Gəncə şəhərində şirkətdən içərisi pulla dolu seyfi oğurlayan şəxslər saxlanılıb.
Mediatv.az xəbər verir ki, bu, sentyabrın 29-u gecə saatlarında Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının birgə apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində mümkün olub.
Gəncə şəhər Üzeyir Hacıbəyli küçəsində yerləşən şirkətin ofisindən içərisi pulla dolu seyfi oğurlayan şəxslər - Naxçıvan şəhər sakinləri - 1992-ci il təvəllüdlü Asif Əliyev və onun əmisi oğlu və həmyaşıdı Vasif Əliyev Bakı şəhərində saxlanılaraq istintaqa cəlb ediliblər. Onlardan oğurladıqları seyf və 39 min 400 AZN və 5 min 700 ABŞ dollar pul gizlətdikləri yerdən maddi sübut kimi aşkarlanaraq götürülüb.
Qeyd edək ki, ofisin gözətçisini döyüb, daha sonra oradan seyfi oğurlayanlardan biri olan Asif Əliyev şirkətin Gəncə nümayəndəliyinin rəhbəri Azər Əliyevin öz oğludur, digəri, Vasif Əliyev isə onun qardaşı oğludur.
Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsindən verilən məlumata görə, saxlanılan hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma davam etdirilir. (“Report”)