Balakən rayon sakininin yaşadığı evin həyətyanı sahəsində küllü miqdarda narkotik tərkibli bitki aşkarlanıb.
Mediatv.az xəbər verir ki, Balakən Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, RPŞ-nin axtarış-əməliyyat qrupunu əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin əkib-becərməsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.
Daxil olmuş məlumat əsasında rayonun Qullar kənd sakini, 1976-cı il təvəllüdlü Ruslan Abdulla oğlu Ağcayevin yaşadığı evdə və evin həyətyanı sahəsində əməliyyat-axtarış tədbiri keçirilib. Nəticədə evin həyətyanı sahəsinin meyvə-tərəvəz əkilən hissəsindən kultivasiya üsulu ilə əkilib aqrotexniki qaydada qulluq edilən, hündürlüyü 81 sm-dən 4 m-ə qədər olmaqla, ümumi sayı 154 ədəd olan 208 kq narkotik tərkibli bitki hesab edilən çətənə kolları hal şahidlərinin iştirakı ilə ərazidən yığılaraq maddi sübut kimi istintaqa təhvil verilib. Əməliyyatın davamı olaraq həyətdəki digər yeni tikilən evin otağından isə iki sellofan torbada ümumi çəkisi 2 kq 637 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana götürülüb. R. Ağcayev tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Balakən RPŞ-də R. Ağcayev barəsində CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.