Kriminal (14-09-2017, 21:00)
Sumqayıtda dava: Qonşular silaha əl atdılar
Sumqayıtda qonşular arasında dava olub, onlardan biri digərinin evinə gələrək, üstünə silah çəkib.
Mediatv.az ARB TV-yə istinadən xəbər verir ki, sentyabrın 11-də Sumqayıt şəhəri ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfərin xuliqanlıq zəminində şəhər sakini Mirmehdi Cəfərovu döyüb xəsarət yetirdikləri, daha sonra isə onun evinə hücum edərək, tapança ilə hədələdikləri barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub.
Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin şəhər sakinləri Anar Tağızadə və Qabil Əliyev tərəfindən törədildiyi müəyyən edilib və həmin şəxslər saxlanılaraq, istintaqa cəlb olunub.
Anar Tağızadə ilkin ifadəsi zamanı zərərçəkən şəxsin onun ailə üzvlərindən birinin ünvanına nalayiq ifadələr işlətdiyini və bu səbəbdən də onu tanışı Qabil Əliyevlə birlikdə döydüyünü etiraf edib.
Anar Tağızadə (saxlanılan şəxs): “Onu dəfələrlərlə vurdum, sonra əlimdən alıb apardılar. Sonra eşitdim ki, bu, ailə üzvlərimi təhqir də edib. Getdim evlərinə, evlərini tanımırdım, soruşdum. Bunu görən kimi daha da əsəbiləşdim. Özümü ələ ala bilmədim, avtomaşındakı silahı götürdüm. Qaçıb evlərinin qapısını yumruqladım. Çatan kimi bunu yumruqla vurdum”.
Anar Tağızadənin idarə etdiyi avtomobilə baxış zamanı hadisəni törədərkən istifadə etdiyi 1 ədəd pnevmatik, həmçinin əlavə olaraq 1 ədəd idman tapançası aşkar olunaraq götürülüb.
Qeyd edilən faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.