Bu gün Azərbaycan Beynəlxalq Bankının sabiq başçısı Cahangir Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mediatv.az bildirir ki, Virtualaz.org-un xesusi müxbiri məhkəmə zalından xəbər verir ki, prosesdə vəkil Fəxrdəddin Mehdiyev vəsatətlərlə çıxış edib. İlkin vəsatət “Beynəlxalq Bank”ın layihələri ilə bağlı girov sazişlərinin bankdan alınaraq məhkəməyə təqdim edilməsi ilə əlaqədar olub: “Beynəlxalq Bankla” bağlı 2008-2014-cü illərdə Vergilər nazilriyində cinayət işi açılıb, yoxlamalar aparılıb. Yoxlamalardan sonra cinayət işinə xitam verilib. Bu işin açarı həmin qərardan asılıdır. Cinayət işində kreditlərin xərclənməsinə və digər işlərə hüquqi qiymət verilib. Həmin xitam qərarının Baş Prokurorluqdan alınaraq cinayət işinə əlavə edilməsini xahiş edirik”.
Vəkil “Beynəlxalq Bank”ın illik maliyyə hesabatlarına dair məlumatların internet resurslarından çıxarıldığını, 2013-2015-ci illərə aid illik maliyyə hesabatlarını, həmçinin beynəlxalq audit təşkilatlarının həmin illlər üçün verdikləri rəylərinin alınaraq məhkəməyə təqdim edilməsini istəyib.
Növbəti vəsatət “Beynəlxalq Bank”la “Aqrarkredit” QSC arasında imzalanmış sənədlərin məhkəməyə təqdim edilməsi ilə bağlı olub.
Hakim vəsatətlərin şahidlərin dinidirilməsi başa çatandan sonra müzakirə ediləcəyini bildirib.
Şahid qismində dindirilən Zahid Bağırov ifadəsində “İntertekstil”də işlədiyini, rəhbərlikdən ona baş ofisə gedərək sənədlərə qol çəkmək tapışırıldığını göstərib: “Rayonda idim. Şəhərə gəldim, bir maşınla apardılar məni həmin yerə. İşlə bağlı sənədlərə qol çəkdiyimi düşünürdüm. Orada cəmi 6 ay işləmişəm, 250 manat məvacib alırdım. Xəstə olduğuma görə işdən çıxdım, ürəkkeçməm vardı. Heç bir şeydən xəbərim olmayıb”.
Dövlət ittihamçısının “sizin adınıza 15 milyon dollar pul yazılıb, xəbəriniz varmı?” sualına şahid “kənddən gəlib burada atamın yanında fəhlə işləyirdim, xəstə olduğuma görə çox işləyə bilmədim. Adıma olan pulun məbləğindən xəbərim olmayıb. Dedilər qol çək, mən də çəkdim”.
Şahid tərəflərin suallarını cavablandırarkən rəhbərliyin kimliyi ilə bağlı belə cavab verib: “Kİm olduğunu dəqiq bilmirəm. Dünyamin Xəlilovun adını çəkirdilər. Qol çəkməklə bağlı tapşırığı isə şirkətin müdiri olan Şakir Xəlilov verib”.
Şahid qismində Azad Cavadovun bacanağı Samir Əliyev ifadə verib: “Azad Cavadov sənədlərin imzalanması üçün banka getməyimi bildirdi, zavod üçün kredit götürüləcəkdi. Məbləğ 780 min 700 manat idi”.
Dövlət ittihamçısı bildirib ki, kredit müqaviləsində kreditin təyinatı mənzil təmiri üçün göstərilib. S.Əliyev isə bundan xəbəri olmadığını və həmin məbləği müəssisənin borclarının ödənilməsi üçün alınmasından xəbərdar olduğunu söyləyib.
Dövlət ittihamçısı həmin kredit üzrə 708 min əsas, 92 min isə faiz borc faizi olduğunu şahidə bildirib.
Azad Cavadocun dostu Emil Nəbiyev də oxşar ifadə verib. O da deyib ki, Azad Cavadovun tapşırığı ilə adına 790 min kredit götürülüb. Dövlət ittihamçısı “kreditin Lənkəranda istirahət mərkəzinin tikilməsi məqsədi ilə götürüldüyü qeyd edilib, bundan xəbəriniz varmı?”sualına şahid xəbərsiz olduğunu deyib.
Azad Cavadovun dostu Rasim Mehdiyev şahid qismində dindirilərkən ifadəsində Bakı Fındıq Emalı Zavodunun maliyyə problemlərinin həlli üçün kredit müqaviləsinə, 750 min manatlıq kreditə qol çəkdiyini bildirib: “Azad həbsdən çıxandan sonra bizi yığıb dedi ki, zavodun maliyyə problemləri var. Beynəlxalq Bankın Sabunçu filialına gedib qol çəkərsinizx, sizlik heç nə yoxdur. Biz də qol çəkdik”.
Dövlət ittihamçısı: “Həmin kreditin Qubanın Qəçrəş kəndində istirahət zonasının tikilməsi məqsədi ilə götürülüb. Kredit müqaviləsində şərt belə göstərilib. Bilirdinizmi?”
Şahid bundan xəbəri olmadığını bildirib. Dövlət ittihamçısı şahidə banka 677 min borcu olduğunu bildirdi.
Daha sonra prosesdə Azad Cavadovun keçmiş həyat yoldaşı Nailə Həsənova ifadə verib. O, A.Cavadovun 2011-ci ildə ona zəng edərək Beynəlxalq Bankın “Nərimanov” filialında sənədlərə qol çəkməsini xahiş etdiyini göstərib: “Kreditin məbləği isə 750 min manat idi. Həmin kreditlə bağlı bankdan mənə heç vaxt zəng edilməyib”.
Dövlət ittihamçısı şahidə 677 min əsas borc, 88 min isə fazi borcu qaldığını xatırladıb.
“İnter Security” şirkətinin baş direktorunun müavini Şakir Məmmədov ifadəsində 2014-cü ildə şirkətin mühafizəçilərinin ona yaxınlaşaraq kredit götürən zaman problemlə üzləşdiklərini deyiblər. Onlar Ş.Məmmədova deyiblər ki, banklardan kredit götürmək istəyərkən öz adlarına külli miqdarda kredit borcu olduğunu öyrəniblər. O da bu barədə İbrahim Hüseynova məlumat verdiyini deyib.
Şirkətin digər direktor müavini Valid Abdullayev ifadəsində mühafizəçilərin onun tərəfindən banklara yönləndirildiyini təsdiqləyib və bunu şirkətin direktoru İbrahim Hüseynovun göstərişi ilə etdiyini bildirib.
Şirkətin digər əməkdaşları Zaur Hüseynov, Şaiq Mahmudov, Xaqani Axundov, Anar Babayev, Rasim Hacıyev, Müşviq Mahmudov da rəhbərliyin tapşırığına əsasən kredit müqavilələrinə imza atdıqlarını və bunun qarşılığında pul almadıqlarını deyiblər.
Şahid qismində dindirilən Nəbiyev ifadəsində sənədlərə qol çəksə də, bunun kredit müqaviləsi olduğundan xəbərsiz olduğunu göstərib: “Öz adıma 4 min manat kredit götürmək istəyən zaman bankdan dedilər ki, sənin adına 1 milyon 250 min manat kredit var”.
Fasilədən sonra prosesdə Beynəlxalq Bankın “Nərimanov” filialının baş xəzinədarı İradə Cəfərova ifadə verib.
O, ifadəsində bildirib ki, şirkət əməkdaşları kredit sənədlərinə imza atırdı, pulları da Baş İdarədən – Beynəlxalq Bankdan götürüb verirdik.
Dövlət ittihamçısının "pulları imza atan şəxslər götürürdü?" sualını şahid "bəli" deyə cavablandırıb.