Bakı Apellyasiya Məhkəməsində oğurluq, cibgirlik və narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən 62 yaşlı Rəhilə İsmayılova, 64 yaşlı Məleykə Şamilova, 46 yaşlı Mətanət Şamilova, 43 yaşlı Natəvan Şamilova və 22 yaşlı Məcid Şamilovun apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.
Mediatv.az xəbər verir ki, Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim İlqar Murquzov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı aprelin 28-ə təyin edilib.
Qeyd edək ki, Sumqayıt şəhər sakini, 1954-cü il təvəllüdlü Rəhilə İsmayılova Sumqayıt və Bakıda çoxsaylı oğurluq və cibgirlik əməlləri törətməkdə təqsirli bilinir.
R.İsmayılova sonuncu dəfə 2012-ci ildə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. O, 2014-cü ilin may ayında azadlığa buraxılıb. Amma cəmi 3 ay azadlıqda qala bilib.
R.İsmayılova “oğru” aləmində “Qara Rahilə” kimi tanınır. R.İsmayılova əvvəllər də cibgirlik və narkotik maddə saxlamaqda ittiham olunaraq 10 dəfədən artıq məhkumluq həyatı yaşayıb.
“Qara Rəhilə” və onunla birgə həbs olunan şəxslərin əməllərindən zərər çəkənlərin sayı 15 nəfərdir.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq), 234 (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi), 180 (soyğunçuluq) və 326-cı (rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə) maddələri ilə ittiham olunublar.
M.Şamilova ilə N.Şamilova Məleykə Şamilovanın gəlini, M.Şamilov onun nəvəsidir. R.İsmayılova isə M.Şamilova ilə qudadır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.İsmayılova 4 il, M.Şamilov 4 il 4 ay, Məleykə Şamilova 6 il, N.Şamilova 7 il müddətinə azadlıdan məhrum edilib.
Azadlıqda olan N.Şamilova məhkəmə zalında həbs edilib. Həbsdə olan Mətanət Şamilova isə azadlığa buraxılıb. O, 2 min manat cərimə olunub.
Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləri veriblər.