Kriminal (5-08-2017, 14:49)
Bakıda daha bir mənzil fırıldağı - QALMAQAL
«Dedilər, bina bir neçə aya hazır olacaq. Mənzilin pulunu ödədim, sənədləşmə bitdi, bütün sənədlər məndə, bina deyiləndən çox gec hazır oldu. Hazır olandan sonra getdim, mənzilimə baxdım, bəyəndim, təmir xərclərini hesabladım. Bu yaxınlarda gedirəm, görürəm evdə başqa adam var. Deyirəm, «sən kimsən?» Deyir, «mən bu evin sahibi. Bəs sən kimsən?»». Famil Tarquluyev 65 min manat nağd ödəniş edərək Bakı şəhəri, Səttar Bəhlulzadə küçəsində tikilməkdə olan 14-mərtəbəli binanın 13-cü mərtəbəsindən mənzil alıb. Deməsinə görə, hələ tikilməkdə olan binadakı mənzillərin satışı ilə binanı inşa edən Zəfər adlı şəxs məşğul olub. Pulu da ona ödəyib əvəzində mənzilin ona satılması və dəyərinin tam ödənilməsi barədə möhürlü sənəd alıb.
Mənzil hazır olandan sonra təmirə başlamaq istəyəndə F.Tarquluyevə məlum olub ki, mənzil başqasına satılıb. O gün - bu gün, mənzilin köhnə sahibi yenisi ilə «vur-çatlasındadır»: «Kvadratı 500 manatdan ümumi sahəsi 130 kvadrat olan mənzil almışam. Məni evi sonradan satdıqları adamla üz-üzə qoyublar. Mənzilimə yaxın düşə bilmirəm. Mənə deyirlər, «bizim sən ad-soyadda müştərimiz olmayıb». Halbuki, sənədləri də təqdim edirəm, heç baxmaq da istəmirlər. Bu boyda dərəbəyilik olar? Mən bunlara 65 min manat ödəmişəm, əlimdə qəbzim, sənədim... Deyir, «möhürü mən vurmamışam». Sən vurmasan da, sənin şirkətinin möhürüdür, işçin vurub. Yenə də məsuliyyəti sən daşıyırsan, ay şirkətin sahibi... Elə möhürü ver işçinə, qarşısına çıxandan pul alsın, möhür vursun, sonra da de ki, xəbərim yoxdur, mənlik deyil...».
Binanı inşa edən şirkətdən isə bildirib ki, F.Tarquluyevin iddiaları əsassızdır. Çünki onun müraciətindən sonra araşdırma aparılıb və adı-soyadı ilə mənzil çıxmayıb: «Deyir, pulu şirkətin Zəfər adlı işçisinə verib. Getsin, Zəfərdən də tələb etsin. Onun əlindəki sənədlər də saxtadır. Bizim tikdiyimiz binadan Famil Tarquluyev adında adam ev almayıb».