏSMİ
Bakı şəhər sakini, azyaşlı Lalə Qafarovaya (ad, soyad şərtidir) qarşı qohumu, 1993-cü il təvəllüdlü Babayev Ruslan Rafael oğlu tərəfindən dəfələrlə seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktına görə yanvarın 19-da Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Mediatv.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidməti birgə məlumat yayıb.
İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
Binəqədi rayon polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində R.Babayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, barəsində rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.